PDF Oxu

İqtisadiyyat

  • 7

Azərbaycanı tarazlı inkişafa aparan Dövlət Proqramı

Azərbaycanı tarazlı inkişafa aparan Dövlət Proqramı
Məlum olduğu kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənəddə göstərilir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Növbəti Dövlət Proqramının Azərbaycanı tarazlaşan inkişafa apardığını deyən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu proqramların səmərəli prinsiplər üzərində qurulduğunu dedi:
- Azərbaycannın ictimai-siyasi, sosial-iqtisadi həyatında  baş verən böyükmiqyaslı keyfiyyətli dəyişikliklər bir daha təsdiqləyir ki, Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın inkişaf stategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində İlham Əliyev demişdi: "Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi qüdrətli və zəngin dövlətə çevirəcəyik". Ötən bu müddət ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Bütün bunlar ölkə rəhbərinin düzgün və məqsədyönlü siyasətinin nəticəsidir.
Son 5 ildə iqtisadiyyat 2,6 dəfə artıb, adambaşına düşən gəlir 5500 dol-a çatıb. Sənaye istehsalı 3,7 dəfə artmış, sənayeləşmə prosesi geniş vüsət alıb. Bunun nəticəsində 766 min yeni iş yeri açılıb ki, bunların da 547 mini daimidir. Yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə enib. Uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində büdcə xərcləri 12 dəfədən çox artıb. Valyuta ehtiyatı 18 mlrd dol-dan artıqdır. Son 5 ildə minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya təxminən 4 dəfə artıb. Minlərlə ailənin ünvanlı sosial yardım alması güclü sosial siyasətin həyata keçirildiyini, iqtisadi imkanların aztəminatlı təbəqənin yaşayışının yaxşılaşdırılmasına yönəldildiyini təsdiqləyən əsas amillərdəndir.
S.Səmədzadənin sözlərinə görə, Azərbaycan ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Böyük neft-qaz layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan ölkəmiz, hazırda dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlət kimi tanınmaqla yanaşı, əsil söz sahibinə çevrilib. Beynəlxalq maliyyə qurumları mütəmadi olaraq açıqladıqları hesabatlarında Azərbaycanın ÜDM istehsalının həcminə görə dünyada öncül yerdə dayanmasını, düzgün qurulan iqtisadi siyasət, neft və qaz istehsalının ildən-ilə artması ilə əlaqələndirirlər. Dövlət başçısı çıxışlarında bu fikri hər zaman bildirir ki, neft-qaz amili bu gün və gələcəkdə ölkəmizin inkişafı üçün öz müsbət rolunu oynayacaq. Amma əsas vəzifə iqtisadiyyatın inkişafının neft amilindən asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir. Bunun üçün neft gəlirlərindən səmərəli istifadənin vacibliyi önə çəkilir. Dövlət Neft Fondunda toplanan vəsaitlərin böyük əksəriyyəti qeyri-neft sektorunun inkişafına yönəldilir.
Bildirmək istərdim ki, 2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramında vətəndaşlarımızı narahat edən bütün məsələlər, o cümlədən, hər bir kəndin problemləri öz əksini tapıb. Proqramın məqsədi ondan ibarətdir ki, növbəti 5 il ərzində regionların bütün sosial, iqtisadi və infrastruktur problemləri həll edilsin.

Digər xəbərlər