PDF Oxu

İqtisadiyyat

  • 15

Maliyyə siyasəti Azərbaycanın inkişaf strategiyasının davamlılığına səbəb olacaq

Maliyyə siyasəti Azərbaycanın inkişaf strategiyasının davamlılığına səbəb olacaq
Dünyanı bürüyən maliyyə böhranı inkişaf etmiş dövlətlərin bütün iqtisadi sferalarında ciddi fəsadlar yaratmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında bu cür meyillər müşahidə olunmur. Hökumətin yürütdüyü çevik makroiqtisadi siyasət nəticəsində iqtisadi proseslər sürətlənib, antiböhran tədbirləri ilə bağlı mühüm addımlar atılmaqdadır. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət onu göstərir ki, 2009-cu ildə Azərbaycan iqtisadi və maliyyə böhranının ciddi təsirlərini hiss etməyəcək.
Bu barədə maliyyə naziri Samir Şərif İndoneziyanın Denpasar şəhərində keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 42-ci illik toplantısında bəyan edib. Azərbaycanın maliyyə naziri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülməkdədir. Dövlət başçısı müvafiq strukturların 2009-cu ildə iqtisadi proqramların bütün sahələrdə inkişafını təmin etməsi üçün, ən zəruri addımlar atmağı qarşısında məqsəd qoyub. Əsas məqsədlərdən biri, dünyada baş verən neqativ halların ölkəmizə təsirinin qarşısının alınmasına xidmət etməkdən ibarətdir.
Maliyyə naziri Samir Şərifov mövcud qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının inkişafi və böhranın təsirlərindən qorunmaq məqsədilə bu istiqamətdə aparılan iqtisadi siyasət barədə danışarkən, onu da əlavə edib ki, 2009 -cu ildə maliyyə və makroiqtisadi siyasətinin əsas istiqamətləri makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. Azərbaycan hökuməti qlobal böhranın təsirlərindən sığortalanmaq üçün makroiqtisadi siyasətin bütün istiqamətlərinin daha güclü konsolidasiya və koordinasiya olunmasına çalışacaq. 2009-cu ildə hökumətin həyata keçirəcəyi maliyyə siyasətinin əsas istiqamətləri respublikamızın inkişaf strategiyasının davamlılığına baza yaratmaqdan, makroiqtisadi tarazlığı və yüksək inkişaf dinamikasını, maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. Maliyyə Nazirliyi Mərkəzi Bankla birgə qlobal risqlərin iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərini qabaqlayıcı rejimdə məhdudlaşdıran, çevik makroiqtisadi tənzimləmənin həyata keçirilməsinə çalışacaq.
Maliyyə Nazirliyi maliyyə sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönələn siyasətə dəstək verəcək. Qlobal böhran şəraitində iqtisadi subyektlərin informasiyaya tələbatının və həssaslığının artdığını nəzərə alaraq, ictimaiyyətlə əlaqələrin daha intensiv formalarından istifadə ediləcək. Bunun üçün pul siyasəti və maliyyə sabitliyinin qorunması siyasətinə dair geniş iqtisadi maarifləndirmə işləri həyata keçiriləcək. 2009-cu il üçün nəzərdə tutulan fiskal siyasət, makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilib, baxmayaraq ki, ölkənin kifayət qədər qlobal likvidlik imkanları mövcuddur, amma qlobal risqlərin iqtisadi aktivliyə və məşğulluğa neqativ təsirini məhdudlaşdırmaq üçün, bu imkanların bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməsi vacib məsələlərdən olacaq. Bu məqsədlə qeyri-neft sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun davamlı müdafiəsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risqlərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlər diqqətdə saxlanılacaq. Maliyyə siyasəti ilə bağlı tədbirlərdən biri inflyasiyanın azalmasına nail olmaqdan ibarətdir. Ümumiyyətlə, 2009-cu il üzrə inflyasiyanın birrəqəmli həddə çatdırılması da əsas məqsədlərdən olacaq.

Digər xəbərlər