PDF Oxu

İqtisadiyyat

  • 19

İpoteka kreditlərinin verilməsinə başlanılır

İpoteka kreditlərinin verilməsinə başlanılır
İqtisadçı-ekspert Aydın Hüseynov ipoteka kreditlərinin verilməsini əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin biri kimi dəyərləndirib. Kreditlər verilərkən, başlıca olaraq, onun nəticələri proqnozlaşdırılmalıdır. Çünki qlobal iqtisadi böhranın bəzi ölkələrdə səbələrindən biri də, maliyyə-bank sisteminin xüsusilə ipoteka kreditlərinin düzgün verilməməsi ilə bağlıdır. Bu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 14 milyon manat vəsait ayrılacağı nəzərdə tutulub. Kreditlərin verilməsi zamanı müəyyən güzəştlər də nəzərdə tutulub. Güzəştli kreditlər illik 4 faiz 35 min manatda artıq olmamaq şərtilə və eyni zamanda, güzəştsiz şərtlərlə illik 8 faiz 50 min manatdan artıq olmamaq şərtilə 25 il müddətinə verilir. Kredit götürən, ödəyici üçün bu faizlər o qədər yüksək deyil. Şərtlərdə qeyd olunur ki, kredit götürən şəxsin aylıq ödənişi onun qazancının 70 faizindən çox olmamalıdır. Sadəcə olaraq, mənzil kreditləri verilərkən prosedur qaydalarına riayət olunmalıdır və kreditlərin ödənişi zamanı problemlərin olacağı proqnozlaşdırılmalıdır, hər hansı probemin yaranmaması üçün əvvəlcədən tədbirlər görülməlidir. Kreditlərin verilməsi zamanı gənc ailələrə üstünlüklər veriləcək.
İqtqsadçı-ekspert Vüsal Qasımlının sözlərinə görə indiki halda ipoteka kreditlərinin bərpa olunması daha çox tikinti bazarının timsalında real sektorun və ipoteka qiymətli kağızlarının timsalında isə qiymətli kağızlar sektorunun stimullaşmasına yönəlib. Əlbəttə, ipoteka sosial proqramdır və hökumətin sosial siyasətinin bir hissəsidir. Mənzilə ehtiyacı olan insanların mənzillə təminatı da burada əsas məqsəddir. Eyni zamanda, qeyri-neft sektorunun stimullaşmasına xidmət edir. Əgər biz sosial tərəfdən baxsaq, görərik ki, verilən kreditlərin məbləği indiki bazarda mənzil almaq üçün kifayət qədər məbləğ deyil. İndiki qlobal iqtisadi böhran şəraitində hökumətin resursları da müəyyən limit daxilindədir və bu limit daxilində hərəkət edirlər.
İpoteka kredilərinin verilməsində sosial tərəflərin gücləndirilməsi təqdirdə daha böyük fayda verəcəyini bildirən Vüsal Qasımlı, kreditlərin verilməsindən sonra tikinti bazarında da canlanma olacağını qeyd etdi. 2006-cı ildə ipoteka kreditləri veriləndən sonra tikinti sektorunda canlanma ilə yanaşı, mənzillərin qiymətlərində bahalaşma müşahidə olunmuşdu. Baxmayaraq ki, 2006-cı ildə verilən kreditlər mənzil bazarının çox cüzi bir hissəsini təşkil edirdi. İndi də eyni proseslərin təkrarlanacağı gözlənilir. Ola bilsin ki, ipoteka kreditlərinin verilməsi tikinti sektorunda 2006-cı ildəki qədər canlanma yaratmasın, amma yenədə tikinti bazarında üzüaşağı gedən trendi, tendensiyianı dayandırmağa xidmət edə bilər. Tikinti bazarında bir sabitləşmə yarada bilər. Kreditlər veriləndən sonra İpoteka kreditləri verən bankın ipoteka qiymətli kağızları buraxması və bunu Bakı Fond Birjasına yerləşdirməsi Azərbaycanda qiymətli kağızlar bazarı üçün əlavə bir stimul verəcək və bu da müsbət bir tendensiyadır. Nəzərə alsaq ki, bu iki kanal vasitəsilə həm tikinti bazarı, həm də ki, qiymətli kağızlar bazarı vasitəsilə iqtisadiyyatda, xüsusilə, qeyri-neft sektorunda canlanmanını yaranması perspektivi müsbət qiymətləndirilməlidir. Bütün bunlar Azərbaycanda ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasətin tərkib hissəsidir. Güzəştli sosial ipoteka kreditlərinin 4 faizlə verilir və nəzərə alsaq ki, kommersiya banklarında faiz dərəcələri hazırda 25-30 faizə qədər yüksəlib və bunlarla müqayisədə ipoteka krediti daha sərfəlidir. Kommersiya kreditləri daha qısa müddətə verilərsə ipoteka kreditləri 25-30 ilə verilir. Bu mənada ipoteka kreditlərinin bazar şərtlərinə uyğun hesab etmək olar. Qlobal böhranın təsirləri ortadan qalxdıqca ipoteka şərtlərində yumşalmalar müşahidə olunacaq.
Qeyd edək ki, ipoteka kreditləri milli valyuta olan manatla və yalnız Azərbaycan vətəndaşına verilməlidir. 3 ildən 25 ilədək müddətə verilməsi nəzərdə tutulan kreditin məbləği 50 min manatdan çox olmamalıdır. Kredit üzrə illik faiz dərəcəsi isə 8 faizdən çox olmamalı, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85 faizdən çox olmamalıdır. Bundan başqa, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır.
Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır, kredit yaşayış sahəsinin ipotekası ilə təmin edilməlidir. İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Kredit üzrə əsas borc və hesablanmış faizlər isə hər ay bərabər hissələrlə ödənilməlidir.

Digər xəbərlər