PDF Oxu

İqtisadiyyat

  • 19

İpoteka kreditlərinin verilməsi məhdudlaşdırılmayıb

İpoteka kreditlərinin verilməsi məhdudlaşdırılmayıb
Məlum olduğu kimi, Nazirlər Kabinetinin yaydığı açıqlamaya görə, dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 35 mln man ayrılacaq. Həmin vəsaitin sosial ipotekaların verilməsinə yönəldiləcəyi də bildirilir.
Məsələyə aydınlıq gətirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, ipoteka kreditləşməsi prezidentin 2005-ci il sentyabrın 16-da imzalanan "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" fərmanına uyğun olaraq aparılır. Elə həmin il dekabrın 22-də ölkə Prezidenti daha bir fərmanla "Azərbaycan Respublikasının Milli Bankının nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına kreditlərin verilməsi" qaydalarını təsdiq etdi. Bununla da 2006-cı ildə ipoteka kreditlərinin verilməsinə başlandı. Amma təkcə prosesin ilk ayları, bütövlükdə, ötən il göstərdi ki, həmin fərmanda qeyd olunan şərtlərlə ipoteka kreditləşməsinə maraq azdır. Bu, ipoteka kreditlərinin alınması üçün lazım olan sənədlərin sayının çox olması ilə yanaşı şərtlərin ağırlığı, kredit faizinin yüksək, kredit şəklində əldə edilən maksimum məbləğin isə aşağı olması ilə bağlı idi. Elə bunun nəticəsində 2006-cı ildə cəmi 63 ipoteka müqaviləsi maliyyələşdirildi. Ötən il üçün nəzərdə tutulan 26 mln man-ın isə cəmi 21 faizi xərcləndi.
V.Əhmədov onu da vurğuladı ki, prosesin ləng getməsi ölkə Prezidentinin 23 yanvar 2007-ci il tarixli "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları"nı təsdiqləyən fərmanı imzalanması ilə nəticələndi. Bu fərmanla güzəştli kreditlər tətbiq olundu və onlar 3 ildən 30 ilədək maksimum məbləği 35 min manat olmaqla 4 faizlə verilməyə başlandı. Adi ipoteka kreditlərinin isə 3 ildən 25 ilədək olmaq şərtilə 50 min manatadək təqdim edilməsi və faiz dərəcəsinin 12-dən 8-ə endirilməsi nəzərdə tutuldu. Məhz yanvarın sonundan sosial ipotekaların verilməsinə başlandı. Dövlət başçısının yanvarın 23-də imzaladığı fərmanda qeyd edilirdi ki, sosial ipotekaların tətbiqində məqsəd gənc ailələrin və Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət göstərənlərdən başqa) mənzil şəraitini yaxşılaşdırmaqdır. Bu il mayın 18-də imzalanan fərmana əsasən isə sosial ipoteka kreditindən təkcə Müdafiə Nazirliyinin deyil, həmçinin, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da istifadə edə bilərlər.
Bir daha qeyd edək ki, bu hüquq adıçəkilən nazirliklərdə həqiqi hərbi xidmət keçənlərə aid deyil: "Prezidentin "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" fərmanında deyilir ki, ipoteka müqaviləsi ondan istifadə edənin pensiya yaşınadək başa çatmalıdır. Ancaq sosial ipoteka kreditlərində həmin məhdudiyyət var və bu növ kreditlər yalnız gənc ailələr üçündür. Belə olan halda artıq yaş məhdudiyyəti də sosial ipoteka kreditlərinə müraciət edənlərin sayını məhdudlaşdıracaq. Azərbaycanda gənclik yaşının 35-dən 30-a endirilməsi ilə bağlı müzakirələrin aparıldığını nəzərə alsaq, o zaman sosial ipotekanın saxlanması hesabına dövlət büdcəsinə əlavə ciddi xərc gətirməyəcəyi aydınlaşır".
V.Əhmədov prosesə marağın saxlanması üçün sosial ipotekaların maksimum məbləğinin artırılmasının vacib olduğunu da bildirib. Bəlli olduğu kimi, sosial ipotekalar üçün maksimum məbləğ 35 manatdır və bu adi ipotekalardan 15 min manat azdır. Yəni, sosial ipotekadan istifadə edən vətəndaş ən çoxu 35 min manat kredit götürə bilər. Əslində, bu il sosial ipotekaya marağın az olması heç də bu kreditdən yararlanmaq hüququ olanların dairəsinin məhdudluğu ilə bağlı deyil. Məsələ ondadır ki, maksimum məbləğin aşağı olması, hətta bu kateqoriyaya daxil olanların da adi ipotekada, yəni maksimum məbləği yüksək olan kreditlərdən istifadəsinə zəmin yaradırdı. Buna görə də, sosial ipoteka sisteminin saxlanacağını nəzərə alsaq, o zaman kreditin məbləği üçün müəyyənləşdirilən "sədd"i dəyişdirmək qaçılmazdır: "Qeyd edim ki, son iki ildə Azərbaycanda ipoteka kreditlərinin verilməməsi narahatlıq yaradır. 2009-cu ilin büdcəsində də ipoteka kreditlərinin verilməsi üçün 35 milyon manat vəsait nəzərdə tutulsa da, hələ də onun xərclənməsinə başlanmayıb. Onu da qeyd edək ki, həm keçən il, həm də bu il ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Amma eyni zamanda, ölkə prezidenti tərəfindən kommersiya ipotekası ilə sosial ipotekanın bir-birindən ayrılması barədə tapşırıq verilib. Bəlli olduğu kimi, kommersiya ipotekası özünü maliyyələşdirmə prinsipi ilə verilməlidir. Sosial ipotekanın şərtləri isə dəyişməyib. Azərbaycan İpoteka Fondu güzəştli təbəqələrə 15-20 il müddətinə çox aşağı faizlə sosial ipoteka təklif edir.
Qeyd edim ki, güzəştli ipoteka kreditləri almaq üçün nəzərdə tutulan şərtlərə cavab verən vətəndaşlar müraciət etsələr, bu kreditləri ala bilərlər. İlin sonuna qədər müraciət edən olmursa, bu məqsədlə ayrılmış vəsait ya başqa məqsədlə sərf olunur, ya da istifadə olunmamış qalır. Hesab edirəm ki, bu problem həllini tapacaq. Hökumət bu sahədəki bütün öhdəliklərini yerinə yetirir. Hər il büdcədən ipoteka kreditləri üçün müəyyən miqdarda vəsait ayrılır".

Digər xəbərlər