PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycanda qiymətlər 3,51 faiz aşağı düşüb

Azərbaycanda qiymətlər 3,51 faiz aşağı düşüb
İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə 2009-cu ilin ilk 4 ayında Azərbaycanda qiymətlər 3,51 faiz aşağı düşüb. Ən çox ucuzlaşma ərzaq mallarında müşahidə olununb. Belə ki, ərzağın qiyməti 4,43 faiz qeyri-ərzaq məhsulları 3,54 faiz, xidmət haqları isə 1,03 faiz ucuzlaşıb.
İqtisadçı-ekspert Vüsal Qasımlının sözlərinə görə, ucuzlaşma əsasən, mənzil bazarında hiss olunub. Burada qiymətlər orta hesabla 15-20 faizə qədər ucuzlaşıb. Eyni zamanda, idxal məhsullarından, xüsusilə, avtomobillərin qiyməti 15-20 faiz aşağı düşüb. Bununla yanaşı, yerli məhsullar da ucuzlaşmaya məruz qalıb. O cümlədən, kənd təsərrüfatı məhsullarının ucuzlaşmasının şahidi oluruq. Daha çox narahatlıq doğuran taxılın qiymətinin ucuzlaşmasıdır. Son illər Azərbaycanda taxıl istehsalında artım var. Nəticədə hazırda taxılın qiyməti kənd təsərrüfatı istehsalçılarını qane etməyəcək səviyyədə aşağı düşüb.
V.Qasımlı onu qeyd edib ki, Azərbaycanda 1999-cu ildən bu yana deplyasiya müşahidə olunmurdu. Ölkəmizdə son bir ildə ilk dəfə olaraq, son 10 il ərzində illik deplyasiya qeydə alınıb. Cüzi olsa da, qiymətlərin artımı müşahidə olunurdu. Yalnız indi illik deplyasiya qeydə alınır və deplyasiyanın həddi 1,47 faiz olub. Azərbaycanda deplyasiyanı iki cürə təsnifləşdirmək olar. Birincisi, idxal məhsullarıdır ki, mebel, kompüter texnikası, avtomobil, bəzi tikinti materialları və s. onların qiymətinin aşağı düşməsində Azərbaycan iqtisadiyyatı maraqlıdır. Çünki qiymət nə qədər aşağı düşürsə, biz idxala o qədər az vəsait xərcləyirik. İdxal qiymətlərin aşağı düşməsi nəticəsində son bir il ərzində Azərbaycan yarım mlrd dollar vəsaitə qənaət edib. Əgər qiymətlər aşağı düşməsəydi, biz bu qədər vəsaiti idxal üçün xərcləyəcəkdik. Bu baxımdan, idxalda deplyasiya olması Azərbaycanın xeyrinədir. Yalnız idxalla bərabər, Azərbaycanın yeni məhsulların, xüsusən də, kənd təsərrüfatı məhsullarının aşağı düşməsi müşahidə olunur, bu isə, şübhəsiz, yerli istehsal və milli iqtisadiyyat nöqteyi-nəzərindən bir o qədər də arzuolunan deyil.
Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində daxili deplyasiyanın qarşısının alınması ilə bağlı hökumətə konkret tapşırıqlar verib. Deplyasiya deyəndə, daha çox daxili məhsulların qiymətinin aşağı düşməsi nəzərdə tutulurdu ki, bunun da qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir və o cümlədən, kənd təsərrüfatı məhsullarına qarant qiymətlər tətbiq olunmalıdır. Yəni, hökumət kənd təsərrüfatı məhsullarını müəyyən bir qiymətə istehsalçılarından almalıdır ki, onlar gələn il yenidən öz istehsallarını qura bilsinlər.
Son günlər bəzi kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşması mövzusuna toxunan V.Qasımlı bildirdi ki, bu, mövsümü xarakter daşıyır və hər il belə olur. Köhnə məhsullar yavaş-yavaş bazardan çıxır və yeniləri daxil olur. Adətən, yeni məhsullar bazara daxil olanda nəzərəçarpacaq qiymət artımları müşahidə olunur və bu, hər il üçün xarakterik xüsusiyyətdir. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı məhsulları mövsümlə əlaqədar getdikcə, qiymətlərin aşağı düşməsi hiss olunacaq. Təxminən sentyabr, oktyabr aylarına qədər Azərbaycanda ümumi qiymətlərin aşağı düşməsi meyli hiss olunacaq. Xüsusən də, idxal məhsullarının, eyni zamanda, yerli kənd təsərrüfatı mövsümü ilə əlaqədar məhsulların qiymətinin aşağı düşməsi labüddür.
Eyni zamanda, bu aylar qiymətlərin sabitləşməsi dövrü olacaq, ilin sonuna yaxın isə, ola bilsin ki, qiymətlər yumşaq şəkildə olmuş olsa da, yenidən bahalaşa bilər.

Digər xəbərlər