Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması ölkəmizi təkcə regionda yox, dünyada qabaqcıl dövlətə çevirib. Qəbul olunan qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqil dövlətimizin beynəlxalq konvensiyalara qoşulması, inkişaf etmiş dövlətlərlə əlaqələri genişləndirmək naminə müxtəlif sahələr üzrə sazişlər imzalanması ölkəmizin dünya birliyindəki nüfuzunu daha da yüksəltmişdir. Demokratik proseslərin inkişafına diqqəti artırdıqca, hüquqi, sivil dövlət quruculuğu yolunda qətiyyətli addımlar atıldıqca, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildikcə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi zərurəti də özünü büruzə verir.
Müsahibimiz "Yeni Azərbaycan" təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasındakı müşahidəçisi, millət vəkili Rauf Əliyevdir.
- Rauf müəllim, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu mənada bu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Azərbaycanda dövlətin ali məqsədlərindən olan insan hüquq və azadlıqlarının qorunması istiqamətində vəziyyət haqqında nə deyə bilərsiniz?
- Bu gün ölkəmizdə iqtisadi islahatlarla paralel olaraq siyasi islahatlar da davamlı olaraq həyata keçirilir. Azərbaycanda demokratik, sivil vətəndaş cəmiyyətinin qurulması daim dövlətimizin başlıca məqsədlərindən biri olub. Bu baxımdan, Azərbaycan həm regionda, həm də dünyada öndə gedən ölkələrdən biridir. Xüsusilə, qeyd etməliyəm ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməllər formalaşdırılıb. Ulu öndər Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təminatçısı olub. Sadəcə, bir neçə fakt bu fikri əsaslandırmaq üçün kifayət edir. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına morotorium qoyulub, daha sonra ölüm cəzasının icrası məhdudlaşdırılıb, 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olunub. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanizm nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilib, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlarla minlərlə vətəndaşımız azadlığa buraxılıb. O da vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin başladığı bu siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd etmək istərdim ki, Azərbaycanda mövcud Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Əslində, bu dəyişikliklərin edilməsi zamanın tələbidir. Bütün ölkələrdə konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. Bu da təbiidir, çünki konstitusiyalar, qanunlar qəbul edilərkən, mövcud vəziyyət, şərait nəzərə alınır. Dövlətçilik tariximizdə ilk Konstitusiya 1995-ci ildə qəbul edilib. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının Konstitusiyası ümummilli liderimiz Heydər Əliyevin yaratdığı müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiya zamanın tələbinə uyğun olaraq müəyyən dəyişikliyə məruz qalıb. İlk belə dəyişikliklər 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olub. 2002-ci ildən ötən dövrdə yenə də Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb. Bəllidir ki, bu dəyişikliklərin təşəbbüskarı da Yeni Azərbaycan Partiyasıdır. Əslində, partiyamız xalqdan gələn istək və arzunu ifadə edib.
- Rauf müəllim, "Yeni Azərbaycan" təşviqat qrupunun MSK-da müşahidəçisi kimi bu qrumun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, bütün məsələlər qanun çərçivəsində həll olunur. Təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılır və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilir. Qeyd edim ki, bu gün Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınma prosesi artıq başa çatdı və məlum olduğu kimi, 9 təşviqat qrupu fevralın 19-dan təbliğata başlayacaqdır. Məlumdur ki, dairə seçki komissiyalarına referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və həmin qrupların hamısı fevralın 1-dək imza vərəqələrini və təşviqat qrupu kimi qeydə alınmaq üçün lazım olan digər sənədləri təqdim etmişlər. Bu günə kimi 120 təşəbbüs qrupu DSK-lar tərəfindən referendum üzrə təşviqat qrupu qeydə alınmışdır. Onu da bildirim ki, referenduma çıxarılan məsələlər cəmiyyətə tanış məsələlərdir. Qeyd edim ki, bu məsələlər hələ prezident seçkiləri dövründə seçicilərlə təmaslarımız zamanı insanlar tərəfindən səsləndirilən bir sıra məsələlərin ümumiləşdirilmiş formada təzahürüdür. Ona görə də, bizim referendum zamanı izahatımız, hesab edirəm ki, çətin olmayacaq. Çünki referenduma çıxarılan məsələlər cəmiyyətdən gələn istək və arzudur. Eyni zamanda, bu, vaxtı çatmış məsələlərdir. Refrenduma çıxarılan məsələlərlə vətəndaşları tanış etmək üçün qanunda müəyyən müddəalər nəzərdə tutulur ki, "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən bunlar da vətəndaşlara çatdırılacaq.
- Rauf müəllim, təəssüf doğuran odur ki, bəzi dairələr Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar.
- Bilirsiniz, müxalifət ölkədə ancaq çaşqınlıq yaratmaqdan başqa bir yol bilmir. Elə buna görə də, referenduma çıxarılan məsələlər ətrafında müxalifət dairələrinin nəzarətində olan mətbuat orqanlarında yanlış anlayışlar verməyə çalışır, müxtəlif vasitələrlə bu məsələləri gözdən salmağa cəhd göstərirlər. Amma bütün bunlar mənasızdır. Ən maraqlısı isə odur ki, müxalifət dairələri Konstitusiyanın 101-ci maddəsinə təklif olunan dəyişikliyin üzərində də çox dayanır, hay-küy qaldırırlar. Bilirsiniz, bu da zamanın tələbindən irəli gələn məsələdir. Hamınızın yadındadır, 2002-ci ildə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişikliklər olundu. Qeyd edim ki, dövlət quruculuğu daimi prosesdir. Dövlət quruculuğu zamanı qəbul edilən qanunlar müəyyən təcrübədən, sınaqdan keçir və özünü doğrultmayan müddəalar çıxarılır, başqaları yerinə gətirilir və s. Heç kim demir ki, dəyişikliyə məruz qalmış müddəalar 1995-ci ildə Konstitusiyaya daxil edilərkən pis idi. Həmin müddəalar o zaman özünü doğruldub. Amma bu gün onların dəyişməsi zərurəti yaranıb. Bu, heç də Konstitusiyanın əvvəlki müddəalarının üzərinə kölgə salmır. Fikrimcə, bu anlaşılmazlıqları yaratmaq istəyən dairələr, əslində, məsələnin mahiyyətini bilmir və yaxud bilərəkdən ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.
Bir faktı yada salmaq istərdim. Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndində qeyd olunur: "Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilə bilməz". Bu müddəa bəzi ölkələrin konstitusiyalarında var. Amma bu gün bu müddəa ətrafında beynəlxalq hüquq sistemində, o cümlədən, ABŞ-da, Rusiyada, bir sıra Latın Amerikası ölkələrində geniş diskussiyalar aparılır ki, bu müddəanın olması nə dərəcədə demokratik dəyərlərlə üst-üstə düşür? Çünki demokratik dəyərlər məhdudiyyət yox, tam sərbəstliyi, fikrin azad şəkildə ifadə olunmasını, azad fəaliyyəti, eyni zamanda, seçib-seçilmək hüququnun azadlığını nəzərdə tutur. Ona görə də, referenduma çıxarılan məsələləri bu maddə üzərində qurmağa cəhd göstərmək bəzi müxalifət dairələrinin iyrənc məqsədlərindən xəbər verir. Əslində, bu maddənin dəyişməsi Azərbaycanda demokratik proseslərin inkişafına heç bir maneə törətmir. Digər tərəfdən, bu müddəanın ləğvi insanların seçib-seçilmək hüququna hörmətlə yanaşılması deməkdir.
Əminik ki, referenduma çıxarılan məsələlər bəzi dairələrin yersiz hay-küyünə baxmayaraq, xalq tərəfindən böyük dəstək qazanacaq və xalq Konstitusiyanın daha da təkmilləşməsinə, onun müasir dövrün tələblərinə uyğunlaşmasına, qanunlarımızın keyfiyyətcə yeniləşməsinə səs verəcək. Çünki bu gün Azərbaycan dünyanın sivil dövlətləri tərəfindən müsbət, xüsusi imici olan ölkə kimi qəbul olunur. Əlbəttə, haradasa məmur bürokratlığı olur, ayrı-ayrı fərdlərin hüquqları pozulur. Əslində, 200 illik demokratiya tarixi olan ölkələrdə də belə problemlər mövcuddur. Həyat sübut edir ki, ölkəmizdə insanların azad, sərbəst yaşaması üçün, öz fikrini deməsi, seçməsi, seçilməsi üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycan elə dövlətdir ki, heç bir xalq öz milli mənsubiyyətinə, dini inanclarına görə hər hansı basqıya, təpkiyə rast gəlməyib. Başa vurduğumuz 2008-ci ildə Azərbaycan böyük uğurlara imza atdı. Elə bu uğurların nəticəsidir ki, 15 oktyabr prezident seçkilərində xalq birmənalı olaraq cənab İlham Əliyevdən başqa prezident görmədiyini açıq elan etdi. Onun seçki kampaniyası dövründə vəkil olaraq heç bir çətinliklə üzləşmədik. Hətta rəqibləri belə razılaşdı ki, cənab İlham Əliyevin cəmiyyətdə çox böyük nüfuzu var. İlham Əliyev həm də dünyada sayılıb-seçilən dövlət başçısıdır. Bütün bunlar o deməkdir ki, insanlar vaxtilə arzuladıqları cəmiyyətə qovuşublar. Bu, ulu öndər Heydər Əliyevin xidmətidir və ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyev böyük yaradıcılıqla qlobal proseslər kontekstində Azərbaycan dövlətini uğurla inkişafa aparır. Mən əminəm ki, bundan sonra da belə olacaq. Ona görə də cəmiyyətdə bu gün cənab İlham Əliyevə qarşı böyük məhəbbətdən doğan sosial sifarişlər var. Bu, Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndində olan məhdudiyyətin aradan qaldırılması təklifidir.
Xalq onu da yaxşı bilir ki, bu gün Prezident İlham Əliyevdən başqa digər bir şəxs ölkəni sürətli inkişaf yoluna çıxara bilməyəcəkdir. Ona görə də yenidən İlham Əliyevi prezident kürsüsündə görmək istəyirsə, bunun qarşısı niyə alınmalıdır? Hesab edirəm ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər çox demokratik və ədalətlidir. Eyni zamanda, bu əlavə və dəyişikliklər xalqın mənafeyinə əsaslanır. İnanıram ki, xalq martın 18-də keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri reallaşdıracaq.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...