Azərbaycanın düzgün iqtisadi siyasət kursu
2008-ci ildən dünyanı bürüyən qlobal maliyyə böhranının cari ildə daha da dərinləşməsinə rəğmən, Azərbaycan iqtisadiyyatı bu prosesə ciddi müqavimət göstərir və tarazlığını qoruyub saxlayır.
Neftin qiymətlərinin 3-4 dəfəyədək aşağı düşməsinə rəğmən, son üç ayda ümumi daxili məhsulun 14 faizlik artımı respublikada iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin praktik nəticəsindən xəbər verir.
"Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik"- deyən ölkə Prezidenti İlham Əliyev hələ 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanlarında neftdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın hərtərəfli inkişafı naminə səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır.
Bu fərmanların əsas qayəsi ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin daha da azaldılmasına nail olmaqdan ibarətdir.
Cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz hesab etməklə yanaşı, qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışır.
Dövlət başçısı çıxışlarında hər zaman vurğulayır ki, neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-sabitlik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür.
Hazırda dünya ölkələrini iflic edən qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi də məhz hökumət səviyyəsində qeyri-neft sektoruna göstərilən yüksək qayğının nəticəsidir. Regionlara göstərilən diqqətə görədir ki, ötən 5 ildə sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateci valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artıb. Bunun nəticəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enib.
Bu gün digər ölkələrdən fərqli olaraq Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür, milli valyuta devalvasiyaya məruz qalmır, əhalinin sosial mənafeyi dövlət tərəfindən qorunur. Dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilsə də, Azərbaycanda əksinə olun- iqtisadi artım müşahidə olunub.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm nəticələrindən biri də ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsiylə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.
Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır.
Dövlət başçısı hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Xüsüsən də məhsullarını dünya bazarlarına ixrac edən emal sənayesi müəssisələrinə dövlət dəstəyinin göstərilməsi son dərəcə zəruridir. Qlobal maliyyə böhranı şəraitində sənaye müəssisələrinə dövlət yardımlarının göstərilməsi anti-böhran tədbirlərinin mühüm tərkib hissəsidir.
Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi prosesi demokratik prinsiplərə söykənməklə yanaşı, respublikada makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik inkişafına, onun maliyyə təminatının gücləndirilməsinə xidmət edir.
Azərbaycanda həyata keçirilmiş düzgün iqtisadi siyasət Azərbaycanın 2009-cu ildə də dinamik inkişaf edəcəyinə, qarşıya qoyduğu bir sıra vəzifələri uğurla yerinə yetirəcəyinə etibarlı zəmin yaradır.