İstanbulda su problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Martın 16-dan 22-nə qədər Türkiyənin İstanbul şəhərində su problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tədbirdə son illər qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq dünyada su probleminin yaranması və bu məsələlərin həlli yolları, eləcə də digər məsələlər müzakirə ediləcək. Dünya Su Forumunda bir neçə ölkənin dövlət və hökumət başçısı, eləcə də QHT nümayəndələri iştirak edəcək. Tədbirdə, həmçinin, Azərbaycanın ölkə başcısı İlham Əliyevin də iştirakı nəzərdə tutulub.
Ekspertlər son 100 il ərzində içməli suya olan tələbatın əhalinin artım tempinə nəzərən iki dəfə artdığını bildirirlər. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üzləşir, 2,6 milyard insan isə içməli suya olan tələbatı ödəmək üçün adekvat sanitar qovşaqlarına malik deyil. Beynəlxalq təşkilatların proqnozuna görə, 2025-ci ildə 1,8 milyard insan su problemi ilə üzləşəcək.
Azərbaycan hökuməti ölkə əhalisinin su problemini həll etmək üçün müxtəlif layihələr həyata keçirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin müxtəlif regionlarında əhalinin içməli su problemi öz həllini tapıb. Bakı şəhərini içməli su problemini həll etmək üçün Oğuz-Qəbələ-Bakı çəkilməkdədir. "Azərsu" ASC-dən verilən məlumata görə, 2009-cu ilin dekabr ayına kimi Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə veriləcək.Bu gün əhalinin 40-45%-i bu sudan fasiləsiz istifadə edir. Qalan 55-60% isə fasilələrlə bu sudan istifadə edir. Qeyd olunan su kəməri tam istifadəyə verildikdən sonra isə bu sudan fasiləsiz olaraq istifadə edən əhalinin əvvəlki faizi 1 il ərzində 10-15% artacaq. Belə ki, Bakı əhalisinin 60%-i fasiləsiz bu sudan istifadə edəcəkdir. Yeni kəmərlə sutkada 430 min kub metr su veriləcək ki, bu da 1 milyondan artıq əhalinin su ilə təminatı deməkdir.
Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinə indiyə qədər 500 milyon manat milyon vəsait xərclənib.
Azərbaycan hökuməti və Dünya Bankı kiçik şəhər və rayonlarda su təchizatı və kanalizasiya sektoru ilə bağlı yeni layihənin icrasına başlandıqdan sonra isə 21 şəhərin içməli su problemi öz həllini tapmış olacaq. Bu da, onu deməyə əsas verir ki, ölkə əhalisi gələcəkdə də su problemi ilə üzləşməyəcək.