Azərbaycan maliyyə şəffaflığının təmin olunması ilə bağlı mühüm addımlar atıb
Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Ekspertlər Komitəsinin (MONEYVAL) 29-cu plenar iclasında Azərbaycanda bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər yüksək dəyərləndirilib. MONEYVAL-ın rəhbər şurası Azərbaycan hökumətinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı apardığı tədbirlərin mühüm effektiv nəticələrinə toxunaraq, bu sahədə mühüm irəliləyişlərin müşahidə olunduğunu bəyan edib. Qurum ötən ay respublikamızda çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunun qəbul edilməsini, həmin istiqamətdə tədbirlər planının ən mükəmməl bölməsi kimi səciyyələndirir.
Xatırladaq ki, fevral ayında Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb və mövcud sənəd vətəndaşların əldə etdiyi gəlirlərin deklorasiyası və digər sənədlərin qüvvəyə minməsi ölkəmizdə maliyyə sektorunda şəffaf mühitin təmin edilməsinə, respublikamızın bank-maliyyə sektorunda bütün əməliyyatların nəzarətdə olmasına əhəmiyyətli baza yaradır.
MONEYVAL Azərbaycan hökumətinin son illər ölkədə maliyyə şəffaflığının təmin olunması ilə bağlı bir sıra mühüm addımlar atmasını, o cümlədən, korrupsiyaya qarşı qanunun, antikorrupsiya proqramının qəbul edilməsini təqdir edərək yeni qanunun icrası nəticəsində maliyyə nəzarətinin və şəffaflığın təmin olunmasının daha da güclənəcəyinə əminliyini də ifadə edib. Qurumun rəhbər şurası bildirir ki, Azərbaycan hökuməti son illərdə qanunvericiliyin təkmilləşdirilməsinə, ölkəmizdə maliyyə sektoruna nəzarətin daha da möhkəmlənməsinə, bütün növ maliyyə əməliyyatlarının həyata keçirilməsində şəffaf fəaliyyətin təmin olunmasına geniş şərait yaradıb.
MONEYVAL-ın qənaətinə görə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, yaxud terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə pul vəsaitləri və ya digər əmlakla əməliyyat həyata keçirən ölkə vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin, eləcə də, respublikamızda pul vəsaitləri və ya digər əmlakla bağlı əməliyyatları həyata keçirən orqanların münasibətlərinə aydınlıq gətirəcək. Belə ki, sözügedən sənəd cinayət yolu ilə əldə edilmiş bütün növ gəlirlərin maliyyə istiqamətlərini aydınlaşdırmağa imkan verəcək, mənşəyi şübhə doğuran vəsaitlərin, xüsusilə də, silah və narkotika satışından daxil olan gəlirlərin aşkarlanmasına səbəb olacaq. İş ondadır ki, Azərbaycanda həmin sahələr üzrə gəlirlərə təsadüf olunmayıb və respublikamızın maliyyə nəzarəti və təhlükəsizlik orqanlarının fəaliyyəti bu istiqamətdə öz nəticəsini göstərib.
Respublikamızda terrorçuluğun maliyyələşdirilməsi - pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, birbaşa, yaxud dolayı yolla terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin, yaxud digər əmlakın qəsdən həmin məqsədlə toplanması hallarına təsadüf olunmayıb. Azərbaycan bu cür hallara qarşı sərt mövqe tutduğunu nümayiş etdirərək, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı tədbirləri daha da gücləndirməkdədir. Yeni qanun da bu sahədə tədbirlərin bir qədər də gücləndirilməsinə, nəzarət sisteminin möhkəmlənməsinə xidmət edir.
Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Ekspertlər Komitəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan hökumətinin xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığını da təqdir edib. MONEYVAL hökumətin bu sahədə beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlığının, eləcə də, tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayır.