“Ərzaq məhsullarının ucuzlaşması inflyasiyaya səbəb ola bilərmi?”
Azərbaycan iqtisadiyyatının ildən-ilə daha da inkişaf etməsi, əhalinin vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərliyinin apardığı uğurlu, məqsədyönlü iqtisadi siyasətin tərkib hissəsidir. Məhz bütün bunların nəticəsidir ki, dünya iqtisadiyyatını iflic edən beynəlxalq maliyyə böhranı ölkəmizə, respublikamızın iqtisadiyyatına ciddi ziyan vurmayıb. Bundan əlavə, artıq xeyli müddətdir ki, Azərbaycanın daxili bazarında ərzaq məhsullarının, tikinti materiallarının və o cümlədən, daşınmaz əmlak bazarında qiymətlərdə ucuzlaşma müşahidə olunmaqdadır.
Bəzi ekspertlər bunun inflyasiyaya təsir edəcəyini vurğulayırlar. Bu və ya digər məsələlərə münasibət bildirən iqtisadçı-ekspert Cümşüd Nuriyev isə qeyd etdi ki, qiymətlərin ucuzlaşması gözlənilirdi: "Əslində, qiymətlərin, yəni ərzaq və qeyri-ərzaq məhsullarının ucuzlaşması gözlənilən hal idi. Bu da dünyada gedən iqtisadi proseslərlə əlaqədardır və bundan başqa, ərzaq bolluğu da buna təsir edən amillərdəndir. Təbii ki, qiymətlərin aşağı düşməsi inflyasiyaya səbəb ola bilər. Lakin manatın məzənəsinin sabit saxlanılması, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət inflyasiyanın yuxarı olmasının qarşısını alır. Bir şeyi də qeyd edim ki, Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafını diqqət mərkəzində saxlayır".
Son zamanlar daşınmaz əmlak bazarında durğunluq hiss edilməkdədir. İqtisadçı-ekspert bu məsələyə də münasibət bildirdi: "Daşınmaz əmlak bazarında, o cümlədən, mənzil satışında durğunluq neçə vaxtdır ki, müşahidə olunmaqdadır. Yəni, insanların alıcılıq qabiliyyətinin müəyyən mənada aşağı düşməsi bu durğunluğa səbəb olub. Hökumət bu istiqamətdə xeyli tədbirlər görüb, lakin hökumətimiz səylərini daha da artırmalı və bazarda yaranmış durğunluğu aradan qaldırmalıdır. Düşünürəm ki, belə də olacaq. Yəni, ölkə hökuməti kredit verilişini yenidən bərpa etməklə, məsələləri həll edə bilər. Ancaq yenə də vurğulamaq istəyirəm ki, ölkə rəhbərliyi böyük işlər görüb. Bunun da nəticəsində respublikamıza maliyyə böhranı o qədər də təsir göstərməyib və ölkə inflyasiya problemi ilə üzləşməyib".
C.Nuriyev, həmçinin, onu da bildirdi ki, bütün bunların digər səbəblərindən biri ölkənin valyuta ehtiyatının çox olması və manatın devalvasiyaya uğramaması ilə əlaqədardır: "Əgər respublikamızın valyuta ehtiyatları tükənərsə, bununla da, manatın devalvasiyası və ardınca da məhsullarda qiymət artımı baş verər. Lakin ölkəmiz indiyə qədər belə problemlə üzləşməyib və belə hesab edirəm ki, gələcəkdə də belə olacaq".
İqtisadçı-ekspertin fikrincə, qarşıdan yay mövsümü gəlir ki, bu da maliyyə böhranının təsirini müəyyən mənada artıra bilər. "Lakin dövlətin antiböhran tədbirləri qeyd olunan böhranın ölkəmizə gələcəkdə də təsir etməsinin qarşısını alacaq. Bununla belə, hökumətimiz səylərini daha da artırmalıdır"-deyə C.Nuriyev qeyd etdi.