Tikinti bazarında canlanma müşahidə olunur
Dünya bazarında neftin qiymətindəki artım, tikinti mövsümünün başlaması tikinti materiallarının qiymətlərindəki artıma səbəb olub. Qiyməti artan məhsullar arasında yerli istehsal məhsulları ilə yanaşı, idxal məhsullarına da rast gəlinib. May ayında əvvəlki aylarda istehsalı dayandırılan armaturun istehsalının bərpa olunmasına baxmayaraq, bu, qiyməti artan məhsullar arasındadır. Metal və metal məmulatlarının, eyni zamanda, ağac məmulatlarının qiymətləri may ayında artımla müşahidə olunub.
Tikinti bazarında canlanmanın olduğunu qeyd edən iqtisadçı ekspert Vüsal Qasımlı bizimlə söhbətində bildirib ki, bu sektorda yaranan hərəkətlilik yüksək mərtəbəli binalarda deyil daha çox fərdi evlərin tikintisində müşahidə olunur. Araşdırmalar onu göstərir ki, Bakıda 450 yeni hündürmərtəbəli binanın tikintisi davam etdirilir və heç bir artım yoxdur. Fərdi evlərin tikintisinə başlanılması, mənzillərdə təmir işlərinin aparılması da inşaat materiallarının bahalaşmasında səbəblərdən biridir. Dünya bazarında neftin bahalaşması da ölkəmizə idxal olunan tikinti materiallarının qiymətlərinin qalxmasında əsas səbəblərdən biridir. Azərbaycanda ipoteka kreditlərinin verilməsi ilə bağlı ərizələrin qəbulu və bu istiqmətdə fəaliyyətin aktivləşməsi tikinti bazarına öz təsirini göstərir.
V.Qasımlı bahalaşmanın başqa bir səbəbinin də xarijdə yaşayan azərbaycanlılarla bağlı olduğunu blidirib. Onun sözlərinə görə, həmvətənlərimiz daha çox yay aylarında vətənə qayıdırlar və bir çoxları da mənzil almaq haqqında fikirləşirlər.
Ümumiyyətlə, sadalanan bütün səbəblər tikinti bazarında canlanma yaradıb, eyni zamanda, inşaat materiallarının bahalaşmasına səbəb olub. Bu da tikinti bazarında sürətlə düşən mənzil qiymətlərində müəyyən stabillik yaradıb.