Doğru siyasətin real nəticəsi
Hər bir ölkənin iqtisadi inkişafının əsasında özəl sektorun, xüsusilə də, kiçik və orta sahibkarlığın payı ən böyük rola malikdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların kökündə də bir tezis dayanır- ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etmək üçün qeyri-neft sektorunun, əsasən də, özəl sektorun dəstəklənməsi. Bu istiqamətdə əsas prioritet kiçik və orta sahibkarlığın inkişafıını stimullaşdırmaq məqsədilə həyata keçirilən tədbirlərdir. İndiki qlobal böhran şəraitində hələ illər öncə müəyyənləşdirilmiş bu strategiyanın nə qədər doğru olduğu bir daha aydın olur. Məhz qeyri-neft sektorunun inkişafının prioritet olaraq götürülməsi Azərbaycanın qlobal böhrandan ən az ziyan çəkən ölkələrdən olmasını şərtləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə tarazlı inkişafa nail olmaq, regionların sosial-iqtisadi tərəqqisini reallaşdırmaq üçün məhz bu istiqamətdə proqramlar həyata keçirir.
"Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Unutmayın ki, yeni iş yerlərinin tam əksəriyyəti özəl sektorda yaradılıbdır. Biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir. Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.
Prezident İlham Əliyevin nəzərə çatdırdığı bu nailiyyətləri əldə etmək üçün Azərbaycanda regionların inkişafı, kiçik və orta sahibkarlığa dəstəyin artırılması, yoxsulluğun azaldılması, intellektual kapitala vəsaitin qoyulması prioritet sahələr kimi götürülüb.
Hazırda iqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində iqtisadi inkişafda özəl sektorun rolu əhəmiyyətli dərəcədə artır. Bu sektorun payı ÜDM-də 85 faizə, sənaye məhsulu istehsalında və məşğulluqda 70 faizə çatır. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi məqsədi ilə sahibkarlıq, o cümlədən, kənd təsərrüfatı üçün büdcədən ayrılan güzəştli kreditlər ilbəil artır.
Bütün bunların nəticəsi olaraq Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Buna səbəb ölkəmizin iqtisadi imkanlarının və siyasi gücümüzün sürətlə artmasıdır.
Azərbaycanın maliyyə imkanları surətlə artmaqdadır. Bu, ayrı-ayrı xərc maddələrinin də müəyyən çəkilərdə artması deməkdir. Həm sosial, həm də iqtisadi-institusional proqramlar üzrə büdcədə ayırmalar artırılıb. Büdcə gəlirlərinin davamlı artması bütün istiqamətlər üçün xərcləri artırmaq imkanı verir. Əhalinin əməkhaqqı və pensiyalarının mütamadi olaraq artırılması da məhz bunun hesabına mümkün olur.
Dövlət başçısı sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra fərman və sərəncamlar imzalayıb. Prezidentin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman indiyə qədər çoxpilləli biznes başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir.
Ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilir. Bu proqramların icra qrafiki, mexanizmləri və maliyyə resurusları da var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.
İqtisadi siyasətlə sosial siyasətin daha sıx əlaqələndirilməsi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi təxminən 13 faizə enib. Xatırladaq ki, Asiya İnkişaf Bankının qənaətinə görə 2015-ci ilə qədər yoxsul asiyalıların sayı 2 dəfə azalacaq. BMT-nin "Minilliyin hədəfləri" proqramına görə 2020-ci ildə dünyada yoxsulluğun 50 faiz azaldılması nəzərdə tutulub. Halbuki ölkəmiz bu rəqəmi son 10 ildə 3 dəfə azaltmağa müvəffəq olub.
Azərbaycanda bütün regionlarda inkişaf göz qabağındadır. 750 min iş yerinin açılması, bunun da 550 mindən çoxunun daimi iş yeri olması ölkəmizdə yoxsulluğun azaldılması istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Bu müsbət göstəricilərin nəticəsi olaraq bir müddət sonra Azərbaycanda işçi qüvvəsi qıtlığı yarana bilər.
Ötən 5 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Regionların sosial iqtisadi inkişafına dair" Dövlət Proqramı da uğurla başa çatdırıldı. Növbəti 5 ildə isə bu proqramın II mərhəsi həyata keçiriləcək və bu da artıq bölgələrin inkişafını ən yüksək səviyyəyə çatdıracaq. Həmin proqramda nəzərdə tutulan işlər daha konkret olacaq- kənd-kənd, məhəllə-məhəllə abadlıq işləri, yeni istehsal, xidmət, idman və mədəniyyət obyektləri tikiləcək. Beləliklə, ölkənin siması dəyişəcək və Azərbaycan tarazlı inkişafa, dayanıqlı iqtisadiyyata və daha müasir görkəmə sahib olacaq.
Prezident müxtəlif bölgələrə səfərlər edərək görülən işlərlə şəxsən maraqlanır, müvafiq tapşırıqlarını verir. Bu gün Azərbaycanın əyalət şəhərləri, demək olar ki, paytaxtdan seçilmir. Buradakı sürətli inkişaf prosesi hər gün davam edir. Ölkə başçısının bu siyasəti Azərbaycanın gələcək tərəqqisinin təməlidir.
"Regionlarda quruculuq işlərini görəndə çox sevinirəm. Çox istəyirəm ki, Azərbaycanın bölgələri- bütün şəhərləri, qəsəbələri, kəndləri abadlaşsın, quruculuq işləri daha da sürətlə getsin"- Prezident Əliyev bu arzusunu sürətlə reallaşdırır.
Beləliklə, Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək missiyasını uğurla davam etdirir. Yaxın müddətdə daha böyük uğurların əldə olunacağı şübhəsizdir. Çünki Azərbaycan xalqının etimadını daim doğruldan bir şəxsdən yalnız bunu gözləmək olar.