PDF Oxu

İqtisadiyyat

  • 13

Hökumət bir sıra müəssisələrə güzəştlər edəcək

Hökumət bir sıra müəssisələrə güzəştlər edəcək
İqtisadi İnkişaf Nazirliyi ölkədə özəl bölmənin inkişafını sürətləndirmək, sahibkarlıq sektoruna dövlət dəstəyini gücləndirmək, dünya maliyyə böhranı şəraitində iri və orta müəssisələrə güzəştlər tətbiq etmək və digər tədbirləri həyata keçirmək niyyətindədir. Nazirlik bununla yanaşı dünya iqtisadiyyatındakı böhranın təsirlərini minimuma endirmək məqsədilə, bir sıra sosial-iqtisadi ssenarilər hazırlayacaq. Nazir Şahin Mustafayev bildirib ki, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, bir sıra tədbirlər planı hazırlanıb həyata keçiriləcək. İİN-də keçirilən kollegiya iclasında nazir deyib ki, bu tədbirlər, ümumilikdə, respublikada iqtisadi inkişafı sürətləndirməyə xidmət edəcək.
İİN qarşıdakı müddətdə nəzərdə tutulan sosial-iqtisadi ssenarilərin makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və inkişaf tempini sürətləndirməyə xidmət edəcəyini bəyan edir. Bununla yanaşı, maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaq diqqətçəkən məsələlərdən biri olacaq. İİN hesab edir ki, qloballaşmanın dərin xarakter alması hər bir ölkənin sosial-iqtisadi inkişafında davamlılığı təmin etmək və dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirmək, ölkənin sosial-iqtisadi təhlükəsizliyinin təmin etmək başlıca şərtlərdəndir. Azərbaycan sosial-iqtisadi inkişafının davamlılığının təmin edərək irimiqyaslı proqramlar və digər iqtisadi siyasət tədbirləri həyata keçirən dünya iqtisadiyyatına, trans-nəqliyyat və telekommunikasiya-iqtisadi sisteminə, şəbəkəsinə inteqrasiyanı dərinləşdirib. Aparılan məqsədyönlü və ardıcıl siyasət respublikamızın Avropa və Asiya, Şərq və Qərb, Şimal və Cənub arasında körpü rolunu oynayır. Buna görə də, bu tempi qoruyub saxlamaq üçün, 2009-cu illərin və sonrakı illərin inkişafına təminat verən proqramlar başlıca diqqət mərkəzində olacaq. Bu mənada İİN-in hazırladığı davamlı inkişaf konsepsiyasının əsas istiqamətləri bazar iqtisadiyyatına, özəl sektora əsaslanan dayanıqlı və dinamik inkişafı nəzərdə tutur. Bu ssenarilər neft və qeyri-neft sektorları arasında optimal nisbətlərini müəyyənləşdirmək və tarazlığı təmin etmək, qeyri-neft sektorunun tarazlı inkişafına və onun ixrac potensialının reallaşdırılmasına nail olmaqdan ibarətdir.
Qeyri-neft sektoru yaxın illər üçün iqtisadiyyatın aparıcı sahəsi olmaqla ümumi daxili məhsul istehsalında və əhalinin məşğulluğunda aparıcı yeri tutacaq. Qeyri-neft sektorunda prioritetlərdən biri sənaye şəhərciyinin yaradılması və xüsusi iqtisadi zonaların fəaliyyətə başlamasıdır. İnformasiya və innovasiya texnologiyasının tətbiq edilməsi, yeni sənaye siyasətinin tərkib hissəsi olacaq. Proqnozlara görə, qeyri-neft sektorunda məhsul istehsalı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə mühüm yer tutacaq və Azərbaycan dünya bazarlarına çıxarılan məhsulların rəqabət qabiliyyətliliyinə görə, fərqli bir ölkə olacaq. Bu isə ölkəmizin ixrac imkanlarının genişlənməsi ilə yanaşı, valyuta axınının yeni bölməsinin formalaşması demək olacaq. Təbii ki, burada kənd təsərrüfatı və rabitə-kommunikasiyaları texnologiyaları başlıca yer tutacaq.
2009-2011-ci illərdə makroiqtisadi siyasətin əsas məqsədi, əldə edilmiş makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın dəstəklənməsindən ibarət olacaq. Makroiqtisadi sabitliyin gələcəkdə də təmin edilməsi məqsədilə, adekvat fiskal və monetar siyasət tədbirləri reallaşdırılacaq, bu sahədə siyasətin koordinasiyası gücləndiriləcək. Təbii ki, bu siyasət bazar infrastrukturunun və əlverişli investisiya mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi, azad və ədalətli rəqabət mühitinin təmin edilməsi nəticəsində reallaşacaq.
İİN antiböhran tədbirlərinin əsas seqmentlərinin öz səmərəsini verəcəyinə inandığını bildirir. Bu müddətdə sərmayə proqramlarının həyata keçirilməsi ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsi, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılması, ixracyönümlü müəssisələrin dəstəklənməsi, banklara real maliyyə əməliyyatları aparmaq üçün imkanların yaradılması nəzərdə tutulur.

Digər xəbərlər