İpoteka kreditləri əhalinin sosial təminatına hesablanıb
Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan islahatlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun şəkildə əhalinin sosial təminatına hesablanıb. Azərbaycan iqtisadiyyatı son illərdə öz inkişafının yeni və daha intensiv mərhələsini yaşayır. Xalqımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlət tənzimləməsinə əsaslanaraq, bazar münasibətlərinin uyğun təşkilinə imkan yaratmışdır.
Ölkə iqtisadiyyatının davamlı və sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərinin, o cümlədən, yoxsulluğun azaldılması probleminin qısa müddətdə və uğurla aradan qaldırılmasına geniş imkanlar açdı. 2003-cü ilin 15 oktyabrında xalqın böyük etimadını qazanaraq, dövlət başçısı seçilmiş cənab İlham Əliyev əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatları yeni dövrün tələbləri səviyyəsində davam etdirmişdir. İnsanlara yüksək qayğı prinsipinə əsaslanan sosialyönümlü siyasət strategiyası həyata keçirilən Azərbaycanda xalqın mənafeyi qorunmaqdadır. "Əsil siyasət real, konkret iş görməkdən ibarətdir" ideyasına köklənən dövlət siyasəti cəmiyyətin bütün gözləntilərini gerçəyə çevirmiş, hər bir fərdin marağına cavab verən qətiyyətli qərarlar qəbul edilir.
Dövlət büdcəsini sosialyönümlü büdcə adlandırması da təsadüfi deyil. Çünki əsas məsələ sosial sahəyə ayrılan vəsaitlərin ümumi büdcə xərclərinin tərkibində çoxluq təşkil etməsi və həmin vəsaitlərin sosial proqramların həllinə yönəldilməsi bunu deməyə əsas verir. Sosial sahədə bu gün həyata keçirilən siyasət, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, mənzilə olan tələbatının təmin olunması da diqqət mərkəzindədir. 1 iyun 2009-cu il tarixindən müvəkkil kredit təşkilarları tərəfindən Azərbaycan İpoteka Fondunun şərtlərinə uyğun ipoteka kreditlərinin verilməsinə başlanıldı. Hər kəsə məlumdur ki, ipoteka kreditlərinin verilməsi uzun bir dövrü əhatə edən sosial xarakter daşıyan islahatdır və bu zaman nəzərdə tutulan tədbirlər dövlət tərəfindən tənzimlənir. Ölkəmizin sosial-iqtisadi yekunlarının təhlili göstərir ki, Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkənin qarşısında duran problemlər sırasında ipoteka proqramının vacibliyini vurğulamış, bu siyasətin həyata keçirilməsinə dəstək vermişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 15 may 2009-cu il tarixli qərarı ilə müvəkkil kredit təşkilatlarının yeni siyahısına görə ipoteka krediti almaq istəyən şəxslər müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlar sırasına "Azərbaycan Beynəlxalq Bankı", "Azərdəmiryolbank", "Azəriqazbank", "AtaBank" , "Bank Avrasiya", "Bank of Azerbaijan", "Bank Standard", "Bank Respublika", "Gəncəbank", "Kapital Bank", "UniBank", "Paşa Bank", "Muğanbank", "Texnikabank", "Turanbank", "Xalq Bank", "Zaminbank", "RoyalBank" daxildir. Banklarda ipoteka krediti almaq istəyən vətəndaşların maddi imkanı qiymətləndirilən zaman onun gəlirlərindən dolanışıq üçün pul qalması da nəzərə alınır. Banklar artıq sənəd qəbuluna başlayıb. Xatırladaq ki, adi ipoteka kreditləri 8 % olmaqla, 25 il müddətinə verilir. Bu kreditlərin maksimum məbləği 50 min manat nəzərdə tutulur. Hazırda adi ipoteka kreditləri verilir. Güzəştli ipoteka kreditlərin verilməsinə sonra başlanacaq.
Güzəştli ipoteka kreditləri isə illik 4 faiz olmaqla 30 il müddətinə verilir. Burda maksimum məbləğ 35 min manatdır. İpoteka üzrə aylıq ödəniş müştərinin aylıq gəlirinin 70 faizindən çox olmamalıdır. Kredit istəyən müştərinin imkanları qiymətləndirilərkən ailə üzvlərinin dolanması üçün adambaşına 84 manat, kommunal xərclər üçün isə ayda 10-15 manatın tələb olunduğu da nəzərə alınır. Yəni, müştərinin gəlirləri həm bu xərcləri ödəməyə, həm də krediti qaytarmağa imkan verməlidir. Ayda 350 manat kredit qaytaracaq iki nəfərdən ibarət olan ailənin gəliri bundan azı 200 manat artıq - təqribən 550 manat olmalıdır. Qanuna görə, krediti həm bir nəfər borcalan, ya da bir ailədə yaşayan borcalanlar ailə üzvləri olaraq birlikdə ala bilər. İpoteka kreditləri ilə həm köhnə evləri, həm də yeni tikilən binalardakı mənzilləri almaq olar. İlkin olaraq, ipoteka kreditinin alınması üçün tələb olunan sənədlər sırasına daxildir:
1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
2. Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti);
3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti);
4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti);
5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;
6. Borcalanın (birgə borcalanın) gəlirlərinin təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.);
7. İpoteka predmetinin qiymətləndirmə aktı;
8. Tikinti şirkətinin icazə aktının surəti.
İpoteka proqramının yenidən icrasının başlanması, mütərəqqi cəhətləri ilə yanaşı, bazar iqtisadiyyatı prinsiplərinin bəzi məqamlarda cəmiyyətin müəyyən təbəqələrinin sosial mənafeyinin qorunmasını etiraf etməliyik. Bazar iqtisadiyyatının diqtə etdiyi şərtlərin aztəminatlı vətəndaşların mənafeyinə toxunmaması zərurəti, bütün dünyada eyni inkişaf kursu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir. Azərbaycanın son illərdə bu sahədə əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynanır. Məhz ipoteka proqamının icra olunması, yeni mülkiyyət formalarının yaranmasına, əhalinin mənzilə olan tələbatının ödənməsi ilə yanaşı, daşınmaz əmlak bazarının daha sürətli inkişafını stimullaşdıracaq.