PDF Oxu

İqtisadiyyat

  • 19

İSTANBULDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

İSTANBULDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə İstanbul Aydın Universitetində "Heydər Əliyev və Azərbaycanın neft strategiyası" mövzusunda konfrans keçirilmişdir.
Türk dünyasının dahi şəxsiyyəti olan Heydər Əliyevin neft strategiyası və misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul Səyyad Aran bildirmişdir ki, məhz xalqımızın ümummilli liderinin uzaqgörənliyi və yorulmaz fəaliyyəti ölkəmizi ötən əsrin 90-cı illərinin ortalarında iqtisadi böhrandan qurtarmış və dünyada iqtisadiyyatı ən dinamik inkişaf edən dövlətə çevirmişdir. Ulu öndərimiz bütün nəhəng enerji və kommunikasiya layihələrini qardaş Türkiyə ilə birlikdə həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. Apreldə Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin tikintisinin başa çatması ilə Böyük İpək yolu yenidən canlanacaqdır.
Konfransda çıxış edən Milli Məclisin deputatı Gülər Əhmədova ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşi qətliamdan bəhs etmişdir. Bildirmişdir ki, Xocalıda qətlə yetirilənlərin yeganə "günahı" onların türk olmaları idi. Biz bundan sonra da bu "günahı" qürurla daşıyacağıq.
Sonra İstanbul Aydın Universitetinin rektoru, professor Salih Çelikkale Səyyad Aran və Gülər Əhmədovaya xatirə hədiyyəsi təqdim etmişdir.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı, Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilmişdir. Müəllim və tələbələrə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı kitablar, bröşürlər paylanmışdır.

Digər xəbərlər