PDF Oxu

İqtisadiyyat

  • 12

Tikinti sektoruna ipotekalar ayrılacaq

Tikinti sektoruna ipotekalar ayrılacaq
Bildiyimiz kimi, hökumət tikinti sektorunun dirçəldilməsi üçün sosial ipotekaların verilməsini reallaşdırmaq ərəfəsindədir. Bu istiqamətdə artıq bir sıra ciddi irəliləyişlər əldə olunub. "Səs" qəzetinə açıqlama verən iqtisadçı Vüsal Qasımlının sözlərinə əsasən, hazırda Azərbaycanın tikinti sektorunda durğunluq hiss olunur. Xüsusilə, sahibkarlar yeni binaların tikintisinə o qədər də meyil göstərmirlər.
Eyni zamanda, tikinti bazarında satış həcmi azalıb, qiymətlər aşağı düşüb və əhalinin tikinti bazarı ilə əlaqədar inflyasiya gözləntiləri var. O, əhalinin mövcud qiymətlərin daha da aşağı düşəcəyinin gözləndiyini bildirdi. Yəni, əhali mənzili indi yox, gələn ay alarsa, daha çox vəsaitə qənaət etmiş olacaq: "Bu baxımdan, tikinti bazarının canlanmasına ehtiyac var. Əgər Azərbaycanda hər il mənzilə ehtiyacı olan ev təsərrüfatlarının artım dinamikası ilə, hər il təhvil verilən mənzil sahələrini nəzərə alsaq, gərərik ki, burada böyük bir səy var. Məsələn, son illərin təcrübəsi göstərir ki, hər il orta hesabla 1 milyon kv metr mənzil istifadəyə verilirsə, buna yaranan tələbat daha çox, yəni 2-3 milyon kv. metrdir. Ona görə hökumət sosial ipoteka proqramının tətbiqini tikinti sektorunun canlanması vasitəsi kimi nəzərdən keçirir".
İqtisadçının fikrincə, bu ideyanın effekti olduqca müsbət olacaq. Azərbaycanda ipotekanın tətbiqinə başlananda kreditlərin həcminin az olmasına baxmayaraq, bunun tikinti bazarında bir canlanma yaratdığını söylədi: "Qiymətlər yüksəlməyə, işgüzar fəaliyyət güclənməyə başladı, yeni tikinti meydançaları yarandı və s. İndiki halda ilin sonuna qədər sosial ipoteka kreditləri bərpa olunarsa, bu, işgüzar dialoqun güclənməsinə, eləcə də, tikinti bazarına əlavə bir stimul verəcək. Tikinti bazarında qiymətlərin sabitləşməsinə, hətta yüksəlməsinə gətirib çıxaracaq. Əhalinin mənzil alması üçün alıcılıq qabiliyyətini təmin edəcək. Mənzil almaq üçün gözləyən əhalinin müəyyən bir təbəqəsi artıq fəallaşacaq".
Daha sonra Azərbaycanda dollara olan tələbatın artması məsələsinə aydınlıq gətirdi. Bunun manatın müəyyən qədər sıxışdırılmasına və nəticə etibarilə, inflyasiyanın yaranmasına səbəb olmayacağını bildirdi: "Biz manatın tarazlıq məzənnəsini hesablamışıq. Əslində, Mərkəzi Bankın bazara müdaxiləsi olmasaydı, bu gün bir dollar 81 qəpiyə yox, 90 qəpiyə bərabər olmalı idi. Yəni, manat dollar qarşısında 10-15 faiz ucuz olmalı idi. Amma Mərkəzi Bankın bazara müdaxiləsi və hər ay 150-170 manat təklif etməsi manatın dollar qarşısında sabitliyini qorumasına gətirib çıxarıb. Manatın sabitliyini qoruması da əhalinin sosil rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki manat sabitliyini qorumasa, onda Azərbaycanda manatın devolvasiyasına, yəni ucuzlaşmasına mütənasib olaraq, qiymətlər ucuzlaşmağa başlayacaq və inflyasiya sürətlənəcək. Necə ki, bu proses Qazaxıstanda, Rusiyada, Ermənistanda, o cümlədən, Ukraynada müşahidə olundu. O ölkələrdə milli valyuta kəskin ucuzlaşdı və bunun nəticəsində inflyasiya sürətləndi. Bunun da ən böyük zərbəsi əhaliyə dəydi".
İqtisadçı V.Qasımlı bu məqsədlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin son müşavirəsində manatın kursunun sabit saxlanmasının hökumətin qarşısında bir vəzifə kimi qoyulduğunu vurğuladı. Çünki manatın, nəticə etibarilə, ucuzlaşması əhalinin sosial rifahına mənfi təsir göstərə bilər.
Dollara tələbatın artmasına gəldikdə isə, Azərbaycanda dollar təklifinin ölkəmizdə ixrac edilən neft məhsullarından asılı olduğunu qeyd etdi. Eyni zamanda, bizim 1,5 milyard dollar məbləğində qeyri-neft, qaz ixracımız var. Buradan da xarici valyuta əldə edirik: "Bütün bu amillər ölkəmizdə dolların təklifini formalaşdırır. Lakin dollara olan tələbat isə bizim idxalla müəyyənləşdirilir. Yəni, biz nə qədər çox idxal ediriksə, o qədər də çox dollara ehtiyacımız olur. Amma bu gün Azərbaycanda neft hasilatının 45 milyon ton civarında olması və bunun da böyük əksəriyyətinin ixraca yönəlməsi Azərbaycanda dollar qıtlığının yaranmayacağından xəbər verir. Çünki Azərbaycanın istər dollar, istərsə də ki, digər xarici valyuta əldə etməsi daxili bazarda dollara olan tələbatın tamamilə ödənilməsinə imkan yaradır. Bu da, onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanda digər ölkələrdə olduğu kimi, xarici valyutaların qıtlığı ajoitajı yarana bilməz. Azərbaycan manatı öz sabitliyini qoruyacaqdır".

Digər xəbərlər