PDF Oxu

İqtisadiyyat

  • 13

Neftçalada yeni sutəmizləyici qurğu istifadəyə verilib

Neftçalada yeni sutəmizləyici qurğu istifadəyə verilib
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üzrə Kompleks Tədbirlər Planı"na uyğun olaraq ölkə Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.
Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək.
Sərəncamın icrası artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-in Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Nazirliyin xəbərinə əsasən daha bir rayonda bu işin  icrasına başlanılıb. Belə ki, proqram çərçivəsində Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində gün ərzində 30 kub m, Tatarməhlə və Boyat kəndlərində isə gün ərzində 20 kub m sutəmizləmə gücünə malik Cənubi Koreyanın "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 430 nəfər əhalisi 6 bulaq, Tatarməhlə kəndinin 520 nəfər əhalisi 6 bulaq, Boyat kəndinin 1153 nəfər əhalisi isə 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Digər xəbərlər