“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur
Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində dünyada baş verən maliyyə böhranının ölkəmizə təsiri olmayıb. Bütün bunlara əsaslanaraq, demək olar ki, "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramı"nın icrası uğurla həyata keçiriləcək. Vaxtaşırı Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması ilə bu proqramın icrası üçün nəzərdə tutulan xərclərin azaldılması, eləcə də, layihənin müəyyən müddəalarında dəyişikliklərin edilməsi haqqında fikirlər səslənir. Lakin məsələ ilə əlaqədar "Səs" qəzetinə açıqlama verən iqtisadçı Vüsal Qasımlı yayılan məlumatların əsassız olduğunu bildirdi. Qeyd etdi ki, "Regionların sosial-iqtisadi inkişafı (2009 - 2013-cü illər) Dövlət Proqramı"nın həyata keçirilməsi zamanı proqramda nəzərdə tutulan müddəalarda heç bir dəyişiklik baş verməyəcək.
Onun sözlərinə görə, dövlət büdcəsinə dəyişiklik fəlsəfəsi hökumətin qarşıya qoyduğu sosial və iqtisadi layihələri prioritetlik dərəcəsinə uyğun olaraq dəstəkləməkdən və maliyyələşdirməkdə davam etməkdən ibarətdir. "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramı" da məhz bu kontekstdə qiymətləndirilməlidir. İqtisadçı proqramda daha çox önəm daşıyan layihələrin maliyyələşdirilməsinin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğuladı: "Dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra sosial xərclərin artırılması baş verə bilər. Çünki qlobal maliyyə böhranının ən çox təsiri sosial sahədə hiss olunur. Sosial sahədə bu təsiri azaltmaq üçün mümkün qədər iş yerlərinin saxlanması və yeni iş yerlərinin açılması istiqamətində vəsait ayrılmalıdır. Azərbaycan xalqının 50 faizinin regionlarda yaşadığını nəzərə alsaq, deyə bilərəm ki, "Regionarın sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramı" çərçivəsində regionlarda məşğulluq səviyyəsinin saxlanması və artırılması istiqamətində xüsusi işlər görüləcəkdir. Yəni bu proqram sosial yöndə də ciddi deformasiyaya uğramayacaq".
Orta proqnozlara əsasən, qlobal maliyyə böhranının bu ilin sonu, gələn ilin əvvəlində yekunlaşacağını bildirdi. Hətta son məlumatlara görə, ABŞ, Avropa və Asiyanın qiymətli kağızlar bazarında bir sıra dirçəlişlər var. Dünyada qiymətli kağızlar və bank sektorunda aparılan testlərin nəticələrinə də toxunan V.Qasımlı, vəziyyətin deyildiyi kimi ağır olmadığını qeyd etdi: "Daha ümidverici nəticələr var və ona görə də qiymətli kağızlar bazarında bir canlanma yaşanır. Bu, onu göstərir ki, cari ilin sonu gələn ilin əvvəlində artıq iqtisadi inkişaf templəri bərpa olunacaq. Ona görə 2009-2013-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn tədbirlərin təxirə salınacağı ehtimalı sıfıra bərabərdir. Proqramın icrası ilə əlaqədar müəyyən çətinliklər ola bilər. Lakin növbəti illərdən başlayaraq Azərbaycanda sabit neft qiymətləri və neft hasilatının artırılması, qeyri-neft sektorunun inkişafı nəticəsində kifayət qədər maliyyə vəsaiti əldə edilməsi proqnozu "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrasını şərtləndirir".
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən son müşavirədə ölkədəki qiymət artımları ilə bağlı söylədiyi fikirlərə münasibətini bildirən V.Qasımlı, qiymətlərin aşağı düşməsinin, yəni inflyasiya prosesinin iqtisadi inkişaf üçün əlverişli şərait yaratmadığını söylədi. Bu səbəbdən qiymətlərin aşağı düşməsinin qarşısını vaxtında almaq lazımdır. O, ümumi iqtisadi nöqteyi-nəzərdən qiymətlərin aşağı düşməsinin həm də ölkədə iqtisadi və biznes fəallıq səviyyəsini aşağı saldığını qeyd etdi: "Bu amil istehsalçalıran gözləntilərinin neqativ yüklənməsinə gətirib çıxarır və məşğulluqla bağlı problemlər yaradır. Düşünürəm ki, qiymətlərin aşağı düşməsi ilə yanaşı, inflyasiyanın tənzimlənməsinə də ehtiyac var. Çalışmaq lazımdır ki, onun həddi iqtisadi inkişafa şərait yaratmaqla yanaşı, həm də əhalinin sosial-rifah vəziyyətinə mənfi təsir göstərməsin. Ümidvaram ki, hökumət qiymət siyasətini elə tənzimləyəcək ki, o, iqtisadi artımı, məşğulluğu, işdə fəaliyyəti stimullaşdırsın".
Hökumətin bu siyasəti həyata keçirməyə kifayət qədər resursu olduğunu nəzərə çatdıran iqtisadçının sözlərinə görə, əhalinin artan gəlirlərini inflyasiya vergisi şəklində onların əlindən alınmaması üçün də məqsədyönlü addımların atılmasının vacibliyini vurğuladı. Çünki qarşıdan kənd təsərrüfatı mövsümü gəlir. Bununla əlaqədar olaraq bəzi ərzaq məhsullarının qiymətinin ucuzlaşması və ya sabit qalması gözlənilir.
Daha sonra dövlət başçısı İlham Əliyevin hökumətin antiböhran proqramının 7 əsas prinsipini müəyyənləşdirdiyini diqqətə yetirən V.Qasımlı, hökumətin antiböhran fəaliyyətinin məhz həmin 7 prinsip əsasında həyata keçirildiyini bildirdi: "Xarici müşahidəçilərin də qeyd etdiyi kimi, bu, Azərbaycanın böhrandan daha az təsirlənməsinin əsas şərtidir. Dövlət vəsaitlərinin daha səmərəli istifadə edilməsi, investisiya layihələrində daha prioritet layihələrə önəm verilməsi və nisbətən az prioritet təşkil edən layihələrin qısa müddətə təxirə salınması, əhalinin sosial-rifahı ilə bağlı vəziyyətin yaxşılaşdırılması, qiymətlərin səviyyəsinin aşağı düşməsinin qarşısının alınması, manatın sabitliyinin qorunması və bunun ölkədə iqtisadi inkişaf, sosial rifaha stimulverici amil kimi istifadə edilməsi, ölkənin ixrac potensialını gücləndirmək üçün ixracatla məşğul olan konkret müəssisələrə dəstək verilməsi, maliyyə bank sektorunda sabitliyin və əhalinin kommersiya banklarına olan inamının saxlanması və artırılması üçün müvafiq tədbirlər həyata keçirilməsi və s. görüləcək işlərdəndir. Bütün bu tədbirlər Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və artıq Azərbaycanda bunlar həyata keçirilir".
Azərbaycanda Qazaxıstandakı kimi milli valyutanın kəskin devalvasiyası, xarici kapitalın ölkədən çıxması, bank sektorunda iflas təhlükəsinin yaranması, əhalinin əmanətlərinin dəyərsizləşməsi, ölkənin xarici ticarət balansında mənfi amillərin yaranması, inflyasiyanın qəflətən sürətlənməsi və s. halların müşahidə olunmadığını söylədi. V.Qasımlı belə hesab edirəm ki, bunlar Prezident İlham Əliyevin təsdiq etdiyi antiböhran proqramı nəticəsində baş verib. "Hökumətin yaxın gələcəkdə əsas vəzifəsi, məhz Neft Fondunun 2,5-3 milyard ABŞ dolları məbləğindəki vəsaitinin Azərbaycana gətirilməsi və ölkənin maliyyə bank sektoru vasitəsilə real sektoruna yönəldilməsindən ibarətdir. Bunun da nəticəsində qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının rəqabətədavamlılıq vəziyyətini bir qədər də yaxşılaşdıra bilərik. Bunun üçün hökumətin kifayət qədər siyasi iradəsi və rezervləri var. Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar öz həllini taparsa, yuxarıda qeyd olunan tədbirlər gerçəkləşmiş olar" deyə fikrini tammaladı.