Azərbaycanda qlobal böhranın müsbət təsirləri
Ölkədə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, məhsul və xidmətlərin qiymətindəki ucuzlaşma, ixracın artması, idxalın azalması kimi amillər xeyrimizə işləyir
Qlobal iqtisadi böhran dünya ölkələrinin əksəriyyətində ciddi problemlər yaradıb. Böhrandan zərər çəkən ölkələrdə iş yerləri kütləvi ixtisara salınıb, istehsal xeyli aşağı düşüb, əhalinin alıcılıq qabiliyyəti azalıb. Azərbaycana da qlobal böhranın müəyyən təsirləri olsa da, bu, özünü yuxarıda qeyd etdiklərimiz formada göstərməyib. Böhran ölkəmizdə daha çox qiymətlərin ucuzlaşması və əhalinin alıcılıq qabiliyyətinin artması ilə müşayiət olunub ki, bunun da mənfi təsir olduğunu söyləmək olmaz.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkənin istehlak bazarında son 4 ayda ərzaq məhsulları 17 faiz ucuzlaşıb. Yaxın günlərdə qiymətlərin, əsasən, sabit və nisbətən azalmaya meyilli olacağı proqnozlaşdırılır. Statistikaya görə, yanvarda 4,1%, fevralda 3,4%, martda 1,7, aprel ayında isə 2,5 % ucuzlaşma qeydə alınıb.
Yay mövsümündən başlayaraq bazar-dükanda qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. Mütəxəssislər qiymətlə bağlı verilən proqnozların özünü doğrultduğunu deyir və mövcud şəraitdə ərzağın ucuzlaşmasını təbii hal hesab edirlər.
Onu da qeyd edək ki, son vaxtlar qlobal iqtisadi böhranın təsiri ilə əlaqədar olaraq idxal olunan məhsulların ucuzlaşması ərzaq bazarında qiymətin enməsinə təsir edən əsas amil kimi göstərilir. Bununla bağlı ekspertlər antiböhran tədbiri kimi dövlət tərəfindən tənzimlənən qiymətlərin aşağı salınmasını təklif ediblər.
Azərbaycanda da müəyyən sahələrdə qiymətlər ucuzlaşsa, təbii ki, ölkə iqtisadiyyatının rəqabətə davamlılığı artacaq. Digər tərəfdən isə, bu, əhalinin yaşayış səviyyəsinə təsir göstərəcək. İlk olaraq belə görünür ki, enerjidaşıyıcılarının qiymətlərinin endirilməsi dövlət gəlirlərinin azalmasına səbəb ola bilər, çünki tənzimlənən qiymətlərdən əldə olunan gəlir dövlətin xəzinəsinə gedir.
Amma nəzərə almaq lazımdır ki, əgər iqtisadiyyatın rəqabət qabiliyyəti güclənəcək, məhsul və xidmətlərin maya dəyəri aşağı düşəcəksə, bu, ölkədə daha çox məhsul və xidmət istehsalına gətirib çıxaracaq.
Beləliklə, tənzimlənən qiymətlərin aşağı salınması daha çox vergi ödəyicisi, daha çox iş yeri yaranması ilə nəticələnəcək ki, bu da dövlət büdcəsinə daha çox vəsait cəlb edilməsi deməkdir.
Ekspertlər qeyd edirlər ki, hazırda dünyada baş verən böhran Azərbaycan kimi ölkələr üçün imkanlar yaradıb. Azərbaycan kimi nefti, dövlət ehtiyatları olan ölkələrə böhran böyük imkanlar açıb. ABŞ-da və Avropa ölkələrində yaranmış vəziyyət bəzi ölkələr üçün səmərəli olub.
Ekspertlərin fikrincə, 18 milyard dollarlıq dövlət ehtiyatı olan Azərbaycan durumdan istifadə etməlidir. ABŞ-da, Avropa ölkələrində qiymətli kağızların qiyməti kəskin azalıb. ABŞ-nın dövlət fondlarının qiymətinin azalması sürətlənib və həmin dövlət fondlarının alınmasına vəsaitin yönəldilməsi səmərəlidir.
Dövlət başçısı ölkənin iqtisadi potensialından istifadə edərək, həm dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən vətəndaşlarımızın maaşlarını, təqaüdlərini, sosial ödəmələrini artırır ki, bu da alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərir. "Əhalimizin öz real həyatında ölkədəki inkişafın təsirlərini hiss etməlidir. Ona görə də, hesab edirəm ki, rəqabət mühitini biz liberal bazar iqtisadiyyatına uyğunlaşdırmalıyıq" deyə İlham Əliyev qeyd edib.
Çox sevindirici bir haldır ki, son bir neçə il ərzində ölkədə yoxsulluq 49%-dən 13.5%-ə düşüb. Son illər aparılan siyasət, iqtisadi-siyasət, həm də regionların iqtisadi inkişafı ilə bağlı qəbul olunan bir sıra proqramlar, ölkənin ayrı-ayrı sahələri ilə bağlı iqtisadi dövlət proqramları kifayət qədər əsas verdi ki, aparılan islahatlar həm struktur, həm də institusional islahatlar buna gətirib çıxardı və ölkədə yoxsulluq azaldı.