PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət
Qlobal maliyyə böhranı dünyanın əksər ölkələri kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 16-da 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilən müşavirədə, böhranın xarici amil kimi iqtisadiyyatımıza təsir göstərdiyini bəyan etmişdir. Ölkə başçısı bildirib ki, 2009-cu ildə bizim başlıca vəzifəmiz ondan ibarət olacaqdır ki, dünya maliyyə və iqtisadi böhranının Azərbaycana mümkün mənfi təsirinin nəticələrini minimuma endirək.
Qlobal maliyyə-iqtisadi böhran səngimək bilmir. Hələlik, böhranın nə zaman başa çatacağı ilə bağlı konkret proqnozlar yoxdur və güman edilir ki, böhran 2010-ci ilin ortalarınadək davam edəcək. Məhz böhranın qısa müddətli olmaması antiböhran tədbirlərinin həyata keçirilməsini zəruri edir. Artıq əksər ölkələrdə anti-böhran proqramının hazırlanmasında başlanılıb. Antiböhran tədbirləri böhranın təsirlərini azaltmaqla yanaşı eyni zamanda, iqtisadiyyatda canlanmanın formalaşmasına xidmət edir.
Xəbər veridiymiz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi məhz antiböhran tədbirlərinin həyata keçirilməsinə ölkəmizdə də zərurətin olduğunu nəzərə alaraq antiböhran konsepsiyası hazırladı və SİA-nın dəstəyi ilə bu konsepsiyanın ictimai müzakirəsi keçirildi. Bir sözlə, Azərbaycanda qlobal böhrandan yan keçmək üçün təkcə hökumətin yox, cəmiyyətin də rolunun olması təqdirəlayiqdir.
Rəsmi məlumatlara görə, Azərbaycanın makroiqtisadi göstəricilərində son illər müşahidə edilən sürətli artımlar 2008-ci ilin sonunda nisbətən aşağı düşüb. Belə ki, iqtisadi artım 2006-cı ildə 34.5 faiz, 2007-ci ildə 25 faiz artmışdısa, ötən il bu göstərici 10.8 faiz olub.
2007-ci illə müqayisə də faiz nisbətində baş verən azalma bilavasitə qlobal maliyyə böhranının və eləcə də neftin dünya bazar qiymətinin azalması nəticəsindəki neqativ təsirlər ilə bağlıdır. Bununla belə, 2008-ci ildə 2003-cü illə müqayisədə ÜDM-in real həcmi 2,6 dəfə artıb və 38 mlrd. manat təşkil edib, o cümlədən, qeyri-neft sektorunda artım 1,8 dəfə, neft sahəsində artım isə 4,1 dəfə təşkil edib. Qeyri-neft sektorunda artım ötən il 15,7% olub ki, bu da həmin sektorda inkişafın nəzərə çarpdığıı göstətir.
ÜDM-in faiz artımında azalmaların baş verməsinə baxmayaraq, ötən il əhalinin adambaşına düşən nominal ÜDM həcmi artaraq 4440 manat təşkil edib. Son 5 il ərzində ölkəmizdə ÜDM-in artımını, neft və qeyri-neft sektorundakı artımı nəzərə alsaq, onda ÜDM artımının neft sektorundakı artımdan asılı olduğunu görərik. Bundan başqa, neft və qaz sektorunun xüsusəndə 2005-ci ildən sonra ÜDM-dəki payı artmaqdadır ki, 2008 ci ildə bu gösətrici 60 faizə yaxınlaşıb.
2003-cü ildən 2008-ci ilədək dövlət büdcəsi 10 dəfəyə qədər artaraq büdcə gəlirləri 10 763 mln manat, büdcə xərcləri isə müvafiq olaraq 10 680 mln manat təşkil edib. Büdcənin gəlirləri əvvəlki illə müqayisədə 79.2%, proqnozlardan isə 2.7% çox olub.
Ötən il dövlət büdcəsinin xərcləri 10 680 mln. manata bərabər olub ki, bu da proqnozların 96,6% təşkil edir. Eyni zamanda, büdcə xərcləri 2007-ci ildəkindən 75,5% çox olub: 2008 ci ilin dövlət büdcəsinin profisiti 83 mln man təşkil edib.
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 mlrd 177 mln man, xərcləri 12 mlrd 355 mln man məbləğində nəzərdə tutulub. Beləliklə də, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1 faiz, xərcləri isə müvafiq olaraq 11,7 faiz çox proqnozlaşdırılıb.
Dövlət büdcəsi gəlirlərinin təxminən 2/3-i neft sektorunun payına düşür. 2009-cu il Dövlət Büdcəsində neft sektorundan birbaşa daxilolmalar 7595 mln man təşkil edəcək ki, bunun da 2680 mln man-ı neft sektoru üzrə birbaşa vergi ödənişlərinin, 4915 mln man-ı isə ARDNF-nin transfertlərinin (büdcə gəlirlərinin 40,4 faizi) payına düşəcək ki, bu da büdcənin 60 faizdən çoxunun neft sektoru hesabına formalaşması deməkdir.
Fondun son açıqlamalarına əsasən, 2009-cu ilin yanvarın 1-nə fondun aktivləri 8 986,7 mln AZN-ə bərabər olub. Bu, fondun vəsaitlərinin 2001-2008-ci illərdə 20 dəfəyə yaxın artması deməkdir. Fondun aktivlərinin artım mənbələrini təhlil edərkən, bu artımın böyük hissəsinin neft-qaz sazişlərinin həyata keçirilməsindən gələn gəlirlərin payına düşdüyü aydın olur. Vəsaitlərin idarə edilməsindən gələn gəlir isə ümumi gəlirlərin strukturunda orta hesabla 7 faiz təşkil edir.
Ekspertlərin fikrincə, qlobal maliyyə böhranının neqativ təsirlərini azaltmaq və eləcə də, ölkədə dayanaqlı iqtisadi inkişafı qorumaq üçün anti-böhran tədbirlərinin həyata keçirilməsi vacibdir. Antiböhran tədbirləri hər bir ölkənin iqtisadiyyatının yerli xüsusiyyətlərindən asılı olaraq həyata keçirilməlidir.
Böhran illərində dövlətin sahibkarların, bankirlərin və bütövlükdə bütün vətəndaşların yanında olması vacibdir. Dövlət öz imkanlarından istifadə edərək öz vətəndaşlarına yardım edir. Bununla da böhrandan tez çıxmağa zəmin yaradır. Azərbaycanda biznesə dövlət yardımlarının əhəmiyyəti artıq ən yüksək rəsmi səviyyədə bəyan edilib. Sözügedən konsepsiya dövlətin biznes və ya sahibkarlara həm birbaşa, həm də dolayı yardımlarını nəzərdə tutur.
Qlobal böhran nəticəsində maliyyə resurslarının qıtlığı problemini nəzərə alaraq ekspertlər dolayı yardım metodlarına üstünlük verməyi təklif edirlər. Çünki, bu zaman, artıq, nağd maliyyə yardımlarına ciddi ehtiyac qalmır. Lakin qeyd olunur ki, bir sıra hallarda birbaşa yardımlara da ehtiyac var və bu da iqtisadi canlanmaya ünvanlanan tədbirlərin əsasını təşkil edir.
Azərbaycan iqtisadiyyatının strukturunu və xüsusiyyətlərini əsas götürən və eləcə də, xarici ölkələrin təcrübəsini nəzərə alan hökumət qurumları, ölkədə davamlı və perspektivli layihələrin və dövlət proqramlarının həyata keçirilməsini təmin edir ki, bu da, öz növbəsində, ölkə iqtisadiyyatının böhrana məruz qalmamasını şərtləndirir.

Digər xəbərlər