PDF Oxu

İqtisadiyyat

  • 10

Azərbaycan strateji əhəmiyyət daşıyan ərzaq məhsulları istehsal edə bilər

Azərbaycan strateji əhəmiyyət daşıyan ərzaq məhsulları istehsal edə bilər
Son günlərdə ayrı-ayrı beynəlxalq təşkilatlar - Dünya Bankı, BVF, BMT, YUNESKO - bir-birinin ardınca bəşəriyyətdə problemə çevrilə biləcək ərzaq böhran və bu böhranların doğura biləcəyi nəticələrlə bağlı fikirlər səsləndirir. Təbii olaraq Azərbaycanda da bu məsələ ətrafında fikirlər bildirilməkdədir. Lakin ölkə iqtisadçılarının əksəriyyətinin fikrincə, Azərbaycanın bu böhranı mümkün qədər az itkilərlə aşmaq üçün resursları var.
İqtisadçı ekspert Əli Əlirzayev məsələyə münasibət bildirərək qeyd edərək bildirdi ki, dünyada müşahidə olunan maliyə böhranının səbəblərilə bağlı müxtəlif versiyalar mövcuddur. Ərzaq istehsalına nisbətdə dünya əhalisinin daha sürətlə artması, həmin məhsullar hesabına enerjidaşıyıcılarının istehsalının genişlənməsi, ötən il dünyanın bir sıra aparıcı kənd təsərrüfatı ölkələrində (məsələn, Yeni Zelandiya və Avstraliya) quraqlıq, neftin bahalaşması nəticəsində kənd təsərrüfatı istehsalında maya dəyərinin yüksəlməsi, inkişaf etməkdə olan ölkələrin ərzağa tələbatının artımı kimi müxtəlif səbəblər səsləndirilən fikirlər sırasındadır. Bir də, hansı səbəbdən baş verməsinə baxmayaraq, dünyada bu vəziyyətin diqqət mərkəzəndə olduğu qətidir. BMT aramsız olaraq inkişaf etmiş ölkələri yoxsul ölkələrə yardımları artırmağa çağırır. Qurum bildirir ki, son 3 ildə bu yardımların həcmi 35 faiz azalıb. BMT yaxın dövrdə kəskin ərzaq böhranı ilə üzləşə biləcək, risq altında olan 36 ölkənin siyahısını açıqlayıb. Onların sırasında 2 MDB ölkəsi - Moldova və Tacikistan da var.
Ə.Əlirzayev hazırda Azərbaycanın istehlak bazarının çeşidli mallarla dolu olduğunu bildirdi: "Amma hökumətin əsas məqsədi burada keyfiyyəti önə çəkərək, ona üstünlük verməkdir. Çünki həm yerli istehsal, həm də idxal mallarının keyfiyyəti standartlara cavab verməsə də, istehlakçılar bu malları almağa məhkumdurlar".
İqtisadçı ekspertin sözlərinə görə, aztəminatlı ailələrin yaşayış səviyyəsinə uyğun qiymət siyasəti həyata keçirmək dövlətin başlıca vəzifəsidir: "Əgər liberal qiymətlər artırsa, dövlət müxtəlif tədbirlər həyata keçirə bilər. Xüsusən, çörək, çörək məhsulları, ət və ət məhsullarının qiymətlərinin artması zamanı dövlətin borcudur ki, aztəminatlı ailələrin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını alsın. Bunun üçün minimum əməkhaqqı, pensiya və müavinətlər artırılmalıdır. Digər tərəfdən, istehsalda stimul yaratmaqla qiymət artımının qarşısını almaq olar. Bir sözlə, Azərbaycan ərzaq böhranı ilə mübarizə aparmaq üçün kifayət qədər resursları var. Bu resurslardan istifadə olunarsa, Azərbaycanı ərzaq böhranına davam gətirən ölkə saymaq olar".

Digər xəbərlər