Dünya bazarında neftin qiyməti bahalaşıb
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Şübhəsiz ki, bu dinamik inkişafın əsası ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulub və bu iqtisadi siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heç kəsə sirr deyil ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" iqtisadiyyatımızın inkişafına, respublikamıza xarici sərmayələrin axınına zəmin yaratdı. İndi artıq ölkəmiz iqtisadiyyatı inkişaf etmiş dövlətə çevrilib. Bu gün Azərbaycanda neftlə yanaşı, qeyri- neft sektoru da inkişaf etdirilir və bu da, onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının inkişafı sürətlənəcək və bununla da əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq. Çünki iqtisadiyyatımızın inkişafı əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Eləcə də, neftdən gələn gəlir ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir. Yəni, respublikamız hərtərəfli inkişaf edir.
Məlumdur ki, dünya bazarında neftin qiyməti yenidən qalxmaqda davam edir. Belə ki, son məlumata görə, neftin bir barrelinin qiyməti 68 dollar olub. Sözsüz ki, bu, neft ixrac edən ölkə olan Azərbaycan iqtisadiyyatına müsbət təsirini göstərəcək. Məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov bildirdi ki, dünyada neftə tələbat getdikcə artır: " Bilirsiniz ki, neft və neft məhsullarına təlabat getdikcə artmaqdadır. Bir vaxt dünya bazarında neftin qiyməti 150 dollara qalxdı, sonradan isə 40 dollara qədər endi. Neftin qiymətinin düşməsində subyektiv amillər vardı. İndi isə yenidən qiymət artımı müşahidə olunur. Mənə elə gəlir ki, neft dünya bazarında öz dəyərini konkretləşdirməlidir".
Ekspertin fikrincə, neftin qiyməti stabilləşəcək: " Çox şükürlər ki, yenidən neftin qiymətində artım müşahidə olunmaqdadır. Fikrimcə, neftin qiyməti stabilləşəcək. Əgər qiymətdə düşmə olsa, bu, o qədər nəzərəçarpacaq səviyyədə olmayacaq" deyə A.Hüseynov vurğuladı.
"Dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına nə kimi təsir göstərəcək" sualına gəlincə isə, iqtisadçı-ekspert bildirdi ki, Azərbaycan iqtisadiyyatı təkcə neftdən asılı deyil: " Neft ölkə iqtisadiyyatında əsas rol oynasa da, iqtisadiyyatımız təkcə neft amilindən asılı deyil. Yəni, bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda neftlə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilir.Sözsüz ki, dünya bazarında neftin qiymətinin qalması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərən amillərdəndir" deyə A.Hüseynov bildirib.