İqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ənənəvi keçirilən mətbuat konfransında sənaye və energetika naziri Natiq Əliyev görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, sənaye və energetika iqtisadiyyatımızın əsaslarını təşkil edən sahələrdir: "Şübhəsiz ki, müstəqillik illərimizdə hansısa nailiyyətlər əldə olunubsa, bu sahələrlə sıx bağlıdır. İqtisadi inkişaf konsepsiyası çox uğurla həyata keçirilir. Mütəmadi olaraq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən iclaslarında ölkəmizin iqtisadi uğurları bir daha nəzərdən keçirilir, qarşıda duran vəzifələr diqqətə çatdırılır. Azərbaycan son illərdə dinamik iqtisadi inkişaf baxımından liderliyi ələ alıb."
N.Əliyev dünyada baş verən qlobal iqtisadi maliyyə böhranından danışaraq bildirdi ki, ölkəmiz bu böhranı hiss etmədi: "Dünyada iqtisadiyyat tənəzzülə uğrayıb, hər bir sahədə böyük problemlər yaranıb. Azərbaycanda isə bunların təsiri çox cüzi olmuşdur. Birinci rübün nəticələri onu göstərir ki, Azərbaycan mühüm uğurlar əldə edib."
Nazir bu günlərdə Polşada Hökumətlərarası Komissiyanın iclasında iştirak etdiyini qeyd edərək bəzi məqamları diqqətə çatdırdı: "Polşa əhalisi bu fikri böyük qürur hissi ilə qeyd edirdilər ki, birinci rübdə ÜDM bir faiz artıb. Azərbaycanda birinci rübün nəticələrinə görə 4,1 faiz, qeyri-neft sektorunda 14 faiz artım əldə olunub. Azərbaycanın bu inkişafı möcüzə kimi qeyd edildi. Bu fikri xüsusi vurğulandı ki, Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf edir. Bu da düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ötən illərdə artım ikirəqəmli olub. Azərbaycan iqtisadiyyatının dözümlülüyü qeyd edildi."
N.Əliyev Beynəlxalq maliyyə qurumları hesabatlarında Azərbaycanı iqtisadiyyatı böhrana dözümlü ölkə kimi qeyd edildiyini vurğuladı: "Bunun da səbəbi aydındır. İlk növbədə, energetika sahəsi, yanacaq-enerji kompleksi 1993-cü ildən başlayaraq böyük inkişafa qədəm qoydu. Yeni neft strategiyası ölkəmizin iqtisadi inkişafının əsasını qoydu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların bariz nümunəsi kimi qeyd edə bilərik ki, bu gün ölkəmiz neft-qaz ixracatçısına çevrilib. Neft-qaz hasilatı artır, Azərbaycanın əvvəlki şöhrəti özünə qaytarılır. Bir neçə il bundan öncə Azərbaycan qazı, elektrik enerjisini idxal edirdi. Bu gün isə bu sahədə inkişaf göz qabağındadır."
Neft-qaz amilinin böyük əhəmiyyət kəsb etdiyini deyən N.Əliyev onu da bildirdi ki, hələ 10-15 il Azərbaycan iqtisadiyyatının sütununu, əsasını neft amili təşkil edəcək: "Azərbaycanın malik olduğu təbii ehtiyatlar imkan verir ki, dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınsın. Bir nəfərə düşən ÜDM-in həcmi 5400 dollara çatmışdır. Bu faktın özü uğurlu gələcəkdən xəbər verir."
Nazir neft-qaz hasilatının artmasının Azərbaycan xalqının sosial-rifah halının yaxşılaşmasına xidmət göstərdiyini qeyd etdi. Onun sözlərinə görə ötən il 52 milyon ton neftin hasil olunması nəzərdə tutulsa da, texniki problemlərə görə bu rəqəm 44,5 milyon ton oldu. Yəni neft hasilatı texniki səbəblərdən asılıdır. Azərbaycanın gələcək 3-4 ildə neft hasilatını artırması potensialı böyükdür: "Ölkəmiz ildə 65 milyon ton neft hasil edə bilər. Mövcud yataqlarla yanaşı, perspektiv strukturlar da çoxdur. Bu günlərdə Total şirkəti ilə "Abşeron strukturu haqqında" saziş imzalanıb. Bu struktur çox əlverişlidir. Başqa yataqlar da var. Bunlar onu deməyə əsas verir ki, Azərbaycan üçün ildə 65 milyon ton neftin hasil olunması o qədər də böyük rəqəm deyil. Bu gün də ölkəmizin hasil etdiyi neft və qaz iqtisadiyyatımızın inkişafı üçün kifayətdir."
N.Əliyev bildirdi ki, dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolunu önə çəkərək bu sahənin inkişafını qarşıya ən ümdə vəzifə kimi qoyub: "Bu vacib məsələdir. Bazar iqtisadiyyatı prinsipləri də bunu tələb edir."
Nazir onu da qeyd etdi ki, daxili bazarın qorunması, qanunverciliyin təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır: "Azərbaycanın nüfuzu ildən-ilə artır. Bu gün hər bir ölkənin qarşısında duran əsas məsələ enerji təhlükəsizliyinin təmin olunmasıdır. On il bundan öncə bu məsələ ilə bağlı yalnız 5-10 ölkə düşünürdüsə, bu gün elə bir ölkə yoxdur ki, bu məsələni ön plana çəkməsin. Azərbaycan bu məsələnin həllinə tam nail olub. Ölkəmiz enerjiyə olan tələbatını ödəyir. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi imkanlarını daha da genişləndirir. Ölkəmiz elektrik enerjisi ixrac etməklə beynəlxalq aləmdə yeri və rolunu daha artırır. Azərbaycan İrana, Rusiyaya, Türkiyəyə, Gürcüstana, Qara dəniz ölkələrinə elektrik enerjisi ixrac edəcəkdir.
Perspektivlər çox böyükdür. Azərbaycan böyük enerji layihələri həyata keçirir. İqtisadi imkanların genişlənməsi daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycanı bu gün dünyanın diqqət və marağına çevirən təbii ehtiyatları ilə yanaşı, həm də yerləşdiyi coğrafi məkandır. Həm Qərbi, həm də Şərqi birləşdirən körpüdür. Azərbaycanın tranzit ölkəsi olacağına bütün dünya ölkələri böyük inam bəsləyir.
N.Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirilən görüşlərdə əsas müzakirə mövzusu olan bir məsələyə - Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirən 500 kilovoltluq elektrik enerjisi verilişi xətlərinin bərpasına diqqəti yönəltdi. Qeyd etdi ki, Azərbaycan və Gürcüstan ərazisində lazımi işlər görülür, Türkiyə ilə danışıqlar aparılır: "Azərbaycanın elektrik enerjisi istehsal edən ölkə kimi tanınması əsas məqsədlərdəndir. Bu gün 5600 meqavatt generasiya gücündə elektrik stansiyaları var. Bu ölkəmiz üçün kifayətdir. Əgər gələcəkdə elektrik enerjisinə qənaət edən texnologiyaları tətbiq etsək, bundan az elektrik enerjisi ölkəmizə gərəkdir. Hazırda 1000 meqavatt gücə kimi elektrik enerjisini satmaq imkanımız var. Bu işlər İran və Gürcüstanla birgə görülür."
Nazir "NABUCCO" qaz kəməri layihəsinin reallaşması ilə də bağlı məsələyə aydınlıq gətirdi: "Digər layihələrlə müqayisədə bu layihə daha mürəkkəbdir. "NABUCCO" ilə bağlı müzakirələr xeyli vaxtdır aparılmasına baxmayaraq, bəzi məsələlər bu günədək həllini tapmayıb. Layihənin reallaşması ilə bağlı dövlətlərarası sazişlər və tranzit sazişləri yoxdur. Yalnız iyunun sonunda Türkiyə və Avropa Birliyi arasında layihənin reallaşdırılmasına dair sazişin imzalanacağı gözlənilir. Hansı layihə birinci reallaşacaq, o, bizim üçün prioritetdir. Bizim üçün fərqi yoxdur, Azərbaycan qazı İtaliyaya satılacaq və ya Bolqarıstana. Azərbaycan təbii qazının ixracı ilə bağlı bütün layihələri dəstəkləyir".
N.Əliyev qeyd edərək bildirdi ki, "NABUCCO" boru xəttinin uzunluğu 3300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
Nazir yeni layihələrdən də geniş bəhs etdi. Bildirdi ki, Bakı-Supsa, Bakı-Novorosiysk, BTC, BTƏ layihələrinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə başlanılıb: "Azərbaycanın qarşısında böyük layihələr dayanır. Düşünürəm ki, 1994-cü ildən neft, bu gün isə iqtisadi konsepsiyanı necə həyata keçiririksə, nəzərdə tutulan layihələrin də yüksək səviyyədə gerçəkləşməsinə nail olacağıq. İqtisadiyyatın inkişafı əhalinin sosial-rifah halının yaxşılaşmasına xidmət edən layihələrin də həyata keçirilməsinə geniş imkanlar açır."
Tədbirin sonunda sənaye və energetika naziri N.Əliyev media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.