PDF Oxu

İqtisadiyyat

  • 20

Azərbaycan-Ermənistan: inkişaf və tənəzzülün iki üzü

Azərbaycan-Ermənistan: inkişaf və tənəzzülün iki üzü
Dünya iqtisadiyyatında baş verən proseslər bir sıra ölkələrdə özünü daha pis şəkildə göstərməyə başlayıb. Düzgün iqtisadi kurs yeritməyən, sosial müdafiəni normal təşkil etməyən və iqtisadi potensiala malik olmayan ölkələrdə daha acınacaqlı durum yaranıb. Belə ölkələrdən biri də Ermənistandır. İşğalçı ölkə getdikcə daha ağır böhan keçirir və əhalinin sosial faciəyə düçar olmasının məsuliyyəti məhz yeridilən separatçı siyasətin üzərinə düşür. Təcavüzkar siyasət yeridən dövlətin rəsmiləri, ölkəni və xalqı böyük fəlakətin astanasına gətirib çıxarıblar.
Ermənistanda istehsal olunan ÜDM-in həcmi 2008-ci ilin yekunları üzrə 3 650 mlrd dram və ya 12 mlrd dol təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisindən 6,8% çoxdur. ÜDM-in strukturunda sənaye istehsalının xüsusi çəkisi 13%, kənd təsərrüfatı 15,7%, tikinti 27,1%, ticarət, nəqliyyat, rabitə, ictimai iaşə 17,5%, xidmət sektorunun xüsusi çəkisi isə 34,3% təşkil edib. Qeyd edək ki, 2007-ci ildə iqtisadi artım 13,8%-ə bərabər olub. Ötən il ərzində Ermənistanda sənaye istehsalının həcmi 2%, əsas kapitala yönəldilən investisiyalar 1,7% artdığı halda, yükdaşımaların həcmi 11,6% azalıb.
Ermənistanın 1000 ən iri vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ötən il ərzində 445,9 mlrd dram vəsait köçürülüb. İri vergi ödəyicilərinin siyahısına "K-Telecom" şirkəti başçılıq edir. Şirkət tərəfindən ödənilən vergilərin həcmi 30,8 mlrd dram təşkil edib.
Sonrakı yerləri "ArmRosqazprom" (17,9 mlrd dram), "ArmenTel" (15,1 mlrd dram), Zəngəzur Mis-Molibden Kombinatı (14,4 mlrd dram), "Aleks-Qriq" (12,5 mlrd. dram) şirkətləri tutur.
Əhalinin alıcılıq qabiliyyətinin qiymətləndirilməsi üçün vacib göstəricilərdən biri olan orta aylıq əməkhaqqının həcmi 2008-ci ildə 91 min dram (təxminən 298 ABŞ dol-ı) təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisindən 17,4% çoxdur. O cümlədən, büdcə təşkilatlarında işçilərin əməkhaqqı 64,8 min dram (artım 18,6%), qeyri-büdcə təşkilatlarında isə 113,9 min dram (artım 16,3%) təşkil edib.
Eyni zamanda, 2008-ci ilin sonuna Ermənistanda işsizliyin göstəricisi 6,3% təşkil edib ki, bu da 2007-ci ilin yekunlarına nisbətən 0,7 faiz azdır. Belə ki, Ermənistan Dövlət Məşğulluq Xidməti tərəfindən qeydə alınmış iş axtaranların sayı 2008-ci ilin sonuna 90,2 min nəfər, işsiz statusunu almış şəxslərin sayı 74,7 min nəfər olub.
Ölkənin Milli Statistika Xidmətinin hesablamalarına görə, ötən ilin sonuna Ermənistanda iqtisadi fəal əhalinin sayı 1 194,6 min nəfər olub, işsizliyə görə orta aylıq müavinətin məbləği isə 14,280 min dram (46,8 dol) təşkil edib.
Ermənistan Mərkəzi Bankının pul-kredit siyasəti proqramına əsasən, cari ilin ilk yarısında ölkədə 1,5-3,5%-lik iqtisadi artım gözlənilir. Ümumilikdə isə, 2009-cu ildə bu göstərici 4,5-7,5% səviyyəsində proqnozlaşdırılır.
Mərkəzi Bank bu il ərzində ölkədə dünya tələbatının azalması və hökumətin müxtəlif proqramlarının həyata keçirilməsində ləngimələrlə əlaqədar iqtisadi artımın azalması risqlərinin üstünlük təşkil edəcəyini düşünür.
Qeyd edək ki, hökumət tərəfindən artıq dövlət büdcəsinin yenidən bölüşdürülməsi və 2010-2012-ci illər üzrə ortamüddətli xərclənmə proqramının işlənməsinin dayandırılması barədə qərar qəbul edilib.
Maliyyə Nazirliyinin hesablamalarına görə, büdcə gəlirlərinin risq səviyyəsi, yəni icra olunmaması 131,6 mlrd dram həcmində qiymətləndirilir və bu həcmin icrası cari ilin sonuna keçirilir.
Ümumilikdə, 2009-cu il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 905 mlrd dram (2,4 mlrd dollar), xərcləri isə 945 mlrd dram (2,52 mlrd dollar) həcmində nəzərdə tutulub.
Ermənistan iqtisadiyyatında son vaxtlar baş verən əsas hadisələrdən biri milli valyutanın devalvasiyasıdır. Belə ki, cari ilin ilk rübü ərzində dram 23% ucuzlaşıb. Yəni, ilin əvvəlində 1 dol-ın dəyəri 305 dram təşkil etdiyi halda, aprelin əvvəlinə bu göstərici artıq 375 drama çatıb.
Xarici ticarət dövriyyəsinin 85-87%-i idxalın payına düşdüyü bir ölkə üçün dramın devalvasiyası çox mənfi təsirlidir, çünki birbaşa olaraq idxal olunan malların qiymətini ən azı həmin səviyyədə (devalvasiya tempinə uyğun) artırır. Digər tərəfdən, ixrac baxımından çox zəif olan belə bir ölkənin hazırda dünya iqtisadi böhranına qarşı davamlılığı da çox aşağı səviyyədədir.
Müqayisə üçün bildirək ki, 2008-ci ildə Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 38 005,7 mln man (47,5 mlrd dol) təşkil edib ki, bu da illik 10,8% artım deməkdir. Ölkədə orta aylıqəməkhaqqı isə ötən ilin yekunlarına görə, 268 man və ya 331 dol-a bərabər olub.
Eyni zamanda, Azərbaycanda işsiz olanların sayı 44,4 min nəfərə bərabərdir ki, bu da işsizliyin təxminən 1,2% səviyyəsində olması deməkdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldo müşahidə olunur.
Məsələn, cari ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi 254,3 mln dol təşkil edib ki, onun 220,1 mln dol-ı idxalın və yalnız 34,2 mln dol-ı ixracın payına düşür. Azərbaycanda isə həmin dövr ərzində 1 200,3 mln dollarlıq xarici ticarət əməliyyatları aparılıb və bunun 518,8 mln dollarını idxal, 681,5 mln dollarını isə ixrac təşkil edib.
Ötən ilin yanvarı ilə müqayisə isə çox maraqlıdır. Belə ki, Azərbaycanın idxalı 4%, ixracı 9% səviyyəsində artığı halda, Ermənistanda idxal 20%, ixrac isə 44% azalıb.
Dövlət büdcəsinə gəldikdə isə, 2009-cu il üçün nəzərdə tutulmuş Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 177 mln man (15,2 mlrd dol), xərcləri isə 12 355 mln man (15,4 mlrd dol) həcmində təsdiq olunub.
Nəhayət, Azərbaycan milli valyutasının sabitliyi artıq bir sıra ölkələr üçün nümunəyə çevrilib. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ermənistanda cari ilin əvvəlindən dram 23% dəyərdən düşüb, Azərbaycanda isə manat dollara qarşı cəmi 0,19% ucuzlaşıb ki, bu da makroiqtisadi sabitliyin, ölkənin strateji ehtiyatlarının həcminin yüksək olması və Azərbaycan Milli Bankının valyuta sabitliyinin qorunub saxlanması imkanlarının səviyyəsini aydın əks etdirir.
Göründüyü kimi, iki Cənubi Qafqaz ölkəsinin iqtisadi və maliyyə sistemlərinin qısa müqayisəsi, hansı ölkənin doğru yolda olduğunu və güclü potensiala malik olduğunu aydın göstərir. İşğalçı ölkənin Azərbaycan ərazilərini işğal etməsi ilə özünü dünyadan təcrid etməsi ağır nəticələr verir.
Bütün regional və beynəlxalq layihələrdən kənarda qalan, tranzit nəqliyyat dəhlizlərindən təcrid olan işğalçı ölkə, iqtisadi və sosial böhran keçirir. Rəsmi Yerevanın Türkiyə ilə sərhədlərin açılmasına yönələn və baş tutmayan siyasətinin arxasında da, məhz labüd məhvdən xilasolma çabaları dayanırdı.
Azəbaycanda həyata keçirilən düzgün sosial-iqtsadi siyasət öz bəhrələrini verir. Ölkəmizin bütün dünyanı ağuşuna alan qlobal böhrandan, demək olar ki, zərər çəkməməsi də, məhz bu doğru siyasətin nəticəsidir. Azərbaycan özünün 20 mlrd-lıq starteji valyuta ehtiyatları və 15 mlrd-lıq dövlət büdcəsi ilə hər hansı böhrandan sığortalanıb.
Beləliklə, Azərbaycanla Ermənistan arasında getdikcə daha dərin uçurumun və böyük fərqin yaranması, Yerevanı və terrorçu dövlətin arxasında duran qüvvələri narhat edir. Artıq hamı anlamağa başlayıb ki, zaman Azərbaycanın xeyrinə işləyir.

Digər xəbərlər