İstehlakçı hüquqlarına dair etibarlı dövlət təminatı yaradılıb
İstehlakçıların hüquqlarının qorunması bütün dünyada, eləcə də, ölkəmizdə daim aktuallıq kəsb edən məsələlərdəndir. 1983-cü ildən etibarən isə hər il martın 15-i dünyada "Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü" kimi qeyd olunur. Son zamanlar ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların, sahibkarların iştirakı ilə "İstehlakçı hüquqlarının müdafiəsi dövlətin prioritet vəzifəsidir" mövzusunda keçirilən konfrans da belə tədbirlərin davamıdır.
Konfransda çıxış edən İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Zahid İsayev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurlardan bəhs etmişdir. Qeyd edilmişdir ki, iqtisadi artım, əhalinin gəlirlərinin çoxalması ən müxtəlif mallara, xidmətlərə tələbatı, zövqü, istehlak vərdişlərini dəyişdirmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışdır. Elə bu səbəbdən də, son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi, ölkəmizdə daim aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində etibarlı təminat sistemi yaradılmış və dövlət siyasəti formalaşmışdır.
Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin təşəbbüsü ilə 1995-ci il 19 sentyabr tarixində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Yalnız bundan sonra bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanmışdır.
Ötən müddət ərzində qeyd olunan Qanunla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar, o cümlədən, "Yeyinti məhsulları haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Standartlaşdırma haqqında", "Balıqçılıq haqqında" və s. qanun və digər normativ aktlar qəbul olunmuşdur. Bu sənədlərdə istehlakçı hüquqları, o cümlədən, onların ictimai təşkilatlarda birləşmək hüququ geniş surətdə təsbit edilmişdir.
Bu isə, istehlakçıların bir sıra ictimai təşkilatlarının yaranmasına və həmin təşkilatlar tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş işlərin həyata keçirilməsinə şərait yaratmışdır.