Azərbaycan qlobal maliyyə böhranının təsirlərini ən az hiss edən ölkədir
Qlobal maliyyə böhranının fəsadlarını aradan qaldırmaq və onun acı təsirlərindən mühafizə olunmaq istiqamətində, dünya dövlətləri bütün mövcud imkanlardan yararlanmağa səy göstərir. Dünya ölkələri antiböhran proqramı tətbiq edir. Bəs, görəsən, qlobal böhran öləkədə nə dərəcədə hiss olunur və antiböhran proqramının tətbiqi nəyi dəyişəcək?
Millət vəkili Vahid Əhmədov bildirdi ki, qlobal maliyyə böhranı bütün ölkələrə təsir göstərir. Azərbaycan da qlobal böhranın mənfi təsirlərini hiss edən ölkələr sırasındadır: "Ölkə iqtisadiyyatının daxili imkanlarından asılı olmayaraq, bu, bizdə də özünü göstərir. Parlament antiböhran proqramının hazırlanması ilə bağlı açıqlama verib. Bu proqramın hazırlanması ilə əlaqədar rəsmi açıqlamanın verilməsi, elə o deməkdir ki, böhran Azərbaycandan yan ötüşmür. 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə ölkə başçısı qlobal böhranın xarici amil kimi ölkə iqtisadiyyatına təsir göstərdiyini və hökumətin vəzifəsinin böhranın təsirlərini minimuma endirməkdən ibarət olacağını bildirdi. Böhran Azərbaycana təsir göstərir. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan qlobal maliyyə böhranının təsirlərini MDB ölkələri arasında ən az hiss edən ölkələrdən biridir. Böhran Azərbaycana Rusiya və Qazaxıstanda olduğu qədər təsir göstərmir. Ölkənin dövlət rezervlərinin çox olması ona qlobal maliyyə böhranının təsirlərindən sığortalanmaq imkanı verir".
V.Əhmədov onu da bildirdi ki, böhranın mərhələləri birbaşa böhranın çərçivəsindən asılıdır: "Birinci mərhələdə istehsalın azalması ilə yanaşı qiymətlərin azalması da müşahidə olunur. Bu da maliyyə qıtlığının və insanların aldığı səhmlərin aşağı düşməsilə bağlıdır. İkinci mərhələdə isə, istehsalın azalması ilə yanaşı, istehlak bazarında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunacaq. Birinci mərhələdə istehsalın aşağı düşməsi nəticəsində bazara çıxarılan məhsulların sayı azalır. Bu da qiymət artımına səbəb olur. Bu baxımdan, böhranın ikinci mərhələsi qiymətlərin artması kimi yadda qalır".
İqtisadçı Vüqar Bayramov bildirdi ki, bəzi ekspertlər qlobal böhranın 2011-ci ilə qədər davam edəcəyini bildirir. O, qeyd etdi ki, böhranın təsirlərinin azaldılması və hansı müddətə qədər davam etməsi birbaşa dövlətin fəaliyyətindən asılıdır: "Əgər hökumət digər keçid ölkələrində olduğu kimi, antiböhran proqramı qəbul edəcəksə və bu proqram çərçivəsində antiböhran tədbirləri həyata keçiriləcəksə, bu zaman böhranın təsirlərini artıq 2009-cu ilin sonuna qədər azaltmaq olar. 2010-cu ilin əvvəllərindən başlayaraq, iqtisadiyyatda durğunluğu canlanma ilə əvəz etmək mümkün olacaq. Əgər hökumət dövlət rezervlərinin bir qismini kommersiya bankları vasitəsilə real sektora verilməsini təmin edəcəksə, ipoteka proqramı bərpa olunacaqsa, bu, qlobal maliyyə böhranının təsirlərini yaxın vaxtlarda minimumlaşdırmağa imkan verəcək. Ölkədə son 5 ildə ilk dəfə olaraq birrqəmli iqtisadi artımın olması proqnozlaşdırılır".