PDF Oxu

İqtisadiyyat

  • 11

Uzunmüddətli perspektivdə Azərbaycan dünya böhranının təsirlərindən kənar qalacaq

Uzunmüddətli perspektivdə Azərbaycan dünya böhranının təsirlərindən kənar qalacaq
Dünya maliyyə böhranının Azərbaycanın maliyyə və bank sektoruna, eləcə də, real sektora təsir imkanları olmayıb və hazırkı tendensiya onu göstərir ki, bundan sonrakı proseslər də ölkə iqtisadiyyatına təsirsiz ötüşməklə başa çatacaq. Azərbaycan banklarının xarici maliyyə təşkilatlarında və fond bazarlarında iştirakçıları olmaması böhran dalğasının yan keçməsində böyük rol oynayıb.
Azərbaycanın bank sistemi itkilərlə üzləşməyib və belə bir qorxu hiss olunmur. Bu barədə Dünya Bankının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak Bakıda keçirilən "Dünya maliyyə böhranının neft iqtisadiyyatlı ölkələrə təhdidləri" konfransında bildirib. Q.Yedjeyçak deyib ki, Azərbaycan digər ölkələrlə müqayisədə iqtisadi böhrandan az əziyyət çəkib.
Dünya Bankının ölkəmizdəki nümayəndəliyinin rəhbərinin fikrincə, iqtisadi böhran Rusiya, Ukrayna və Qazaxıstana həm maliyyə, həm də neft sahəsinə ciddi təsir edib. Amma Azərbaycanda bu cür hallar olmayıb, yalnız neft gəlirlərinin azalması müşahidə olunub. Q.Yedjeyçak ölkəmizin 19 mlrd dol-lıq valyuta ehtiyatlarının olmasını qarşıdakı dövrdə də böhranın təsirlərini azaltmağa imkan verə biləcək iqtisadi resurs kimi dəyərləndirib. Qreqori Yedjeyçak bildirib ki, uzunmüddətli perspektivdə Azərbaycan bu böhranın təsirindən kənar qalacaq: "Neftin qiymətinin aşağı düşməsi, ixrac olunan məhsullara tələbatın azalması Azərbaycanın iqtisadiyyatına öz təsirini göstərsə də, iqtisadi fəallıq və dinamizm yüksək olacaq. Dünya Bankının rəsmisi maliyyə sferasında aktivliyin hiss olunmağa başladığını xatırladaraq, bankların ilin əvvəllərindən başlayaraq bütün xidmət növləri üzrə aktivlik nümayiş etdirdiyini söyləyib. "Ötən il və bu ilin ilk ayları ərzində bankların kapitalları 3,5 faizə kimi artıb. Bu tendensiya bankların maliyyə dayanıqlığını daha da gücləndirib. Bütün xarici bazarlarda likvidlik problemi yaşandığı halda Azərbaycanın bank sistemində belə problem yoxdur. Azərbaycanda bank aktivlərinin 23 faizindən çoxunu likvid vəsaitlər təşkil edir. Bu isə ölkə üzrə əmanətlərin həcmindən çoxdur. Son təhlillər göstərir ki, ümumi əmanət portfeli, yəni, əhalinin banklarda olan əmanətləri ötən aylarda 22 faiz artıb. Bizdə olan məlumatlara görə, həmin vəsaitlərin məbləği 1 mlrd 784 man təşkil edib. Bu amil, onu deməyə əsas verir ki, bankların ciddi maliyyə və likvidlik problemi ilə üzləşməsi mümkün deyil".
Qreqori Yedjeyçak baş verən proseslərin inflyasiyaya da təsir etdiyini söyləyib. Onun fikrincə, son aylarda Azərbaycanda inflyasiyanın zəifləməsi müşahidə olunur. Bu tendensiyanın davam etməsi gözlənilir. Dünya Bankının hesablamalarına görə, bu il inflyasiya səviyyəsi 10 faizə kimi düşə bilər. Ümumiyyətlə, 2009-cu ildə maliyyə sabitliyi ilə bağlı tədbirlər və beynəlxalq böhranın müdaxiləsinə yol verməmək üçün atılan addımlar, öz növbəsində, antiinflyasiya tədbirləri üçün bütün effektkiv variantları işə salmağa da kömək etməkdədir.
Dünya Bankının ölkəmizdəki nümayəndəliyinin rəhbəri hökumətin antiböhran tədbirləri ilə bağlı son təşəbbüslərini də müsbət xarakterizə edib. Onun bildirdiyinə görə, dövlət iri şirkətlərə birbaşa maliyyə yardımları göstərməyə çalışır, vergi güzəştlərinin tətbiq edilməsini nəzərdən keçirir. Sahibkarlara güzəştli kreditlərin verilməsi, ixracyönümlü müəssisələrin dəstəklənməsi, kənd təsərrüfatı mülkiyyətçilərinin torpaq vergisindən azad olunması və digər təkliflər üzrə hökumətin islahatlar aparmaq niyyətləri xüsusi qiymətləndirilməlidir.

Digər xəbərlər