"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci ilər) Dövlət Proqamı" vaxtından əvvəl və nəzərdə tutulduğundan daha böyük həcmdə, uğurla həyata keçirilib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcın qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır. Belə ki, ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 647,5 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Bu müddətdə daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi barədə fərman imzalayıb. Sənəddə qeyd olunur: "Dövlətin başlıca məqsədi regionların mövcud potensialdan daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirməkdir".
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi Aqil Əsədov yeni Dövlət Proqramını regionların sosial-iqtisadi inkişafında yeni mərhələ adlandırır:
Hər kəsə yaxşı məlumdur ki, 2004-2008-ci illərdə proqramın icrası nəticəsində ümumdaxili məhsulda adambaşına düşən gəlirlərdə, eləcə də, digər sahələrdə kifayət qədər ciddi uğurlar əldə edilmişdir. Təbii ki, bu uğurların davamlılığı üçün yeni proqramın qəbul edilməsi zərurətə çevrilmişdir və Azərbaycan hökuməti də hər zaman olduğu kimi, yenə də düzgün iqtisadi siyasət yeridərək, yeni Dövlət Proqramı qəbul etdi. Yeni Dövlət Proqramı, demək olar ki, hər bir sahənin - vergi, nəqliyyat, turizm, energetika, sənaye, kənd təsərrüfatı, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrini konkret nəzərdə tutur. Bu baxımdan, hesab edirəm ki, yeni proqramın icrası 2004-2008-ci illərdə əldə edilmiş uğurların daha da genişmiqyaslı, davamlı, etibarlı olmasına kifayət qədər ciddi zəmin yaradacaq. Bu mənada, proqramın icrası Azərbaycan iqtisadiyyatı, eləcə də, regionların sosial-iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir.
- 2009-2013-cü illər Dövlət Proqramının ən ucqar kənd və qəsəbələri əhatə etməsi nəzərdə tutulub. Sizcə, bölgələrimizin inkişafına bu proqramın verəcəyi töhfələr nədər ibarət olacaq?
- İstənilən ölkənin inkişafını regionların inkişafı olmadan təsəvvür etmək qeyri-mümkündür. Ölkə Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın inkişafı da regionlardan başlayır. Bu mənada, tarazlı regional inkişafa nail olmadan əldə edilən ümumi inkişaf o qədər də etibarlı ola bilməz. Yeni proqramda hər qəsəbənin, yaşayış məntəqəsinin, hətta iqtisadi rayonların yox, onları əmələ gətirən şəhərlərin, rayonların ayrı-ayrılıqda nəzərdə tutulması, təbii ki, proqramın əhəmiyyətliliyini artıran bir səbəbdir. Bu mənada, yeni proqramın icrası əvvəlki proqramda bünövrəsi qoyulmuş, formalaşmış bazanın daha səmərəli, faydalı istifadəsinə şərait yaradacaqdır.
- Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycan ümumi daxili məhsulun həcminə görə dünyada ön yerlərdən birini tutur. Bunu düzgün iqtisadi siyasətin nəticəsi hesab etmək olarmı?
- Azərbaycanın müstəqilliyi dövründə iqtisadi inkişaf dinamikasına nəzər salsaq, ölkənin iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin min bir zəhməti sayəsində başa gələn "Əsrin müqaviləsi", "İpək yolu"nun bərpası və bu kimi böyük tarixi layihələrin reallaşmasından start götürür. Bu günlər həmin siyasətin uğurla davam etməsinin nəticəsidir ki, Azərbaycan ümumi daxili məhsulun artımına görə, dünyada lider dövlət kimi qəbul edilir, ən islahatçı ölkə kimi tanınır. Əgər iqtisadi siyasət xalqın tələbinə, ölkənin resurslarına uyğun həyata keçirilməzsə, heç bir mənası olmaz və uğurlar da qazanıla bilməz. Yəni, uğurların əldə edilməsi birbaşa iqtisadi siyasətin həm xalqın tələbatına, həm də ölkənin resurs potensialına uyğun olmasını göstərir və bu, birmənalı şəkildə, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü göstərir.
- Dövlətin əsas diqqət çəkdiyi sahələrdən biri də, sahibkarlıq subyektlərinin inkişaf etdirilməsidir. Özəl sektorun inkişafını necə dəyərləndirirsiniz?
- Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq əsas iqtisadi fəaliyyət növüdür. Azərbaycan dövlətində də sahibkarlığın inkişafı istiqamətində istər ümummilli liderimiz Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə sahibkarlığın inkişafı ilə bağlı həm dövlət proqramları, həm də ayrı-ayrı qanunvericilik bazasının təkmilləşdirilməsi sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınması ilə bağlı müxtəlif sənədlər qəbul edilmişdir. Bu gün də dövlət tərəfindən sahibkarlığın inkişafına hər cür qayğı göstərilir, şərait yaradılır.
- Dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsiri bir o qədər də hiss olunmadı. Növbəti mərhələdə necə, Azərbaycan qlobal problemin öhdəsindən gələ biləcəkmi?
- Maliyyə böhranının dünyanın istənilən ölkəsinə təsiri qaçılmazdır. Bu gün Azərbaycan dünyanın nüfuzlu söz sahibinə malik dövlətlərindən biridir. Yalnız Azərbaycan hökumətinin uzaqgörənliyi, həyata keçirdiyi antiböhran tədbirləri böhranın ölkəmizdə o qədər də hiss olunmasına şərait yaramadı. Təbii ki, bu, bizdə arxayınçılıq yaratmamalıdır. Hər bir iqtisadçı, dövlət məmuru, elm adamı da böhranla mübarizə istiqamətində əlindən gələni əsirgəməməlidir.
- Aqil müəllim, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf strategiyası ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların davamlılığını necə görürsünüz?
- 2003-2008-ci illərdə İlham Əliyevin Prezidentliyi dövründə Dövlət Proqramının icrası ilə yanaşı, regionların inkişafı ilə bağlı 17 qanun və sərəncam imzalanıb. Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərliyi kabinetlərdən regionlara köçürdü. Bu da yeni bir xətt, yeni ənənə idi ki, Prezident regionlarda verdiyi tapşırıqların, qəbul edilən proqramların icrasına birbaşa yerində nəzarət edir. Yəni dövlət başçısının insanlarla vaxtaşırı ünsiyyətdə olması müəyyən mənada xalq qarşısında öz fəaliyyəti barədə hesabat verməsi, dövlətin regionlarda da tapşırıqların icrasına, keyfiyyətinə nəzarət etməsi ölkə siyasətinin uğurlarını şərtləndirən amillərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə siyasət uğurla davam etdiriləcək, iqtisadi sahədə uğurlarımızı təmin edəcək.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...