Azərbaycan Milli Bankı öz valyutasını qorumağa qadirdir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Milli Bankın İdarə Heyətinin cədri Elman Rüstəmov 2008-ci ildə həyata keçirilmiş tədbirlərlə əlaqədar geniş açıqlama verdi. Bildirdi ki, bu gün Azərbaycan Milli Bankı öz valyutasını qorumağa qadirdir.
E.Rüstəmov son illər regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar uğurlu işlərin aparıldığını dedi. Sonra qeyd etdi ki, Azərbaycan Milli Bankı da bu illər ərzində böyük işlər görüb. E.Rüstəmov qeyd etmişdir ki, 2003-2008-ci illər dövründə iqtisadi artım təxminən 22 faiz təşkil edib. Bu isə, onu göstərir ki, Azərbaycan bu dövrdə öz iqtisadi artımına görə dünya dövlətləri içərisində liderlik mövqeyinə malik olmuş bir ölkədir. Elman Rüstəmov Azərbaycanda bütün sahələrdə yüksək iqtisadi göstəricilərin olduğunu bildirmişdir. Onun sözlərinə görə, dövlət büdcəsi beş il ərzində 9, bank aktivləri 10, kreditlər 12, əmanətlər 8, valyuta ehtiyatları isə 11 dəfə, qeyri-neft sektorunda artım isə 15,7 faiz olmuşdur. 2008-ci ili bu baxımdan uğurlu bir il kimi qeyd etmək olar. Həmçinin, bu beş il ərzində ümumdaxili artım da yüksək səviyyəyə çatmışdır. Belə ki, əgər 2003-cü ildə adambaşına düşən ümumdaxili məhsul 896 ABŞ dolları idisə, 2008-ci ildə bu rəqəm 5400 ABŞ dollarına qədər yüksəlmişdir.
E.Rüstəmov 2008-ci ili ölkəmizdə quruculuq dövrü adlandırmışdır. Qeyd etmişdir ki, dünyada baş verən iqtisadi böhranın Azərbaycana heç bir təsiri yoxdur. Çünki ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya edən və böyük gəlirə malik olan ölkədir. İnteqrasiyanın isə ölkəmiz üçün böyük əhəmiyyəti var. Çünki bu iqtisadiyyat açıq iqtisadiyyatdır.
Neftin qiymətinin aşağı düşməsi ilə bağlı məsələyə aydınlıq gətirən E.Rüstəmov Azərbaycanda da inflyasiyanın səngiməsinin hiss olunduğunu bildirmişdir: "Azərbaycanın son beş ildə yüksək dinamika ilə inkişaf etməsinin nəticəsi olaraq ölkədə geniş potensial bazanın yaranmasına səbəb olmuşdur".
Azərbaycanda milli valyutanın (manat) devalvasiyasının gözlənilmədiyini deyən E.Məmmədov onu da bildirdi ki, hazırda bu məsələ gündəmdə deyil: "Milli valyutanın dəyərinin dəyişməsinə gətirən bir neçə amil mövcuddur və əgər bunların bir hissəsi devalvasiyaya səbəb ola bilərsə, digərləri, əksinə, milli valyutanın möhkəmlənməsinə əsas kimi qiymətləndirilə bilər".
Bunları nəzərə alaraq, E.Rüstəmovun sözlərinə görə, Milli Bankın hesablamalar və tədqiqatlarına əsasən, manatın möhkəmlənməsi üzrə amillər devalvasiya amillərindən daha güclüdür: "Bununla bağlı rəsmi olaraq deyə bilərəm ki, Azərbaycanda manatın devalvasiyası nəzərdə tutulmur və biz manatın sabit məzənnəsini saxlayacağıq. 2009-cu ildə bu sahədə bir neçə göstəricini qeyd etmək olar. Belə ki, ilin əvvəlindən manat sabitliyini təmin etmək məqsədi ilə Milli Bank öz valyuta ehtiyatlarından 300 mln. dollara yaxın vəsait xərcləyib. Dünya maliyyə böhranı şəraitində digər ölkələr tərəfindən həmin məqsədlərə xərclənən vəsaitlərlə, həmçinin, Azərbaycanın ümumi strateji ehtiyatlarının həcmi ilə müqayisədə bu, çox kiçik bir müdaxilədir".
Milli Bank İdarə Heyətinin sədri onu da qeyd etdərək bildirdi ki, ilin əvvəlindən manat ABŞ dollarına qarşı cəmi 0,5 faiz ucuzlaşıb, avroya qarşı isə 7,8 faiz möhkəmlənib.
E.Rüstəmov Azərbaycan Milli Bankı İdarə Heyətinin qərarı ilə 2009-cu ilin mart ayının 2-dən etibarən uçot dərəcəsinin 5 faizdən 3 faizə endirildiyini dedi: "Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi isə 10 faizdən 8 faizə, həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları isə 3 faizdən 0,5 faizə salınır. Bu qərarın qlobal iqtisadi böhranın dərinləşməsi, beynəlxalq maliyyə bazarlarında likvidliyin daha da sıxılmasını nəzərə alaraq, iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədilə Milli Bankın 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin yumşaldılması çərçivəsində qəbul olunub".
Həmçinin, onu da bildirdi ki, ötən ilin oktyabr ayından bu ilin fevralın 2-dək mərkəzi bank uçot dərəcəsini mərhələlərlə 15 faizdən 5 faizdək azaldıb.
E.Rüstəmov ipoteka haqqında da məlumat verdi. Bildirdi ki, hökumət tərəfindən də bu istiqamətdə müzakirələr aparılır. Ümumiyyətlə, bu gün ipotekanı canlandırmaq fikrindəyik, daha dəqiq desək, aktivliyi qorumalıyıq. Xüsusilə, bu mexanizm tikinti sahəsinin inkişafına daha çox müsbət təsir edəcək.
Tədbirin sonunda E.Rüstəmov mətbuat nümayəndələrinin suallarını cavablandırdı.