PDF Oxu

İqtisadiyyat

  • 12

İpoteka istiqrazları dövriyyəyə buraxılacaq

İpoteka istiqrazları dövriyyəyə buraxılacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi əhalinin mənzil təminatının yaxşılaşdırılmasında öz töhfəsini vermək üçün ipoteka istiqrazlarının buraxılışına başlamaq niyyətindədir. Komitənin sədri Rüfət Aslanlı qeyd edib ki, bu həftənin sonuna kimi ipoteka istiqrazları dövriyyəyə çıxarılacaq. Ölkəmizdə ilk dəfə buraxılacaq bu qiymətli kağızlar mənzil bazarında alqı-satqı predmeti kimi istifadə olunacaq. Belə ki, əhali istiqrazlar vasitəsilə tikinti şirkətlərinin təklif etdiyi mənzillərə sahib ola biləcəklər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ipoteka istiqrazlarının dövriyyəyə buraxılması daxili ipoteka qiymətli kağızlar bazarının formalaşması istiqamətində atılmış ilk adddım olacaq və bu siyasət mənzil bazarında xüsusi canlanma yaradacaq. Elman Rüstəmov deyib ki, ilkin mərhələdə ipoteka istiqrazlarına qarşı əhali tərəfindən müəyyən dərəcədə risqli yanaşma müşahidə oluna bilər. Çünki ilk dəfə bazara çıxarıldığından bu kağızların hansı təminata malik olub-olmayacağı barədə vətəndaşlarda bir qədər tərəddüd yarana bilər. Əsas məsələ psixoloji baryeri dağıtmaqdır. Mərkəzi Bankın rəhbəri hesab edir ki, ilk dövrlərdə ipoteka istiqrazlarının potensial alıcıları qismində iri şirkətlər, sığorta və maliyyə qrurumları, qeyri-dövlət pensiya fondları, səhmdarlar və digər bazar seqmentləri olsa da sonradan vətəndaşların da aktivliyi artacaq. Müəyyən mərhələdən sonra tələbin artması bu bazarın inkişafına böyük stimul verəcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ipoteka istiqrazı hər hansı bir əmlakın dəyərini ifadə edən borc alətidir. Bu kağız mənzil alan şəxslə satan arasında müqavilə predmetidir. Avropa ölkələrində ipoteka istiqrazları uzun müddətə buraxılır. 15,20, hətta 30 il müddətinə buraxılan istiqrazlar da var. Bu qiymətli kağız vasitəsilə hər bir vətəndaş istiqrazı buraxan şirkətlə müqavilə bağlayaraq mənzili əldə etmək imkanına malikdir. Bunun üçün rəsmi dövlət zəmanəti ilə təmin olunmuş prosedurlara riayət etmək gərəkdir. İstiqraz əldə edən şəxs nəzərdə tutulan müddətdə, məsələn, 15 il ərzində mənzilin dəyərini ödəyir. Təbii ki, müqavilə bağlandıqdan sonra daşınmaz əmlak həmin şəxsə təqdim olunur. KQDK-da hesab edirlər ki, ipoteka istiqrazlarının buraxılışında iri tədiyyəçilər də iştirak edə bilər. Belə ki, tikinti şirkətləri ilə bərabər, banklar, Dövlət Neft Fondunun, iri şirkətlər də bu qiymətli kağızları dövriyyəyə çıxara bilər. İstiqrazların alıcıları qismində isə əhali ilə yanaşı, iri şirkətlər, sığorta və maliyyə qrurumları, qeyri-dövlət pensiya fondları, səhmdarlar və digər bazar iştirakçıları çıxış edə bilər. İqtisadçının qənaətinə görə, ipoteka istiqrazlarının dövriyyəyə buraxılması daxili ipoteka qiymətli kağızlar bazarının formalaşmasına səbəb olacaq. Vətəndaşlar ipoteka istiqrazlarına bir müddət risqli yanaşsalar da, sonradan bu hallar aradan qalxacaq.
QKDK-dan onu da bildiblər ki, ipoteka istiqrazlarının dövriyyəyə buraxılması tikinti sektorunu və qiymətli kağızlar bazarını canlandıracaq. Dövriyyəyə yeni qiymətli kağızların buraxılması dövriyyədəki pul kütləsinin çəkisinin azalmasına da səbəb olacaq. Bu isə inflyasiyanın səviyyəsinin aşağı düşməsinə təsir göstərəcək. Yeni qiymətli kağızların buraxılışı səhmdarların marağını da artıracaq. Onlar peşəkar iştirakçılar kimi bu kağızlar vasitəsilə fond bazarında bir aktivlik yarada bilərlər. Digər tərəfdən istiqrazlar vasitəsilə mənfəət əldə etmək mümkündür. Digər qiymətli kağızlar kimi ipoteka istiqrazları da müəyyən gəlirlilik dərəcəsinə malikdir və fond bazarında alqı-satqı predmeti ola bilər. Avropa ölkələrində bu gün ən çox istifadə olunan istiqrazlardır və onların içərisində ipoteka kağızları xüsusi yer tutur. Fond birjalarında ən iri əməliyyatlar da bu kağızlar vasiətsilə həyata keçirilir. İri banklar və sığorta şirkətləri öz pul vəsaitlərini daha çox bu cür istiqrazlara yerləşdirirlər. Ona görə də, banklar bu işdə fəal iştirak etməklə yaxşı qazanc götürmək şansını qaçırmamalıdır.
QKDK ipoteka istiqrazları ilə bərabər digər qiymətli kağızın-bələdiyyə istiqrazlarının da emissiyasını planlaşdırır. Həmin istiqrazlar da daşınmaz əmlak bazarı üçün xarakterik qiymətli kağız hesab olunur. QKDK mənzil istiqrazlarından sonra bələdiyyələrin qiymətli kağızlarını dövriyyəyə buraxmaq və rayonlarda sosial obyektlərin, infrastruktur layihələrinin reallaşması, eyni zamanda, fərdi mənzillərin tikintisi üçün bu kağızlardan faydalanmaq istəyir. Bu kağız bələdiyyə ilə vətəndaş arasında razılaşmaya əsasən, daşınmaz əmlakın zəmanəti ilə bağlı bütün detalları özündə əks etdirəcək.

Digər xəbərlər