“Regionlarda Gənclərin Biznes Mərkəzlərinin yaradılması”
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclər İttifaqı tərəfindən "Regionlarda Gənclərin Biznes Mərkəzlərinin yaradılması" layihəsi həyata keçirilməyə başlayıb.
Layihə çərçivəsində Quba və Mingəçevir şəhərlərində Gənclərin Biznes Mərkəzlərinin yaradılması və sonradan onun fəaliyyət göstərməsi nəzərdə tutulub. Sözügedən şəhərlərdə işsiz gənclərin siyahısı tərtib olunacaq, regionlarda planlaşdırılan yeni açılacaq iş yerlərinin siyahısı hazırlanacaq, eləcə də, yeni açılmış iş yerləri və digər müəssisələrdə vakant yerlərinin müəyyən edilərək məlumat bazasının yaradılması həyata keçiriləcək. Bununla bərabər, həmçinin, mövcud iş elanlarının toplanması, yeni iş yerləri ilə bağlı elanların hazırlanması və müvafiq qruplar arasında yayılması, işsiz gənclərin işlə təmin olunmasında onların biznes strukturları ilə əlaqələrinin yaradılması da, fəaliyyət planına daxil olunmuşdur.
Qeyd edilən şəhərlərdə aktiv gənclər qrupları formalaşaraq, onlar arasında "Komadada iş", "Özünü təqdimetmə bacarıqlarının aşılanması", "CV-nin hazırlaması qaydası", "İşdə rəhbərliklə işgüzar münasibətlərin qurulması" kimi mövzularda treninqlər keçiriləcəkdir. Gələcəkdə təlim kurslarında biliklərə yiyələnən dinləyicilər həm özləri bu məlumatlardan yararlanacaq, həm də, öz yaşıdları arasında həmin informasiyanı yayacaqlar. Daha geniş gənclər auditoriyası üçün mütəxəssislər "açıq qapılar", "dəyirmi masalar" təşkil edəcək, biznes qurmaq istəyən gənclərə ilkin maddi dəstəklə (qrant və yaxud sərfəli kreditlə bağlı) hara müraciət etmələri və cəlbedici, lakin real biznes planlarının hazırlanması istiqamətində köməklik göstərəcəklər.
Layihə zamanı regional TV kanalları vasitəsilə gənclərin işlə təmin olunması və bu istiqamətdə müvafiq bacarıqları qazanmaq üçün informativ-maarifləndirmə verilişləri hazırlanacaq. Həmçinin, orta məktəblərin yuxarı sinif şagirdləri ilə də görüşlər və seminarların keçirilməsi nəzərdə tutulub. Bu əlaqələrin əsas məqsədi yeniyetmələrin gələcəkdə peşə seçimində kənar təzyiqlərdən azad, düzgün qərar qəbul etmələrinə istiqamətlənmədir.
Layihə 2009-cu ilin oktyabr ayında başa çatacaq.