Azərbaycanda aqrar sektorun inkişafı prioritetə çevrilib
İqtisadi İnkişaf Nazirliyi ölkədə sahibkarlığın inkişafı, fermerlərin problemlərinin həll edilməsi məqsədilə tədbirlərini davam etdirir. Nazirlik aqrotexniki xidmətlərə tələbatın artdığını nəzərə alaraq, kənd təsərrüfatı işlərinin qiymətlərini yenidən fermerlərin diqqətinə çatdırıb. Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması sahəsində intensiv işlər aparılır. Belə bir məqamda aqrar sahədə çalışanlara dövlət dəstəyinin göstərilməsi iqtisadi siyasətin əsas prioritetlərindən biridir.
İqtisadi İnkişaf Nazirliyi aqrotexniki xidmətlərə tələbatın artdığını nəzərə alaraq, kənd təsərrüfatı işlərinin qiymətlərini yenidən fermerlərin diqqətinə çatdırır.
Nazirlikdən SİA-ya verilən məlumata görə, bu qiymətlər "Aqrolizinq" ASC-nin İdarə Heyətinin 3 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilib.
Qeyd edək ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində Prezident İlham Əliyevin sərəncamı iə yaradılmış "Aqrolizinq" ASC əhəmiyyətli rol oynamaqdadır.
"Aqrolizinq" tərəfindən 2005-ci ildən indiyədək ölkəyə 565 taxılyığan kombayn, 1578 traktor, 120 ekskavator, 21 texnoloji avadanlıq, 4396 ədəd digər kənd təsərrüfatı maşınları, 161 min ton mineral gübrə gətirilib.
Kənd təsərrüfatı əmtəə istehsalçıları torpaq vergisi istisna olmaqla qalan bütün növ vergilərdən azad edilib. Bundan əlavə, ölkə ərazisinə gətirilən və kənd təsərrüfatında istifadə olunan bəzi mallar əlavə dəyər vergisindən azad olunub.
Hər il sahibkarlığın inkişafı üçün böyük məbləğdə dövlət vəsaiti ayrılır, güzəştli kreditlər, subsidiyalar verilir, onlara gübrə və kənd təsərrüfatında daha çox işlənən texnika ilə təmin olunurlar. Bunun nəticəsidir ki, cari ildə bütünlükdə kənd təsərrüfatı məhsulları istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib.
2008-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına və motor yağları ilə əlaqədar əkin sahələrinin becərilməsinə görə 54 mln, 360 min man vəsait ayrılıb, bu istiqamətdə bütün təşkilati işlər başa çatıb, həmin vəsait bu günlərdə ünvanlara çatdırılacaq.
Aqrar sahəni inkişafı qlobal böhran şəraitində əsas prioritetlərdən biridir. Azərbaycan hökuməti son bir neçə ildə kənd təsərrüfatının tərəqqisinə və ölkədə məhsul bolluğuna nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsində artıq neçə aydır ki, ölkə bazarlarında məhsul bolluğu və qiymətlərin enməsi müşühidə olunur.
Aqrar sahədə əldə olunan nailiyyətlər ölkənin ümumi inkişafına böyük töhfə verir. Son 5 ildə fermerlərə maliyyə yardımlarının göstərilməsi və digər çoxsaylı güzəştlərin edilməsi nəticəsində ümumdaxili məhsulda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artıb.
2009-cu ildə dövlət büdcəsinin gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1 faiz, xərcləri isə müvafiq olaraq 11,7 faiz çox proqnozlaşdırılıb.
Ekspertlərin fikrincə, qlobal maliyyə böhranının neqativ təsirlərini azaltmaq və eləcə də, ölkədə dayanaqlı iqtisadi inkişafı qorumaq üçün hökumətin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Böhran illərində dövlətin sahibkarların, xüsusən də, fermerlərin qayğısına qalması ölkənin qeyri-neft sektorunun inkişafını sürətləndirir. Azərbaycan dövləti öz imkanlarından istifadə edərək vətəndaşlarına yardım edir. Bununla da böhrandan yan keçməyə zəmin yaranır. Azərbaycanda biznesə dövlət yardımlarının əhəmiyyəti artıq ən yüksək rəsmi səviyyədə bəyan edilib. Bu səbəbdən də, dövlətin biznes və ya sahibkarlara həm birbaşa, həm də dolayı yardımları edilir.
Qlobal böhran nəticəsində maliyyə resurslarının qıtlığı problemini nəzərə alaraq ekspertlər dolayı yardım metodlarına üstünlük verməyi təklif edirlər. Çünki, bu zaman, artıq, nağd maliyyə yardımlarına ciddi ehtiyac qalmır. Lakin qeyd olunur ki, bir sıra hallarda birbaşa yardımlara da ehtiyac var və bu da iqtisadi canlanmaya ünvanlanan tədbirlərin əsasını təşkil edir.
Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 2008-ci ilin yekunları üzrə dünyanın aparıcı sənaye nəhənglərində əvvəlki illə müqayisədə məhsul istehsalının həcminin aşağı düşməsi müşahidə olunsa da, transformasiya prosesinin ikinci mərhələsini uğurla davam etdirən respublikamızda iqtisadiyyatın bütün sahələrində inkişaf meyilləri müşahidə olunub.
2008-ci ildə əvvəlki illə müqayisədə ən mühüm makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsul istehsalı 13%-ə qədər artıb. İqtisadi artım tempi sənaye sektorunda 12%, kənd təsərrüfatında isə 10% təşkil edib.
Azərbaycan iqtisadiyyatının strukturunu və xüsusiyyətlərini əsas götürən və eləcə də, xarici ölkələrin təcrübəsini nəzərə alan hökumət qurumları, ölkədə davamlı və perspektivli layihələrin və dövlət proqramlarının həyata keçirilməsini təmin edirlər ki, bu da, öz növbəsində, ölkə iqtisadiyyatının böhrana məruz qalmamasını şərtləndirir.