Azərbaycan uğurlu iqtisadi siyasət həyata keçirir
Ölkəmiz iqtisadi potensialına, təbii ehtiyatlarına görə, Cənubi Qafqaz regionunun lider ölkəsidir. Respublikamız istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan böyük nailiyyətlər əldə edib. Yoxsulluğun səviyyəsi 4 dəfə aşağı düşüb, bundan əlavə, respublikanın sənaye potensialı 2,5 dəfə, iqtisadiyyat 2,6 dəfə artmışdır. Bu da ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasətə əsaslanır. Təbii ki, bunun nəticəsidir ki, dünya iqtisadi və maliyyə böhranı ölkəmizin iqtisadiyyatına ciddi təsir göstərməyib.
Lakin bu böhran cari ilin dövlət büdcəsi haqqında qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələrin aparılmasını zəruri edib. Belə ki, yaxın günlərdə Milli Məclisdə qeyd olunan qanunun müzakirəsi olacaq. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əlipaşa Qayıbəliyev bildirdi ki, parlamentdə "2009-cu ilin dövlət büdcəsi haqqında" qanunun müzakirəsi təbii haldır: " Ümumiyyətlə, qeyd olunan qanunun müzakirəsi məqbul haldır. Ancaq inanmıram ki, burada ciddi dəyişiklərdən söhbət getsin. Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir ki, beynəlxalq böhran ölkəmizə ciddi təsir etmədi. Lakin az da olsa, bu böhran ölkəmizə öz təsirini göstərib ki, bu da 2009-cu ilin dövlət büdcəsi haqqında qanunun müzakirəsini zəruri edib. Mənə elə gəlir ki, burada ölkə üçün əhəmiyyət kəsb etməyən lahiyələrə ayrılan investisiya xərclərinin azaldılması və bundan başqa dövlət büdcəsinin gəlirləri ilə bağlı məsələlərin müzakirə edilməsi mümkündür."
Beynəlxalq maliyyə böhranının 2009-2013-cu illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına mane ola bilərmi" sualına gəlincə isə ekspert bildirdi ki, maliyyə böhranı ölkəmizə ciddi təsir göstərməyib: "Bu böhran Azərbaycana cüzi təsir göstərib və inandırıcı deyil ki, adıçəkilən böhran Dövlət Proqramının icrasına hər hansısa bir təsir göstərsin. Çünki əvvəl də qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edib və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan doğru, sınaqdan çıxmış və eləcə də, məqsədyönlü iqtisadi siyasət, bir daha onu deməyə əsas verir ki, heç bir böhran Azərbaycan iqtisadiyyatını sarsıda bilməz". 2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edildiyini qeyd edən Ə. Qaybəliyev vurğuladı ki, bu proqramın icrası nəticəsində bir sıra nailiyyətlər əldə edilib: " Qeyd etmək istərdim ki, birinci Dövlət Proqramı çox uğurla icra edilib. Bunun da nəticəsində regionlarda xeyli sayda iş yerləri yaradılıb ki, bunun da böyük bir hissəsi daimi xarakter daşıyır. Ümid edirəm ki, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul olunmuş növbəti Dövlət Proqramı da uğurla icra ediləcək".
Beləliklə, ölkəmizin iqtisadi inkişafı davamlı xarakter daşıyır. Eləcə də, respublikamız bundan sonra da istər siyasi, istərsə də iqtisadi sahədə xeyli uğurlara imza atacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cari ildə ölkəmiz üçün əhəmiyyətli və yeni inkişaf dövrünün başlanması ili kimi tarixə düşəcək.