Ünvanlı dövlət sosial yardımı yoxsulluğun azaldılması istiqamətində dövlət tərəfindən həyata keçirilən silsilə tədbirlərdən biridir
Ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə dövlət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir. Onlardan biri də, ünvanlı sosial yardımının verilməsidir. Ünvanlı dövlət sosial yardımın verilməsində əsas məqsəd əhalinin aztəminatlı təbəqələrinin ehtiyacının öyrənilməsi və onlara müxtəlif yardımların göstərilməsi, həyat səviyyələrinin yüksəldilməsinin təmin edilməsidir. Dövlət başçısının 20 fevral 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramında ünvanlı sosial yardımın verilməsi altı əsas strateji məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
Onu da qeyd edək ki, əvvəllər mövcud olmuş sosial yardım sistemi, ancaq müavinət və kompensasiyalardan ibarət olmaqla, kateqoriyalar üzrə müəyyən edilirdi. Müavinətlərin birbaşa yoxsullara ünvanlanması mexanizmi mövcud deyildi .
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərovun sözlərinə görə, müavinətlər sırasında daha çox uşaqpulu kimi tanınan aztəminatlı ailələrin uşaqlarına təyin olunan müavinəti qismən ünvanlı adlandırmaq olardı. Bu müavinətdən təxminən 250 min ailədən olan 600 min uşaq bəhrələnirdi. Uşaq müavinətinin təyin edilməsində əsas meyar ailədə adambaşına düşən orta aylıq gəlirin 2,3 manatdan aşağı olması götürülməklə, müavinətin məbləği hər uşağa 1,8 manat təşkil edirdi. Müavinətin təyin edilməsi üçün gəlirin müəyyən edilməsi qaydaları yalnız rəsmi əməkhaqqı barədə verilmiş sənədlərə əsaslandığından müavinətin məbləği günün tələblərinə uyğun deyildi.
2002-ci ilin statistik məlumatlarına əsasən sosial müavinətlər və imtiyazların paylanmasında daha çox imtiyazlı vətəndaşlara ayrılan sosial müavinətlərin cəmi 9,8 faiz paya malik idi. Belə bir şəraitdə kommunal xidmətlər sahəsindəki islahatlar daha çox aztəminatlı ailələrin yaşayışına mənfi təsirinin göstərmişdi. Həmin mənfi təsirin nəticələrini aradan qaldıracaq dəqiq bir mexanizmin hazırlanmasına ehtiyac duyulurdu. Məhz bu problemlər yeni mexanizm-yoxsullara ünvanlanan ən kasıb əhali qruplarını əhatə edəcək sosial yardım mexanizminin yaradılması zərurətini ortaya qoyurdu.
Bu məqsədlə özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrə dövlətin ünvanlı yardımlarının göstərilməsi üçün 25 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun, daha sonra onun tətbiqi ilə əlaqədər müxtəlif normativ aktlar qəbul edildi və 1 iyul 2006-cı ildə bütün ölkədə ünvanlı sosial yardımının tətbiqinə başlanıldı. Bu mexanizmin icrası ilə bağlı respublikanın bütün ərazisini əhatə edən xüsusiləşdirilmiş korporativ şəbəkə yaradılıb ki, bu da şəffaflığın təmin olunması və sosial yardım üçün qeydiyyata alınmış aztəminatlı ailələr haqqında məlumatların mərkəzləşdirilmiş şəkildə geniş məlumat bankının yaradılmasına imkan verib.
Məlumat bankında ailənin tərkibi, sosial, əmlak və maddi vəziyyətləri barədə informasiya cəmlənib. Bu sistem imkan verir ki, yerlərə çıxmadan həmin işlərə nəzarət funksiyası həyata keçirilsin, həmin informasiyaların təhlili aparılaraq düzgün qərarlar qəbul edilsin.
E.Kələntərov bildirdiyinə görə, şəffaflığın təmin edilməsi məqsədilə, 2007-ci ilin aprelindən başlayaraq, sosial yardım təyin edilən ailələrə vəsaitin plastik kartlar vasitəsilə ödənilməsinə başlanılıb. Hazırda yardım alan ailələrin 82,4 faizi öz vəsaitlərini bankomatlar vasitəsilə alırlar. Bu günə kimi respublika üzrə 173 min 206 ailə sosial yardım alır. Bir ailəyə düşən orta aylıq sosial yardımın məbləği 99,37 manat, bir ailə üzvünə düşən orta aylıq sosial yarıdımın məbləği isə 21,76 manat təşkil edir. Ümumilikdə, 791 min 29 nəfər ailə üzvü verilən sosial yardımdan bəhrələnir. Ünvanlı sosial yardım alanlardan 70 min 969-u, yəni 41 faizi çoxuşaqlı ailələlər, 43 şəhid ailəsi, 970-i müharibə əlili olan ailə, 22 min 334-ü digər səbəbdən əlil olan ailələrdir.
"Ünvanlı dövlət sosial yardım haqqında" qanunun 7-ci bəndinə əsasən ehtiyac meyarının həddi mərhələrlə yaşayış minimuna çatdırılmalıdır. Məlum olduğu kimi, ehtiyac meyarının həddi 2006-cı ildə 30 man təşkil edib. 1 iyul 2008-ci il tarixdən isə bu göstərici 55 manata çatdırılmışdır ki, bu da yaşayış minimuna nisbətdə 78,6 faiz təşkil edirdi. Hazırda isə ehtiyac meyarının həddi 60 manatdır.
Elnur Kələntərov onu da qeyd etdi ki, ünvanlı dövlət sosial yardımının əsas məqsədi,ı özündən asılı olmayan səbəblərdən ailə üzvlərinin tələbatını təmin etmək iqtidarında olmayan aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsidir. Sosial yardım kəskin böhrandan qurtarmaq üçün yalnız müvəqqəti təminat verir, yoxsulluğun azaldılması istiqamətində dövlət tərəfindən həyata keçirilən silsilə tədbirlərdən biridir.
Digər ölkələrin təcrübəsi göstərir ki, əgər sosial yardım uzunmüddətli verilərsə, qısamüddətli xarakterə malik olan böhranın aradan qaldırılması üçün müvəqqəti dəstək olmazsa, bu zaman sosial yardım "yoxsulluq tələsi" deyilən vəziyyətin yaranmasına gətirib çıxara bilər. Belə ki, yoxsul ailələr, əsasən, yoxsulluqdan çıxmaq üçün yardıma ümid bəsləməklə yenidən sosial yardım üçün müraciət etməklə iqtisadi fəaliyyətə cəlb olunmaqdan könüllü boyun qaçırmağa cəhd göstərə bilərlər. Sosial yardım xarakter etibarilə passiv tədbir hesab olunur. Ona görə də, beynəlxalq təcrübədə yoxsulluğun azaldılması sistemlərini layihələşdirərkən sosial yardıma az yer ayrılır. Daha mükəmməl sistemin yaradılması üçün sosial yardım digər fəal tədbirlərlə birgə həyata keçirilir. Bu məqsədlə 2007-ci ilin əvvəllərində respublikanın 8 rayonunda nazirlik tərəfindən ölkənin sosial iqtisadi inkişafında yoxsulluq problemlərinin azaldılmasına yönəldilmiş ünvanlı sosial yardım siyasəti mexanizminin təhlili və effektivliyinin qiymətləndirilməsi istiqamətində tədqiqat aparılaraq 13 layihəni əhatə edən aztəminatlı ailələrin sosial reabilitasiyası proqramının layihəsi hazırlanıb. Bu proqramını əsas məqsədi mərkəzlərdə ailələr haqqında toplanmış məlumat bankından istifadə etməklə aktiv layihələr vasitəsilə həmin aztəminatlı ailələrin tədricən yoxsulluq həddindən çıxarılmasıdır. Əldə edilən ikiillik təcrübə göstərir ki, respublikada kasıbçılığın əsas hissəsi çoxuşaqlı və əlil üzvü olan ailələrdir. Buna görə də, hazırlanan proqram layihəsində çoxuşaqlı və əlil üzvü olan ailələrin daha aktiv tədbirlərə cəlb edilməsi nəzərdə tutulur.
Ötən ilin iyul ayında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əlavə və dəyişikliklər olunub. Qanuna edilmiş dəyişikliyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün tələb olunan sənədlərin sayı 17-dən 9-a endirilib. Dünya Bankı ilə aparılan danışıqlar nəticəsində sosial müdafiənin inkişafı ilə bağlı yeni layihə hazırlanıb. Layihə hökumətdə müzakirə edildikdən sonra may ayında Dünya Bankının Direktorlar Şurasında təsdiq edilib. Bu layihə sosiali müdafiə sistemi sahəsində aparılacaq islahatların keyfiyyətinin artırılması və sürətləndirilməsinə təkan verəcək.