PDF Oxu

İqtisadiyyat

  • 15

Böhrana qarşı mübarizə proqramı mükəmməl iqtisadi konsepsiyadır

Böhrana qarşı mübarizə proqramı mükəmməl iqtisadi konsepsiyadır
Hökumət dünya böhranının ölkəmizə təsirlərini məhdudlaşdırmaq və qloballaşmanın dərin xarakter aldığı vəziyyətdə xarici ölkələrə ixrac potensialının gücləndirilməsini möhkəmləndirmək məqsədilə yeni proqram hazırlayacaq. Baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib ki, yeni konsepsiya böhrana qarşı mübarizə tədbirlərinin istiqamətlərini əhatə edəcək. Bununla yanaşı, proqram qarşıdakı illər üzrə iqtisadiyyatın real sektorunda inkişafı sürətləndirmək, müəssisələrə dövlət qayğısının artırılmasını, ümumilikdə, makroiqtisadi ssenariləri nəzərdə tutur. Milli Bankın sədri Elman Rüstəmov isə bildirib ki, valyuta bazarının tənzimlənməsi və milli valyutanın dəyərinin sabit saxlanması üçün monetar siyasət gücləndiriləcək. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə adekvat fiskal və monetar tədbirlər reallaşdırılacaq, bu sahədə siyasətin koordinasiyası gücləndiriləcək.
Ümumiyyətlə, böhrana qarşı mübarizə proqramının hədəfləri makroiqtisadi tarazlığı sabit qoruyub saxlamaqla yanaşı, sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək və iqtisadiyyatın bütün bölmələri arasında inteqrasiyanı dərinləşdirmək, ölkənin sosial-iqtisadi təhlükəsizliyinin təmin etmək kimi başlıca şərtlərlə əhatə olunub. Hökumət sosial-iqtisadi inkişafın davamlılığının təmin edərək irimiqyaslı proqramlar və digər iqtisadi siyasi tədbirləri həyata keçirmək niyyətindədir. Hökumətdə hesab edirlər ki, Azərbaycanın geostrateji və geosiyasi nüfuzunun dərinləşməsi nəqliyyat-kommunikasiya və enerji marşrutlarının qovuşuğunda yerini daha da möhkəmləndirəcək. Asiya və Avropa qitələri arasında əsas tranzit dəhlizinə çevrilməsi istiqamətində layihələrin tam həyata keçirilməsinə səbəb olacaq. Dünya maliyyə böhranın səngiməsindən sonra transmilli kompaniyaların respublikamızda strateji layihələri geniş miqyas alacaq. Ümumilikdə, hökumətin hazırladığı proqram böhranla mübarizə ilə yanaşı, davamlı inkişaf konsepsiyasının əsas istiqamətlərini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatına, özəl sektora əsaslanan dayanıqlı və dinamik inkişafı özündə ehtiva edir.
Proqramın əsas hədəfləri neft və qeyri-neft sektorları arsında optimal nisbətlərin müəyyənləşdirilməsindən, tarazlığın təmin edilməsindən, qeyri-neft sektorunun tarazlı inkişafına və onun ixrac potensialının reallaşdırılmasına nail olmaqdan ibarətdir. Proqnozlara əsasən, qeyri-neft sektoru yaxın illər üçün iqtisadiyyatın aparıcı sahəsi olmaqla ümumi daxili məhsulun istehsalında və əhalinin məşğulluğunda aparıcı yeri tutacaq. Qeyri-neft sektorunda prioritetlərdən biri sənaye şəhərciyinin yaradılması və xüsusi iqtisadi zonaların fəaliyyətə başlamasıdır. İnformasiya və innovasiya texnologiyasının tətbiq edilməsi yeni sənaye siyasətinin tərkib hissəsi olacaq. Proqnozlara görə, qeyri-neft sektorunda məhsul istehsalı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə, mühüm yer tutacaq və Azərbaycan dünya bazarlarına çıxarılan məhsulların rəqabət qabiliyyətliliyinə görə, fərqli bir ölkə olacaq. Bu isə ölkəmizin ixrac imkanlarının genişlənməsi ilə yanaşı, valyuta axınının yeni bölməsinin formalaşması demək olacaq. Təbii ki, burada kənd təsərrüfatı və rabitə-kommunikasiyaları texnologiyaları başlıca yer tutacaq. Bu sırada 2008-2015-ci illəri əhatə edən ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramı müstəsna əhəmiyyət daşıyacaq.
Böhranla mübarizə proqramının əsas detallarından biri də infrastrukturun və əlverişli investisiya mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi, azad və ədalətli rəqabət mühitinin təmin edilməsi ilə bağlı tədbirləri özündə əks etdirir. Bunun üçün yerli şirkətlərə güzəştlərin edilməsi, sahibkaralara kreditlərin verilməsinin artırılması, bank kreditlərinin faizlərinin aşağı salınması, yerli istehsalçılara bəzi vergi güzəştlərinin edilməsi və digər tədbirlər nəzərdə tutulur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, proqramda sosial siyasət tədbirləri ilə bağlı detallar da başlıca yer tutur. Burada əhalinin bütün təbəqələrinə, pensiyaçılara, təqaüdçülərə, ünvanlı yardım alan şəxslərə, tələbələrə, o cümlədən, şəhid ailələrinə, müharibə əlillərinə, hərbi qulluqçu ailələrinə, bir yaşına qədər uşağı olan ailələrə aylıq müavinətlərin verilməsi nəzərdə tutulur. Bundan başqa, büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması, sosial ədalətsizliyin aradan qaldırılması, minimum əməkhaqqının tədricən yaşayış minimumu səviyyəsinə çatdırılması kimi konkret tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.

Digər xəbərlər