PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycan Avropaya elektrik enerjisi ixrac edən dövlətə çevrilib

Azərbaycan Avropaya elektrik enerjisi ixrac edən dövlətə çevrilib
Azərbaycan hökuməti elektrik enerjisi idxal edən ölkədən ixracatçı dövlətə çevrilib. Neft və qazdan sonra işıq ixracına başlanması Avropanın enerji konsepsiyasına Azərbaycanın yeni töhfə verməsi ola bilər. Artıq gələn ildən başlayaraq ölkənin işığa olan tələbatı tam ödəniləcək.
"Azərenerji"dən verilən məlumata görə, 2009-cu ildə istehsal olunan elektrik enerjisi Gürcüstan və Türkiyə vasitəsilə Avropaya enerji ixrac olunmasına imkan verəcək. Azərbaycanın Avropaya çıxışı üçün yeni enerji şəbəkəsi marşrutu yaradılacaq. Bu dəhlizin, demək olar ki, bünövrəsi qoyulub, Gürcüstan və Azərbaycanın mövcud energetika infrastrukturu bu dəhlizin işə düşməsi üçün əsas həlqədir.  "Azərenerji"də bildirirlər ki, Azərbaycanın Türkiyə vasitəsilə Yunanıstana, Balkan yarımadası regionuna və Mərkəzi Avropaya işıq göndərməsi üçün Trans-Avropa Enerji dəhlizi yaradılacaq. Bu plan Avropa Birliyinin də marağına uyğundur və enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır. Artıq Yunanıstan ölkəmizin bu təşəbbüsünü alqışlayır və enerjinin alıcıları sırasında ilk yerlərdə dayanacağını bəyan edib. Avropa Birliyində strateji mövqeyi olan AB-nin elektrik enerjisi ilə təminatını həllində bu layihənin dəyərini xüsusi qeyd edib. Yunanıstanın baş naziri bəyan edib ki, bu dəhliz Türkiyə ilə Afinanın iyulda imzaladığı enerji əməkdaşlığı siyasətinin tərkib hissəsinə çevrilə bilər. Beləliklə, Azərbaycan,  Gürcüstan, Türkiyə və Yunanıstanın birgə ittifaqının yaradılması üçün əsil şərait yaranıb.Bu, təkcə iqtisadi əlaqələrin inkişafı üçün deyil, həm də geosiyasi-regional münasibətlərin möhkəmlənməsi baxımdan mühüm qiymətləndirilə bilər. Vahid enerji sisteminin yaradılması Mərkəzi Avropanın enerji xəritəsini də dəyişə bilər. Rusiyanın və İranın hegemon olduğu regionda tam başqa mənzərə yarana bilər ki, bu da Avropa Birliyinin məqsədlərindən biri olan TransAvropa Enerji Şəbəkəsinin yaradılmasını başa çatdıracaq. Bu, digər tərəfdən, Azərbaycanın maraqlarına xidmət edən Trans-Xəzərin çəkilişinin gerçəkləşməsinə yol açır. Yunanıstanın marağı bu layihələrdə o qədər böyükdür ki, hökumət məşhur  "Kantor Management Consultants" alyansının şəbəkələrin yaradılmasına maliyyə  dəstəyi göstərməsini təklif edib.
 Həmin marşrutun rentabelli işləməsi üçün ilk növbədə kifayət qədər elektrik enerjisi tələb olunur. "Azərenerji"də hesab edirlər ki, hökumətin enerji təsərrüfatına yatırdığı investisiyalar artıq bu ilin ortalarından öz səmərəsini verəcək. Belə ki, hökumətin elektrik enerjisi istehsalı üçün yeni stansiyaların istifadəyə verilməsi və ötən əsrin 70-ci illərində tikilən güc mərkəzlərinin işə salınması etibarlı enerji təminatı yaradır. Ölkənin işığa olan tələbatı 5500 meqavatt təşkil edir. İlin sonuna kimi bu rəqəm 6000 mv.t-yə çatacaq. Sumqayıtda və Şirvanda müasir buxar-qaz tipli elektrik stansiyalarının, "Şimal" istilik-elektrik stansiyasında 2-ci enerji blokunun tikilib istifadəyə verilməsi, Azərbaycan istilik-elektrik stansiyasında enerji bloklarının və Mingəçevir SES-in əsaslı şəkildə  yenidən qurulması, Naxçıvanda "Babək" stansiyasının enerji turbinlərinin qaz rejimində işləməyə keçirilməsinin başa çatdırılması və digər  yeni elektrik verilişi xətlərinin və yarımstansiyaların enerji potensialını gücləndirəcək. 2009-2010-cu illərdə Azərbaycan rekord həcmdə enerji istehsal edəcək. Ölkəmiz bir neçə ildən sonra 7000 mV.t-dən də artıq işıq istehsal edə biləcək. Bu isə ixrac üçün böyük rəqəm hesab olunur. Yanacaq-energetika kompleksinin inkişafına dair Dövlət Proqramına əsasən,  istilik və su-elektrik stansiyaları ilə bərabər, alternativ enerji mənbələrindən istifadə də nəzərdə tutulur. Dağ çaylarında kiçik SES-lərin, külək, günəş, termal sulardan işıq istehsal edən stansiyaların yaradılması nəzərdə tutulur.Bundan başqa, Yaşmada Koreya hökumətinin tikdiyi ən nəhəng elektrik stansiyası müstəqil enerji mərkəzi olduğundan yerli şirkətlərlə bərabər, xarici dövlətlərə də işıq ixrac etməyi planlaşdırır.

Digər xəbərlər