Azərbaycanın manatı regionda ən dəyərli valyutadır
Dünya iqtisadiyyatında dərinləşən böhran meyilləri artıq bir çox ölkələrin valyuta bazarını da silkələməyə başlayıb. Bir çox dövlətlərin milli valyutası devalvasiyaya uğramaqdadır. ABŞ dolları ilə müqayisədə həmin pul vahidləri 20-25 faiz ucuzlaşıb. Ermənistanda vəziyyət lap dözülməz həddə çatıb. Bu ölkənin pul vahidi olan dram son bir həftədə 28 faiz ucuzlaşıb. Bu isə, təbii ki, mal və xidmətlərin qiymətlərinin artımı ilə müşahidə olunur. Ermənistanın daxili bazarında ərzaq məhsulları 25 faiz bahalaşıb. Bu ölkədə inflyasiya 4-7 faiz artıb. Qiymət indeksi artıq 20 faizə yaxınlaşmaqdadır. Mövcud vəziyyət erməni iqtisadiyyatının böhrana qarşı dözümsüz olmasını və hökumətin qabaqlayıcı tədbirlər görmək iqtidarında olmadığını göstərir.
Ümumiyyətlə, bir çox ölkələrdə bu tendensiya baş verməkdədir. Amma Azərbaycanın maliyyə bazarının həddindən artıq sağlam və dözümlü olması böhranın təsirlərini qabaqlamış olur. Son günlərdə bir çox ölkələrdə valyuta böhranı, xüsusilə də, Rusiya kimi güclü iqtisadiyyata malik ölkənin mərkəzi valyuta alətinin-rublun dəyərini itirməsi fonunda Azərbaycanın milli valyutasının dəyərini qoruması bir daha iqtisadiyyatımızın və maliyyə sektorunun güclü olmasının nəticəsidir. Ötən il manatın dollara qarşı rəsmi məzənnəsi isə 0,0443 manat, yəni 5,24 faiz möhkəmlənib. Yəni manat ən dəyərli pul vasitəsidir. Manatın möhkəmlənməsinin və digər dönərli valyutarla nisbətdə aktiv tədavül, eləcə də etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi vətəndaşların pul yığımında, daha doğrusu, onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda meydana çıxır. Son illərdə əhalinin depozit hesablarının statistikasına nəzər salsaq manatın böyük üstünlük təşkil etməsinin şahidi ola bilərik. Vətəndaşlar son iki ildə, əsasən də, ötən il vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçiblər. Əhalinin 2008-ci ildə bank depozitlərinin manatda yerləşdirilən hissəsi isə iki dəfə artıq çoxalıb. Manatın ucuzlaşmasının, dolların bahalaşmasının səbəblərini həm də bank depozitlərində daha çox dollara üstünlük verilməsi amili ilə əsaslandıranlar isə real bank bazarındakı vəziyyəti nəzərdən keçirsələr, arqumentlərinin tamamilə ziddiyyətli olmasını görə bilərlər.Bundan başqa, Azərbaycan xarici banklarda saxlanılan aktivlərinin böyük bir hissəsini dollardan digər dönərli valyutaya dəyişdirib.
Bütün bu meyillər Azərbaycanda daxili bazarda sabitliyin təmin olunmasına də səbəb olub və qiymətlərin ucuzlaşmasını şərtləndirib. İnflyasiya səviyyəsi aşağı düşüb. Ümumiyyətlə, ilin əvvəlindən indiyədək ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4 faizi hüquqi şəxslərin, 43,8 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,8 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. Bütün bu göstəricilər onu təsdiqləyir ki, Azərbaycanda ərzaq mallarına olan tələbatın artmasına baxmayaraq, qiymətlər azalmağa doğru getməkdədir. Yəni, malların ucuzlaşması əhalinin yüksək alıcılıq qabiliyyəti fonunda da baş verməkdədir və bu amil inflyasiyanın səviyyəsinin aşağı düşməsinə mühüm təsir göstərir. Bu faktor hökumətin daxili bazarın qorunması istiqamətində apardığı məqsədyönlü tədbirlərin nəticəsi kimi səciyyələndirilə bilər. Hökumətin həyata keçirdiyi makroiqtisadi siyasətin ən mühüm nəticələrindən biri dünya maliyyə böhranının təsirlərindən sığortalanmaqdan və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda inflyasiyanın nəzarətdə saxlanmasından ibarətdir. Ötən müddət ərzində antiinflyasiya tədbirləri ilə bağlı dövlət strukturlarının fəaliyyətinin səfərbər olunması, xaricdən idxal olunan malların qiymətinin aşağı düşməsi və istehlak bazarına nəzarətin gücləndirilməsi ümumi qiymət indeksinin səviyyəsinə də əhəmiyyətli dərəcədə təsir göstərib. Bu siyasət, ümumilikdə, əhalinin real gəlirlərinin artmasını da şərtləndirmiş olur. Əhalinin real gəlirləri hazırda inflyasiya göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Hazırkı proseslər inflyasiyanın aşağı düşərək, birrəqəmli səviyyədə olacağını ehtiva edir. Bununla yanaşı, əhalinin real pul gəlirlərinin 30 faizdən az olmayacağı proqnozlaşdırılır. Bu siyasət isə birrəqəmli inflyasiya göstəricisinin müqabilində vətəndaşların real gəlirlərinin qiymət indeksini 3 dəfə üstələməsi ilə nəticələnməsinə stimul vermiş olur.