PDF Oxu

İqtisadiyyat

  • 13

Tikinti sektoru investsiya qoyuluşuna və cəlbediciliyinə görə, qeyri-neft bölməsində əsas sahələrindən biridir

Tikinti sektoru investsiya qoyuluşuna və cəlbediciliyinə görə, qeyri-neft bölməsində əsas sahələrindən biridir
Ötən il Azərbaycanın istehlak bazarında qiymətlərin təxminən 10-12 faiz aşağı düşməsi qeydə alınıb. Ərzaq mallarının qiymətləri 8 faiz, tikinti və məişət mallarının qiymətləri isə 15 faizdən çox ucuzlaşmağa məruz qalıb. Sonuncu bölmələr üzrə qiymət dəyişiklikləri respublikamızın tikinti sektorunda aktivliyə təsir etməsə də, mənzil bazarında satışın həcminin azalması ilə müşayiət olunub.
Bundan başqa, rielitor birliklərinin statistik göstəricilərinə əsasən, dünya bazarında baş verən böhran nəticəsində respublikamızın sənaye, maşınqayırma, metallurgiya və real sektorun digər sahələrində istehsal məhsullarının qiymətlərinin ucuzlaşması daha çox inşaat məhsullarının və tikinti-quraşdırma bölməsində istifadə edilən dövriyyə vəsaitlərinin də dəyərinə təsirini göstərib.
Azərbaycanın mənzil bazarına qiymət dəyişiklikləri müxtəlif sahələr üzrə nəzərə çarpır. Belə ki, yeni tikilən yaşayış binalarında mənzillərin dəyəri 10 faiz, köhnə binalarda isə 20 faizdən də çox aşağı düşüb. Eləcə də, torpaq sahələri üzrə qiymət enməsi müşayiət olunmaqdadır. Ümumilikdə, köhnə binalardakı və yeni tikilən binalardakı mənzillərin ucuzlaşması Azərbaycanın daşınmaz əmlak bazarında tələbin azalmasına gətirib çıxarıb. Amma mənzil bazarında qiymətlərin aşağı düşməsini tikinti şirkətlərinin sifarişlərinin azalması və tikintidə böhran anlamı yaratmır. Rəqəmlərə baxsaq, ötən il Azərbaycanda ötən il bütün maliyyə mənbələri hesabına tikinti-quraşdırma işlərinin həcminin 12 faizdən çox artdığını görmək olar. Mənzillərə ehtiyacın yüksək olması və bu sahənin əhalinin ən çox tələbi ilə müşahidə olunan sektor kimi diqqəti cəlb etməsi, bu ildə də tikintinin dinamikasının artım tempi ilə davam etməsini şərtləndirir. Bu gün mənzilə ehtiyacı olan vətəndaşların sayı real təklif olunan mənzillərin sayından bir neçə dəfə çoxdur. Vətəndaşların illik mənzilə ehtiyacı təxminən 4-5 mln kv m təşkil edir. Bir ildə istifadəyə verilən mənzil fondunun ümumi sahəsi isə təxminən 1 mln 500 min kv m-ə bərabərdir. Məsələn ötən il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 mln 560 min mln kv m təşkil edib ki, bu da tələbin 30 faiz ödənilməsi deməkdir. Yeri gəlmişkən, hazırda tikintidəki dinamika son 30 ildə Azərbaycanın tikinti bölməsində rekord göstərici sayıla bilər. 1970-1980-ci illərdə Azərbaycanda tikinti-inşaat sektorunun pik dövründə istifadəyə verilən mənzil fondu 1 mln 200 min kv m-dən çox deyildi. Demək, il ərzində ən yüksək göstərici ilə nəticələnən mənzil fondu qeydə alınsa belə, bu, vətəndaşların mənzilə olan ehtiyacının 20-25 faizini güclə ödəyir. Bu faktor bir daha təsdiq edir ki, tikinti bölməsi ən çox ehtiyac duyulan sahə sayılır.
Tikinti sektorunda qiymətlərin ucuzlaşması bu sahənin dinamikasının azalması demək deyil. Yəni, burada alıcılıq qabiliyyətinin azalmasından tutmuş material xərclərinin dəyişməsi və digər məsələlər başlıca yer tutur. Tikinti materiallarının ucuzlaşması son aylarda xaricdən ölkəmizə gətirilən materiallarla bağlı hesab oluna bilər. Tikintidə istifadə olunan armatur, taxta, şifer, daş, kərpic, dəmir təbəqələr, laminat-parket və digər materiallar əhəmiyyətli dərəcədə ucuzlaşıb. Bu amil tikintinin maya dəyərinə təsir göstərir və hər mənzilin kv m-nin maya dəyərinin təxminən 15-20 faiz ucuzlaşması, sırf bazar konyukturasının tələbi ilə baş verir. Bundan başqa, qiymətlərin ucuzlaşmasına səbəb olan amillərdən biri vətəndaşların nağd pul vəsaitləri ilə bərabər, qiymətli kağızların və digər maliyyə alətlərindən az istifaədə etməsi ilə bağlıdır. Yəni, dünya maliyyə böhranı ilə əlaqədar qiymətli kağızlar və mənzil sertifikatları da ucuzlaşıb. Qiymətli kağızların ucuzlaşması vətəndaşların bu kağızlarla ehtiyatlı şəkildə davranmaq tendensiyası yaradıb. Vətəndaşlar bu kağızlarla mənzil almağa ehtiyatla yanaşırlar. Bu isə mənzil bazarında satış imkanlarına təsir edir. Eləcə də, tikinti sektorunda bankların kreditləşməni məhdudlaşdırması tikinti bölməsinə yönələn vəsaitlərin azalması ilə nəticələnib ki, bu da alış və satış tempinə öz təsirini göstərir. Amma bununla belə, Azərbaycanın tikinti qeyri-neft bölməsinin əsas sahələrindən biri kimi aktivliyini qoruyub saxlayır və tikinti investsiya qoyuluşu həyata keçirilən ən cəlbedici sektordur.

Digər xəbərlər