Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Respublikamız təbii ehtiyatlarına, iqtisadi potensialına görə, Cənubi Qafqaz reginonunun lider ölkəsidir. Ölkəmiz istər iqtisadi, istərsə də siyasi baxımdan son illər böyük uğurlara imza atıb. Son beş il ərizində aparılan düzgün iqtisadi siyasət nəticəsində yoxsulluğun səviyyəsi dörd dəfə aşağı düşüb, respublikamızın sənaye potensialı 2,5 dəfə, iqtisadiyyat 2,6 dəfə artıb. Prezident İlham Əliyev cənablarının Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, "2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir."
Məlumata görə, may ayının ortalarınadək Milli Məclisdə "2009-cu il dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılacaq. Bu və ya digər məsələlərə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, iqtisadçı ekspert Aydın Hüseynov qeyd etdi ki, burada ciddi dəyişikliklərdən söhbət gedə bilməz: "Qlobal iqtisadi böhran tələb edir ki, büdcəyə yenidən baxılsın. Yəni, birinci rübün yekunlarından sonra "Dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələrin aparılması məqbuldur."
İqtisadçı ekspert vurğuladı ki, dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin azaldılması nəzərdə tutulur: "Hesab etmirəm ki, burada sosial sahəyə ayrılan xərclərin azaldılması müzakirə edilsin. Burada, əsasən, o qədər əhəmiyyət kəsb etməyən layihələrə ayrılan investisiya xərclərini azaldılması, eyni zamanda, gəlirlərlə bağlı məsələlər müzakirə oluna bilər. Yəni, bu məsələ kompleks mənada başa düşülməlidir."
Dünya maliyyə böhranının 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına təsir edə bilərmi sualına gəlincə isə, ekspert bildirdi ki, qeyd olunan böhran ölkəmizə ciddi təsir göstərməyib: "Beynəlxalq maliyyə böhranının respublikamıza təsiri cüzidir. Belə olan halda, inandırıcı deyil ki, bu böhran adıçəkilən dövlət proqramının icrasına təsirini göstərə bilsin. Bu, son illər cənab Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir. Bütün nailiyyətlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı düzgün proqnozlaşdırılıb və elmə əsaslanır. Bizim iqtisadiyyatımız sınaqdan çıxmış bir meyardır"