“Azərbaycanla qaz anlaşması sayəsində Rusiya Yerevanı işğal edilmiş bir neçə rayonunun azad edilməsinə məcbur edə bilər”
Prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri Rusiya mətbuatının və tanınmış analitiklərinin diqqət mərkəzindədir və Azərbaycan liderinin Kremldəki görüşləri ən müxtəlif rakurslardan təhlil olunur. Bildirilir ki, Prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri gedişində Azərbaycan qazının "Qazprom" tərəfindən alınması və son vaxtlarda regionda baş verən hadisələr prizmasından Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nəzər yetirilib.
Rusiyanın tanınmış analitiklərindən olan Yuri Byalıy hesab edir ki, Azərbaycanla qaz sahəsində razılaşmanın əldə olunması hər iki tərəf üçün son dərəcə vacibdir: "Azərbaycan və Rusiyaya pul lazımdır, ixrac lazımdır, ona özünə marağı artırmaq üçün neft-qaz sənayesinə malik ölkə imici və potensialı lazımdır" Yuri Byalıyın fikrincə, Rusiya hətta Azərbaycan qazının müqabilində Ermənistana ciddi təyziqlər edə bilər: "Ermənistanla bağlı əsas məntiq isə, odur ki, burada Rusiya yeni müttəfiq qazanmayaraq, real müttəfiqini itirə bilər".
Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta" isə yazır ki, Azərbaycan qaz məsələsində Moskvanın təklifini qəbul etməsi müqabilində onun Dağlıq Qarabağ məsələsində Yerevana təzyiqini və bu təzyiq nəticəsində bir neçə öz rayonunun azad edilməsini istəyə bilər.
Digər rusiyalı şərhçi Aleksey Vlasov isə, öz növbəsində, bildirir ki, indi Rusiya Qafqazda uğurlu sülhyaradıcı imicini qazanmaq istəyir. Ekspertə görə, indi, həmçinin, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi qalxıb və bu şəraitdə Yerevana nəzəri baxımdan müəyyən güzəştlərə getmək təklif oluna bilər: "Əgər tutaq ki, həm Obama, həm Medvedev, həm də Türkiyə rəhbərləri birgə şəkildə, təzyiq də yox, Ermənistana, sadəcə, desələr ki, Qarabağ probleminin həllində birinci addım atmaq lazımdır, onda Ermənistan tərəfindən aydındır ki, birinci addım Dağlıq Qarabağdan kənardakı Azərbaycanın zəbt edilmiş rayonlarının azad edilməsi işinin həlli olunmalıdır".