PDF Oxu

İqtisadiyyat

  • 13

Dövlətimiz məqsədyönlü iqtisadi siyasət həyata keçirir

Dövlətimiz məqsədyönlü iqtisadi siyasət həyata keçirir

Məlum olduğu kimi, Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının ucuzlaşması davam etməkdədir. Təbii ki, bunlar ölkə istehlakçıları tərəfindən müsbət qarşılanır.

Əlipaşa Qaybəliyev,
iqtisadçı-ekspert:

- Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsi müəyyən dövr ticarətlə məşğul olan sahibkarlara təsir göstərsə də, sonrakı dövrdə bu problem aradan qalxacaq. Bu, onunla əlaqədardır ki, sahibkarlar xaricdən baha qiymətə məhsul alıb, ölkəmizdə ucuz qiymətə satır ki, bu da sahibkarlara müəyyən dərəcədə ziyan vurur. Lakin bu problem tədricən öz həllini tapmaq üzrədir. Təbii ki, burada dövlətin sahibkarlığın inkişafına diqqət və qayğısı da mühüm rol oynayır. Azərbaycan Sahibkarlar Milli Konfederasiyası da hökumətə müəyyən təkliflər verib. Həmin təkliflər arasında vergi dərəcələrinin aşağı salınması, sahibkarlara kredetlerin verilməsi və digər təkliflər var. Hökumətimiz artıq kredetlərin verilməsinə başlayıb.
Gələcəkdə qiymətlərin aşağı düşməsi və yaxud yuxarı qalxması manatın məzənnəsindən asılı olacaq. Şübhəsiz ki, dövlətimizin məqsədyönlü siyasətinin nəticəsidir ki, dünyada baş verən böhran sahibkarlığın inkişafına mənfi təsir göstərməyib. İqtisadiyyatın mühüm sahəsi olan aqrar sektorun inkişafı da dövlətin diqqət mərkəzindədir. Kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsi maliyyə böhranı ilə əlaqədar deyil. Bu, həm məhsulun bolluğu, həm də bu məhsula olan tələbatla əlaqədardır. Yəni, kənd təsərrüfatı məhsullarının qiymətləri müəyyən dövr qalxa, müəyyən dövrdə isə enə bilər. Burada qorxulu heç nə yoxdur.

Ağamirzə Soltanov,
iqtisadçı:

- Ölkəmizdə ərzaq məhsullarının, eləcə də, qeyri-ərzaq məhsullarının ucuzlaşması prosesi başlayıb. Bu, birinci növbədə, onunla əlaqədardır ki, iqtisadiyyatımız uğurla inkişaf edir, kənd təsərrüfatı məhsullarının artımı da müşahidə olunur ki, bu da ölkəmizdə məhsulların ucuzlaşmasına gətirib çıxarır. Bundan əlavə, dünya maliyyə böhranı da müəyyən mənada ucuzlaşmaya təsir göstərən amillərdəndir. Belə ki, Azərbaycan bəzi məhsulları, xüsusən də, tikinti məhsullarını xaricdən idxal edir. Bildiyiniz kimi, xarici ölkələrdə maliyyə böhranına görə, ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti ucuzlaşıb ki, həmin məhsullar da respublikamıza idxal edilir, bu da, öz növbəsində, qiymətlərə öz təsirini göstərir. Yəni, yerli istehsalçılar da istehasal etdiyi məhsulun qiymətini aşağı salmaq məcburiyyətində qalır.
Tikinti bazarında müəyyən durğunluğun yaranması, alıcılıq qabiliyyətinin bir qədər aşağı düşməsi daşınmaz əmlak, xüsusən, mənzil bazarında ucuzlaşmaya gətirib çıxarıb. Ümumilikdə, tikinti, kənd təsərrüfatı məhsullarının qiymətlərinin ucuzlaşması ölkə vətəndaşlarının xeyrinədir. Bu, bir daha onu göstərir ki, əhali indi də və gələcəkdə də ərzaq problemi ilə üzləşməyəcək. Əgər, əhali ucuz qiymətə keyfiyyətli məhsullar alırsa, bazarlarda məhsul çatışmazlığı yoxdursa, bu, Azərbaycan hökumətinin apardığı uğurlu, doğru iqtisadi siyasətin tərkib hissəsidir.

Digər xəbərlər