Azərbaycan qazı Avropa və Türkiyəni Rusiya asılılığından xilas edə bilər
Dünya iqtisadiyyatında və energetika sistemində baş verən hadisələr siyasi müstəvidə gərginliklərin yaranmasına səbəb olub. Qlobal iqtisadi böhranla mübarizə enerci mənbələri uğrunda mübarizə ilə paralel aparılır.
Avropanın enerji asılılığından qurtarması üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün apardığı işlər daha da intevsivləşib. Azərbaycan öz enerji ehtiyatları üzərində düşünülmüş siyasət yeritməklə ilə artıq beynəlxalq aləmdə öz siyasi və iqtisadi çəkisini artırıb. Məhz bu səbəbdən də ölkəmiz Avropanın starteji enerji tərəfdaşıdır və Qərbin Rusiyadan enerji asılılığını azaldacaq ölkə kimi ümid yerinə çevrilib.
Son illərdə Avropanın enerji təhlükəsizliyinin təminatına böyük ehtiyac yarandığından, Xəzər dənizinin və Orta Asiyanın enerji ehtiyatlarına qitə ölkələrinin xüsusi maraq göstərməsi diqqəti cəlb edirdi. Qaz ixracı üzrə potensial ölkələr sırasında əsasən, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana ümid edilir. Ölkəmizin qaz ehtiyatları ilə zənginliyi və etibarlı partnyor olması isə Avropa dairələrində xüsusi vurğulanır.
Avstriya, Yunanıstan, İtaliya və digər Avropa dövlətlərinin Azərbaycan qazının da nəqli istiqamətində "Nabucco" layihəsinin tezliklə reallaşması üçün səylərini artırıb. Lakin layihənin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, hələlik, hər hansı sənəd imzalanmayıb. Burada iqtisadi problemlərdən daha çox siyasi problemlərin roy oynadığı görünəndir.
Bu layihə ortaya qoyulandan sonar Rusiyanın bütün səylərini onu həyata keçməməsinə yönəltməsi və "Nabucco"ya alternativ marşrutlar irəli sürməsi Avropada müəyyən narahatlıqlar yaradıb. Rusiya təkcə özünün bu layihənin əleyhinə çıxması ilə kifayətlənməyərək təsir dairəsində olan digər ölkələrin- Qazaxıstan, Türkmənistan və İranın da mövqelərinə əhəmiyyətli təsir göstərir.
Bir neçə gün öncə Rusiyanın "Qazprom" şirkəti Bolqarıstan, Yunanıstan və Serbiyanın energetika şirkətləri ilə əməkdaşlıq haqqında anlaşmaya imza atıb. Sazişlərdə "Cənub Axını" layihəsinin texniki-iqtisadi əsaslandırılması başa çatdırıldıqdan sonra, həmin ölkələrin ərazisində qaz kəmərinin çəkilişi və istismarı üzrə birgə müəssislərin yaradılması nəzərdə tutulur.
"Cənub Axını" layihəsinin əsas vəzifələrindən biri qaz kəmərini "əlverişsiz" tranzitçi Ukraynadan yan keçməklə Rusiyanın Qara dəniz sahilərindən Bolqarıstan və ya Rumıniyaya kimi, daha sonra İtaliya və Avstriyayadək uzatmaqdır. Layihənin dəyəri 25 milyard avrodur.
Rusiya bütün imkanlarından istifadə edərək "Nabucco" layihəsinin realllaşmasına mane olmaq, bu kəməri ən azı Mərkəzi Asiya qazından məhrum etmək üçün əlindən gələni edir. Bəlli olduğu kimi, Praqa sammitində AB-nin 4 ölkə (Azərbaycan, Türkiyə, Gürcüstan və Misir) ilə "Nabucco"ya dair imzaladığı anlaşmaya Astana və Aşqabad qol qoymamışdı. Bir neçə gün öncə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinə dair sazişi ratifikasiyası ilə bağlı qanunu təsdiqləyib.
Saziş Rusiya, Qazaxıstan və Türkmənistan arasında Türkmənistan və Qazaxıstandan Rusiyaya qazın nəqlini nəzərdə tutur. Nəqlin nəzərdə tutulmuş illik həcminin 30 mlrd kubmetri Türkmənistan, 10 mlrd kubmetri isə Qazaxıstandan ixrac olunacaq.
Qeyd edək ki, yaxın günlərdə Bakıda ARDNŞ ilə "Qazprom" arasında danışıqların birinci raundu keçiriləcək. Danışıqlar zamanı kommersiya məsələləri müzakirə olunmayacaq. Səfərin əsas məqsədi ARDNŞ-nin 2010-cu ilin yanvarından başlayaraq "mavi yanacaq" göndərişləri həcmləri xüsusunda imkanlarını müəyyən etməkdən ibarətdir.
Proqnozlara görə, ARDNŞ-nin özünün qaz hasilatı da perspektivdə artmaqda davam edəcək. ARDNŞ öz qazının hasilatını yaxın 2-3 ildə ARDNŞ bu göstəricini 10 mlrd-a kubmetrə çatdırmaq niyyətindədir.
Bu arada Türkiyə ilə Azərbaycan təbii qazın qiymətini razılaşdırmaq üçün danışıqları davam etdirir. "CNN-Türk" telekanalının xəbərinə görə, Türkiyənin enerji naziri Taner Yıldız bildirib ki, Azərbaycanla Türkiyə arasında təbii qazın alqı-satqısına dair 2001-ci ildə imzalanmış müqavilənin şərtlərinə görə, dünya bazarının konyunkturundan asılı olaraq qazın qiymətinin dəyişməsi mümkündür.
T.Yıldız bildirib ki, baş nazirin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə mayın 13-də Azərbaycana gələn nümayəndə heyəti ikitərəfli və çoxtərəfli görüşlərdə qazın qiyməti ilə bağlı məsələni müzakirə edib. Xatırladaq ki, Ərdoğan Bakıda qazın 1000 kubmetri üçün 120 dolların "ədalətli qiymət olmadığını" bildirmişdi.
Azərbaycanla 3 əsas məsələ barədə müzakirələrin aparıldığını deyən Yıldızın sözlərinə görə, bunlardan biri "Şahdəniz" layihəsinin I fazası çərçivəsində nəql olunan qazın qiymətinin dəyişdirilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə olunsa da, son nəticə hələ yoxdur. İkincisi, "Şahdəniz" layihəsinin II mərhələsi ilə bağlıdır. Burada müəyyən irəliləyişlər var. Üçüncü məsələ isə tranzit şərtlərilə bağlıdır ki, bu istiqamətdə də ortaq nəticəyə gəlinir.
Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinə gəlincə isə, nazir konkret rəqəm söyləmədən bunun bazar qiymətlərinə uyğun olacağını deyib: "Uyğun bir qiymət olmasına çalışırıq və məsələ ilə bağlı müzakirələrdə hər iki tərəf müsbət məqamlar səsləndirib. Biz hər iki tərəfi qane edə biləcək qiymət söylədik və bunun ətrafında müzakirələr apardıq".
Son məlumatlara görə, "Nabucco"ya dair sazişin iştirakçı dövlətlər arasında bu ilin iyun ayının 25-də Ankarada imzalanması planlaşdırılır. "The Guardian"ın xəbərinə görə, Avropa Birliyinin rəsmisi bildirib ki, Türkiyə layihə ilə bağlı hər hansı bir şərt irəli sürməyəcək. Avropa Komissiyasının enerci komissarı Andris Piebalqsın sözlərinə görə, Ankara tranzit müqabilində qazın 15%-nin güzəştli qiymətlə alınması tələbindən geri çəkilib.
Dünən isə məlum olub ki, Bakı ilə Ankara arasında təbii qazın alqı-satqısına dair müzakirələr sona çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkiyəyə satdığı təbii qazın 1000 kubmetri üçün qiymətin 250 dollaradək qaldırılması qərara alınıb. Qeyd edək ki, Türkiyə Rusiya qazının 1000 kubmetri üçün təxminən 400 dollar ödəyir.
Hazırda tərəflər arasında "Mərhələ-2" çərçivəsində hasil ediləcək "Şahdəniz" qazının həcmi və qiyməti ilə bağlı müzakirələr aparılır.