Qeyri-neft sektoru geniş şəkildə inkişaf edir
İlin birinci rübünün yekunları ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə, dünyada baş verən maliyyə böhranının ölkə iqtisadiyyatına ciddi təsir etmədiyi məlum oldu. Burada qeyd olundu ki, dünyada tüğyan edən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlı, dinamik inkişafa meyilli olduğunu bir daha sübut etdi.
Cari ilin üç ayı ərzində qeyri-neft sektorunda təxminən 14 faizlik artım qeydə alınıb. Millət vəkili Vahid Əhmədov bunu hökumətin uğuru kimi qiymətləndirdi. O bildirdi ki, qeyri-neft sektoru geniş şəkildə inkişaf edir. Bunun üçün Azərbaycanın xeyli dərəcədə ehtiyat mənbələri var: "Artıq bu istiqamətdə bir sıra addımlar atılıb. Həmin addımların nəticələri özünü son illərdə göstərməkdədir. Azərbaycanda qeyri-neft sektorunun artım tempi ÜDM-in ümumi artım tempindən geri qalırdısa, artıq bu problem arxada qalıb. Bu ildən başlayaraq qeyri-neft sektorunun artımı ÜDM-in ümumi artımını qabaqlayıb. Özü də bu göstərici nəzərəçarpacaq dərəcədə böyükdür". Millət vəkili onu da bildirdi ki, qeyri-neft sektorundakı sənayeni inkişaf etdirməklə ixrac potensialımızı artırmalıyıq. Onun sözlərinə görə, xaricə yalnız xammal, kənd təsərrüfatı malları ixrac etməklə kifayətlənmək olmaz: "Azərbaycanın qeyri-neft sektoruna aid sənayesinin çox böyük potensialı var. Biz bu potensialdan istifadə etməliyik".
İqtisadçı onu da bildirdi ki, cari ilin birinci rübün yekunlarını MDB-nin göstəriciləri ilə müqayisə etsək, demək olar ki, vəziyyətimiz çox yaxşıdır. Çünki bu il MDB-nin əksər ölkələrində iqtisadi artım iqtisadi tənəzzüllə əvəz olunub: "İlin ilk iki ayında MDB-də ÜDM-in həcmi orta hesabla 10 faiz aşağı düşüb. Bu göstərici bəzi MDB respublikalarında 16 faizə çatıb, bəzilərində isə 30 faizi keçib. Belə bir durumda Azərbaycanın birinci rübdə 4,1 faizlik iqtisadi artım əldə etməsi müsbət göstəricidir. Bu, onu göstərir ki, dünyadakı maliyyə böhranı başqa ölkələrlə müqayisədə Azərbaycana çox az təsir göstərib. Birinci rübdə əldə etdiyimiz 4,1 faizlik iqtisadi artım, dünya üzrə qeydə alınan orta iqtisadi artımdan da çoxdur. Amma əvvəlki illərin nisbəti ilə götürsək, əlbəttə ki, dünyadakı maliyyə böhranı bizə də təsir edib. Dünyada maliyyə böhranı olmasaydı, bu il əldə etdiyimiz iqtisadi göstəricilər daha yaxşı ola bilərdi".
V.Əhmədov onu da qeyd etdi ki, ölkə vətəndaşlarının banklardakı əmanətlərinin həcmi artmağa başlayıb. Çünki iqtisadiyyat inkişaf edir, əhalinin pul gəlirləri artır: "Böhranla əlaqədar dünyanın əksər bankları ciddi problemlərlə üzləşsə də, bizim banklar vəziyyətdən uğurla çıxa bildilər. Bu da, onu göstərir ki, Azərbaycan bankları digər respublikaların banklarına nisbətən daha dayanıqlıdır. Bu proses il ərzində də davam edəcək. Ola bilsin ki, dövriyyə vəsaitlərinin çatışmazlığı ucbatından bəzi vətəndaşlar banklardakı əmanətlərini çıxartsınlar. Amma bu, o demək deyil ki, əhalinin banklardakı əmanətləri azalacaq".