“Böyük iyirmiliy”in növbəti sammiti keçirilir
Məlum olduğu kimi, qlobal maliyyə böhranı ilə bağlı Londonda "Böyük iyirmilik" ölkələrinin sammiti keçirilir. Sammitlə bağlı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli hesab edir ki, yalnız kosmetik xarakterli tədbirlərlə böhrandan çıxmaq olmaz: "Maliyyə böhranı kifayət qədər dərinə işləyib və onun səbəbləri həddindən artıq çoxdur. Böhranın həm obyektiv, həm subyektiv, həm də spekulyasiya xarakterli səbəbləri var. Ona görə də, maliyyə böhranı hələ bir müddət davam edəcək. Söhbət yalnız maliyyə böhranının daha dağıdıcı xarakter almasının qarşısının alınması üçün müvəqqəti tədbirlərdən gedə bilər. Ona görə ki, hələlik, görülən tədbirlər, sadəcə, maliyyə böhranını aradan qaldırmaq üçün əlavə pul vəsaitinin bazara atılmasıdır. Bu da yanğını kerosinlə söndürmək kimi, yaxud narkomana əlavə doza verməklə müvəqqəti onu sakitləşdirməyə bənzər tədbirlərdən ibarətdir.
Əgər köklü surətdə problemin həllindən söhbət gedirsə, onda dünya maliyyə və iqtisadi sistemində köklü islahatlar proqramı işlənib hazırlanmalı və onun çox ciddi koordinasiyasının həyata keçirilməsi istiqamətində işlər görülməlidir. Beynəlxalq Valyuta Fondunun, dünya bankının işləri köklü surətdə yenidən qurulmalıdır. Faktiki surətdə istər 1998-ci ildə baş verən maliyyə böhranı zamanı, istərsə də 10 il sonrakı - 2008-ci ildə baş verən daha qlobal maliyyə böhranı zamanı hadisə baş verəndən sonra Beynəlxalq Valyuta Fondu proqnoz verməyə başladı ki, böhran başlanıb. Yəni, təşkilatlar hadisələrin arxasınca sürünür və bu hadisələrə yalnız birtərəfli təsir göstərmə reseptlərindən uzağa getmədikləri üçün, hələlik, böhrandan tamamilə çıxmaq yox, sadəcə, onun müəyyən dərəcədə dağıdıcı təsirini azaltmaq istiqamətində addımlar atılmasından söhbət gedə bilər".
Böhranın dağıdıcı təsirlərinin qarşısını almaq üçün sammitdə görüləcək işlərin də aparıldığını deyən Ə.Məsimli iki istiqamətdə daha çox işlərin gedəcəyini bildirdi: "Birinci, koordinasiya. Ölkələr böhrandan çıxmaq üçün öz güclərini səfərbər etməli, bilavasitə fəaliyyətlərini koordinasiya etməlidirlər. Amma bu, kifayət etmədiyinə görə, ayrılıqda hər bir ölkə antiböhran proqramını hazırlayıb həyata keçirməlidir. Hesab edirəm ki, bu iki istiqamət prosesdə aparıcı rol oynayacaq. Əlbəttə ki, yeni hüquqi normativ aktların işlənib hazırlanması istiqamətində təkliflər, yeni maliyyə mənbələrinin axtarılması, tapılması, yaxud da beynəlxalq Valyuta Fonduna və digər beynəlxalq strukturlara əlavə vəsaitlərin verilməsi, daha çox böhrana məruz qalan ölkələrə kömək prosedurlarının sadələşdirilməsi və s. isiqamətdə təkliflər irəli sürülə bilər".
Millət vəkili iqtisadi böhranın subyektiv səbəbləri barədə açıqlamasında vurğuladı ki, böhran zamanı iqtisadi fəallığın artırılması istiqamətində işlər görülməlidir. Yeni texnika, texnologiyanın bilavasitə iqtisadiyyata tətbiqi məsələsi sürətləndirilməlidir. Amma bu pul sferasında görülən işlər bütün böhranlar zamanı görülən işlərdir. Yəni, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində, bank sahəsində görülən işlərdir ki, həmin pulların xeyli hissəsi ya yeyilir, ya öz təyinatına görə istifadə edilmir. Yaxud da, o, bilavasitə yalnız müəyyən vaxt kəsiyində böhranın səngidilməsinin görüntüsünü yaradır. Amma böhran elə bir vəziyyət yaradıb ki, artıq bunu 1929-1933-cü illərin böyük depressiyaları ilə müqayisə edirlər. Hesab edirəm ki, müəyyən uyğun, oxşar cəhətləri olsa da, 1929-1933-cü illərin böhranı böyük depressiya idi. 2008-ci ildə başlayan və bu il davam edən, nə vaxt qurtaracağı məlum olmayan indiki böhran isə böyük depressiya yox, böyük xaosdur. Böyük xaosdan da çıxmaq həddən artıq çətin olacaq. Bu istiqamətdə atılan maliyyə resurslarının xeyli hissəsi öz təyinatına görə istifadə edilməyəcək.
Əgər bu sahədə ciddi sistemli dərin böhranlara qarşı, cəmiyyət həyatının bütün sahələrində - siyasi, iqtisadi, sosial, hərbi, geopolitik və digər sahələrdə dünya iqtisadiyyatını qorumaq istiqamətində səylər birləşməsə, bu cür kosmetik xarakterli tədbirlərlə vəziyyətdən çıxmaq olmaz. Çünki bu gün böhranın görünən tərəfi aysberqin görünən tərəfi kimi qiymətləndirilməlidir. Aysberqin də görünməyən tərəfi görünən tərəfindən bir neçə dəfə böyük olur. İndi atılan addımlar, görülən işlər yalnız aysberqin görünən tərəfindəki problemin həllinə yönəlib. Amma görünməyən tərəfində spekulyativ xarakterli məsələlər var. Başqa bir tərəfdən, indiki böhranın obyektiv tərəflərilə yanaşı, subyektiv tərəfləri də var. Subyektiv tərəflərin də xeyli hissəsi bilərəkdən bu böhranın yaradılmasıdır. İnsanların, hansısa qrupların bəd əməllərinin nəticəsi kimi bu böhranın ortaya çıxması məsələsidir ki, ondan ötrü də indi irəli sürülən təkliflər böhrandan çıxmaq üçün yetərli olmayacaq.
Artıq yeni dünya düzəninin formalaşması, dünyanı faciədən qorumaq, dünya iqtisadiyyatını qorumaq üçün yeni modellər yeni konsepsiyalar işlənib hazırlanmalıdır. Beynəlxalq Valyuta Fondu, dünya bankı bu cür beynəlxalq və regional təşkilatlar yenidən qurulmalıdır, ölkələr arasında münasibətlər tamamilə elitaların maraqlarına uyğun yox, dünyanın, bəşəriyyətin maraqlarına cavab verən modellərə doğru tamamilə yenidən bir sistem formalaşmalıdır. Onda böhrandan çıxmaq olar. Amma onlar olmayıb, yalnız kosmetik xarakterli əlavə 2 trilyon dol-ın, ya avronun ortaya atılması böhrandan çıxmaq yox, sadəcə, müvəqqəti sakitləşdirmədən uzağa gedə bilməz.
"Böyük iyirmiliy"in sammitində qəbul edilən qərarların Azərbaycana təsiri ilə bağlı məsələyə aydınlıq gətirən Ə.Məsimov, bildirdi ki, dünya iqtisadiyyatı son onilliklərdə çox nəzərə çarpacaq dərəcədə inteqrasiya olunub. Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi kimi müəyyən istiqamətlərdə dünya iqtisadiyyatı ilə inteqrasiyadadır. Hansı sahələrdə Azərbaycan daha çox inteqrasiyadadırsa, o sahələrdə Azərbaycana qlobal böhranın nəticələri daha güclü təsir göstərir. Məsələn, Azərbaycanın xarici ticarətinin böyük hissəsi neft və neft məhsullarından ibarətdir. Ona görə neftin qiymətinin birdən-birə ötən ilin ortalarından bir barreli 147 dol-dan gəlib 40-50 dol-a düşməsi, Azərbaycanın büdcə gəlirlərini, Dövlət Neft Fondunun gəlirlərini xeyli dərəcədə aşağı salır. Amma Azərbaycanın maliyyə sektoru dünya maliyyə sektorundan asılı olmadığına görə, burada birləşmiş qablar qanunu prinsipi işləmədiyinə görə, dünya maliyyə böhranının Azərbaycanın maliyyə bazarına təsiri neft bazarı ilə müqayisədə azdır. Bu nöqteyi-nəzərdən MDB-yə daxil olan Rusiya, Qazaxıstan bu böhrandan həm dünya neft bazarı vasitəsilə, həm dünya maliyyə bazarı vasitəsilə zərbə aldığı halda, Azərbaycan yalnız bir zərbə - dünya neft bazarı vasitəsilə alır. Bu böhran inkişaf etmiş ölkələrdə yaranıb. Yaranmış xaotik vəziyyəti inkişaf etmiş ölkələr qaynadıb. Azərbaycan qlobal böhranın ən az təsir etdiyi ölkələrdəndir. İnkişaf etmiş ölkələr nə vaxt böhrandan çıxacaqsa, onda digər ölkələr, o cümlədən, Azərbaycan da böhran təhlükəsindən azad olmağa başlayacaq. Eyni zamanda, bu gün Azərbaycan iqtisadiyyatında vəziyyətin yaxşılaşması istiqamətində müsbət tendensiyalar özünü göstərməkdədir. Amma onu da qeyd edim ki, Azərbaycanın özünün anti-böhran proqramı var. Həmin proqram böhranın Azərbaycana təsirini xeyli dərəcədə azaldır.