PDF Oxu

İqtisadiyyat

  • 21

Bankların iqtisadiyyata yatırdığı kreditlərin həcmi 39 faiz artıb

Bankların iqtisadiyyata yatırdığı kreditlərin həcmi 39 faiz artıb
2009-cu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında artım tempi maliyyə-bank sektorunda da müşahidə olunub. Həmin sahələrdə qeydə alınan göstəricilər dünyanın aparıcı ölkələrinin bank sektoru üzrə orta göstəricilərdən bir neçə dəfə yüksəkdir. Bu isə respublikamızın bank və maliyyə siteminin sabit olmasını göstərir, eyni zamanda, bankların likvid fəaliyyətini təsdiqləyir. Eləcə də, bankların dünya maliyyə böhranına baxmayaraq, kifayət qədər sağlam və dözümlü olmasını şərtləndirir.
Mərkəzi Bankdan verilən xəbərə görə, 2009-cu ilin ilk rübündə ölkə iqtisadiyyatına kredit qoyuluşları 6 mlrd 692 mln man-ı keçib. Bu rəqəm 2008-ci ilin analoji dövrü ilə müqayisədə 39,1 faiz artım deməkdir. Yəni, ötən ilin sonlarından başlayaraq dünya böhranın bank sferasını sarsıtdığı vaxtda belə, Azərbaycanın bank sistemi nəinki dinamizmini qoruyub saxlayıb, eyni zamanda, inkişaf meyillərinin yaranmasına nail olub. Qeyd olunan dövrdə kredit qoyuluşlarının 183,4 mln man-ı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il mart ayının 1-nə qədər kreditlərin 2 mlrd man-dan çoxu, yəni 30,5 faizi qısamüddətli, 4 mlrd 650,2 mln man-ı isə (69,5 faiz) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 110,3 mln man-ı və yaxud 5,4 faizi, uzunmüddətli kreditlərin isə 73,2 mln man-ı və yaxud 1,6 faizi vaxtı keçmiş kreditlər olub. Göründüyü kimi, respublikamızda artıq uzunmüddətli kreditlərin çəkisi iləbəil artır və bu, bankların sahibkarlara olan inamının nəticəsi kimi qiymətləndirilə bilər. Xatırladaq ki, 34,2 faizi və ya 2 mlrd 290 mln man-ı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1 mlrd 549,1 mln man (23,1 faizi) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 400,6 mln man-ı (6,0 faiz), sənaye və istehsalın payına isə 398,5 mln man-ı (6,0 faiz) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 870,7 mln man, və ya 13 faiz, kənd təsərrüfatı və emalına 262,4 mln man, və ya 3,9 faiz, inşaat və əmlak sahəsin 448,5 mln man (6,7 faiz), digər sahələrə isə 69,3 mln man və ya 1 faiz  yönəldilib.
 Mühüm iqtisadi amillərdən biri də bankların iqtisadiyyata kredit qoyuluşlarında kommersiya banklarının fəallıq nümayiş etdirməsidir.  Bu dövrdə özəl banklar tərəfindən iqtisadiyyata 3 mlrd 655,2 mln man (54,6 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,5 mln man (2,7 faiz) kredit qoyulub. Bu, o deməkdir ki, özəl bank və kredit təşkilatlarının ümumi kreditlərdə payı 58 faizə bərabərdir. Yəni, bu gün sahibkarlara kredit verən təşkilatlar sırasında kommersiya bankları aktiv mövqeyə malikdir. Onu da qeyd edək ki, dövlət banklarının iqtisadiyyata yatırdığı kreditlərin həcmi 2 mlrd 853,8 mln man (42,6 faiz ) olub. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici bankların da kredit verilməsində son illər çəkisi artır. Məsələn, həmin banklar tərəfindən sahibkarlara verilən kreditlər 225 mln man təşkil edib.
 Bank sektorunda dinamizmi səciyyələndirən bir amil isə vətəndaşların banklara olan inamının bir qədər də artmasıdır. Çoxları son 6 ayda banklara pul qoyan vətəndaşların böhranla bağlı öz vəsaitlərini geri götürməsi və yaxud daha banklara depozit qoyulmadığı barədə məlumatlar səsləndirsə də, son göstəricilər bunun nə qədər yanlış olmasını təsdiqləyir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2009-cu il martın 1-nə qədər əhalinin banklara qoyduğu əmanətlərinin həcmi 1 mlrd 813,4 mln man təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 16 faiz çox depozit deməkdir. Yəni, vətəndaşlar keçən illə müqayisədə bu il banklara daha çox pul yatırırlar. Yeri gəlmişkən, bank sisteminin aktivliyi nəticəsində dövriyyədəki pul kütləsinin həcmi də artıb. Bu isə, onu göstərir ki, əhalinin bazarlarda pul xərcləməsi, yəni istehlakı da çoxalıb. 2009-cu il mart ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi 5 mlrd 264,8 mln man təşkil edib. 2008-ci il martın 1-nə nisbətən pul kütləsinin həcmi 24 faiz artıb. 2009-cu il martın 1-nə olan pul kütləsinin 3 mlrd 666,9 mln man-ı nağd pul vəsaitlərinin, 861,6 mln man-ı tələb edilənədək vəsaitlərin, 736,3 mln man-ı isə müddətli depozitlərin payına düşüb. Bu, bir daha ölkəmizdə sağlam iqtisadi mühitin olmasını göstərir.
Mərkəzi Bankdan onu da bildiriblər ki, bu ilin ilk rübündə bankomat və post-terminalların sayı da artıb. 2009-cu il mart ayının 1-nə ölkə üzrə bankomatların sayı 1560 ədəd olub. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1344 ədəd təşkil edib. Bankomatların 887-si Bakı şəhərində, 673-ü isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə post-terminalların sayı 8237 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2199 ədəd çoxdur.

Digər xəbərlər