PDF Oxu

İqtisadiyyat

  • 12

Transxəzər layihəsi reallaşmaq üzrədir

Transxəzər layihəsi reallaşmaq üzrədir
Dünyada enerji probleminin yenidən kəskinləşməsi və neft-qaz bazarında baş verən proseslər Xəzər və Orta Asiya qazının Avropaya nəqlini yenidən aktuallaşdırıb. Bu konteksdə ən aktual məsələlərdən biri də çoxdandır reallaşmasını gözləyən Transxəzər layihəsidir. Bu layihə Avropanın qaz təminatında mühüm roy oynaya bilər və Köhnə Dünyanın Rusiyanın enerji asılılığını azalda bilər.
Enerji məsələsində artıq Avropanın və ixracatçı ölkələrin daha faəl hərəkət etməsinin konturları müşahidə edilir. Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına 2009-cu ilin ikinci yarısında başlana bilər. Bu barədə APA-nın Mərkəzi Asiya bürosuna açıqlamasında Qazaxıstanın "KazMunayQaz" Milli Şirkəti" ASC-nin prezidenti Kayırgəldi Kabıldin məlumat verib.
K.Kabildin Qazaxıstan tərəfinin artıq Eskene-Kurık neft kəməri üzrə TİƏ-nin hazırlığını başa çatdırdığını qeyd edib. Tədqiqatlar yekunlaşandan sonra, nəticələr layihə-smeta sənədlərinin hazırlanması üçün "Transxəzər-KMQ" şirkətinə veriləcək.
Eskene-Kurık neft kəməri tikiləndən sonra Kurık qəsəbəsindəki sahilyanı ərazidə və Azərbaycanda yeni neft terminalının tikilməsi, neftin və neft məhsullarının Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınması üçün tanker donanması və buna müvafiq infrastrukturun yaradılması planlaşdırılır.
Üç il əvvəl "Transxəzər" layihəsinin həyata keçirilməsi üçün Qazaxıstan və Azərbaycan prezidentləri tərəfindən sənədin imzalandığını xatırladan şirkət rəhbəri müqavilənin şərtlərinin inkişafı üçün "KazMunayQaz" və ARDNŞ arasında bir neçə memorandumun imzalandığını diqqətə çatdırıb.
İmzalanan sənədlərdə hər iki tərəfin neft və qazın çıxarılması, neft kimyası, nəqli, neft emalı və Qazaxıstanın enerji ehtiyatlarının daşınması məsələləri əksini tapıb. K.Kabıldin 2008-ci ildə "KazMunayQaz" ilə ARDNŞ arasında imzalanmış sazişdə birgə layihənin maliyyələşdirilməsi, tarif xərcləri və mərhələlərin əks olunduğunu vurğulayıb: "Bu gün bizim şirkətlər bu birgə sənədlərin həyata keçirilməsi sahəsində görüşlər və real işlər aparmaqdadır. Öz növbəsində hər iki tərəf Transxəzər layihəsinin reallaşması üçün beynəlxalq neft şirkətləri ilə danışıqlar aparır. Layihənin həyata keçirilməsində hər iki şirkət eyni hüquqa malikdir".
K.Kabıldin Qazaxıstanın neft-qaz sahəsində mütəxəssislərinin hazırlanması üçün Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu da qeyd edib.
Transxəzər layihəsi Qazaxıstan Rusiya və Çin yolundan başqa neftin nəqlinə dair 3-cü variantdır. Qazaxıstanda neft hasilatının həcminin artması 2015-ci ilədək bu yoldan də istifadəni zəruri edir. BTC kəmərinə ildə maksimum 25 milyon ton neft vurulması nəzərdə tutulur. İlkin mərhələdə 7,5 milyon ton neft nəqli planlaşdırılır.
Rəsmi Astana Qərbyönümlü bu layihəyə qoşulmaq məsələsində Rusiyadan çəkinirdi. Amma ötən dövrdə Azərbaycan regionda uğurlu neft siyasəti həyata keçirərək, bütün siyasi və iqtisadi (xüsusən maliyyə) maneələri dəf edərək layihələri reallığa çevirdi.
Vaxtilə BTC-yə bir xülya kimi yanaşanlar başqa həqiqətlərlə qarşılaşıblar. Hətta uzun müddət tərəddüd içində olan Qazaxıstan 2006-cı ildə BCT-yə qoşulmaq barədə rəsmi qərar verdi.
Həm Qazaxıstan, həm də Azərbaycan bu ideyanı dəstəkləyirlər. Hələlik yaxın gələcəkdə qazax nefti Bakıya tankerlərlə daşınacaq və BTC-yə vurulacaq. Həmçinin Aktau-Bakı sisteminin yaradılması məqsədilə Kurık limanında neftin saxlanılması və daşınması üçün yeni terminalın tikintisi nəzərdə tutulur.
Qazaxıstan özü də hətta Rusiyanın xoşuna gəlməsə belə, BTC layihəsinə qoşulmağa məcburdur. Çünki yaxında illik neft hasilatını 100 milyon tona çatdıracaq rəsmi Astanaya başqa marşurutlar, o cümlədən Rusiya ərazisindən ixrac sərfəli olmayacaq.
Bu halda ixrac neftinin həcmi artacaq və Rusiyanın Novorossiysk limanına göndərilən həmin qazax neftini Türkiyə Bosfor boğazından buraxmaya bilər. Ankara burada ekoloji təhlükəni minimuma endirmək üçün həmin boğazdan buraxılan gündəlik neftin həcmini artırmaq deyil, əksinə azaltmaq fikrindədir.
ABŞ hökuməti də dəfələrlə bəyan edib ki, Qazaxstanın məhz Bakı-Ceyhana qoşulmasını dəstəkləyir. Bu amil də Astananı BTC kəmərindən yararlanmağa sövq edir. Qazaxıstanın öz neftini Azərbaycan vasitəsilə ötürməsi isə Bakı-Ceyhan kəmərini daha effektli edəcək.
Əgər yaxın gələcəkdə Azərbaycan özü ildə 50 milyon ton neft çıxararaq Bakı-Ceyhanı neftlə doldursa belə, qazax neftini həmin marşurutla ixrac etmək mümkündür. Belə ki, bu halda kəmərin genişləndirilməsi və ikinci bir boru xəttinin çəkilməsi mümkündür.
İstənilən halda Azərbaycan həyata keçirdiyi ixrac siyasətində düzgün yoldadır və onun layihələri qətiyyən Orta Asiyanın enerji resurslarının hansı yolla bazara çıxarılmasından asılı deyil. Əksinə, Qərb yönümlü marşurutlara, BTC kimi kəmərə sahib olan Azərbaycanla əməkdaşlığa Qazaxıstan və Türkmənistanın özünün daha böyük ehtiyacı var.
Azərbaycan artıq dünyada enerji mənbəyi və enerci tranziti ölkəsinə çevrilib. Bu isə, ölkəmizin beynəlxalq nüfuzunun artması ilə yanaşı, həm də böyük iqtisadi gəlirlər deməkdir. Bu gəlirlərin Azərbaycan əhalisinin rifah halını daha da yüksəldəcəyi şübhəsizdir.

Digər xəbərlər