PDF Oxu

İqtisadiyyat

  • 12

Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı yekun konfrans keçiriləcək

Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı yekun konfrans keçiriləcək
Yaxın günlərdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı yekun konfrans keçiriləcək. Sənəddə nəzərdə tutulmuş kompleks tədbirlərin yerinə yetirilməsində iştirak etmiş dövlət strukturlarının nümayəndələrinin, iş adamlarının, sahibkarlıq subyektlərinin, beynəlxalq maliyyə qurumlarının əməkdaşlarının iştirak edəcəyi tədbirdə regionların inkişafı ilə bağlı həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına mühüm təsirləri barədə məruzələr diqqətə çatdırılacaq.
Xatırladaq ki, Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilib və 2004-2008-ci illərdə həyata keçirilib. Respublikanın bütün bölgələrinin bərabər və tarazlı şəkildə inkişaf etməsində mühüm rol oynayan bu sənəd ötən 5 il ərzində ölkəmizin davamlı inkişafını təmin etməklə bərabər, iqtisadiyyatda dinamik inkişafı sürətləndirib. Bölgələrdə yaradılmış yeni istehsal və emal müəssisələri, turizm, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur, və digər obyektlər rayonların simasının dəyişməsinə səbəb olmaqla bərabər, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayıb.
Dövlət Proqramının icrası bölgələrdə elektrik enerjisi, qaz və su təchizatı sahəsində köklü dəyişikliklərə səbəb olub, əhalinin həmin xidmət növləri ilə keyfiyyətli və fasiləsiz təmin olunmasında mühüm rol oynayıb. 2004-2008-ci illərdə regionlarda 8 elektrik stansiyası tikilib istifadəyə verilib. Əhalinin təbii qazla təminatın yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Respublikanın əksər yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb. Ölkədə qazlaşdırmanın səviyyəsi 62 faizdən 85 faizə çatıb. Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilmiş layihələr bu sahədə ortaya çıxan problemlərin aradan qalxmasına imkan verib. Bu illər ərzində regionlarda 723.5 km yeni su xətləri, 209.31 km kanalizasiya xətləri çəkilib, 23 su anbarı qurulub, 214 artezian quyusu istifadəyə verilib. İstilik təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb. Regionlarda 75 qazanxana tikilib istifadəyə verilib, 72 qazanxana əsaslı təmir olunub. Nəqliyyat və rabitə infrastrukturda keçirilən tədbirlər də bölgələrin iqtisadi-sosial həyatına təsir göstərib. Bu müddətdə nəqliyyat bölməsində 2,9 dəfə artım müşahidə olunub. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 149,6 km yeni magistral yol çəkilib, 887,4 km magistral, 615,6 km respublika əhəmiyyətli və 2728 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb, 69 yeni körpü tikilib, 34 körpü təmir edilib. 4 beynəlxalq tipli aeroport -Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində hava limanları müasir standartlara uyğun yenidən qurularaq istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq rabitə və informasiya texnologiyaları sektorunda da əhəmiyyətli dəyişikliklər əldə olunub. 2004-2008-ci illərdə regionlarda 632 ATS, 610 yeni poçt binası istifadəyə verilib. Proqramda nəzərdə tutulmuş tədbirlərin böyük bir hissəsi təhsil bölməsini əhatə edir. Ötən beş ildə 1600 təhsil müəssisəsi tikilib istifadəyə verilib. Bölgələrdə 275 yeni məktəb tikilib, 152 məktəb isə əsaslı şəkildə təmir olunub. Bir sıra orta məktəblərdə 12360 şagird yerlik 619 sinif otağı tikilib istifadəyə verilib. Səhiyyə ocaqlarının tikintisi və yenidən qurulması da geniş vüsət alıb.
2004-2008-ci illərdə 240-dan çox yeni tibb müəssisəsi yaradılıb. Regionlarda 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika müəssisəsi, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi tikilib istifadəyə verilib. Bölgələrdə 17 müasir olimpiya-idman kompleksi inşa olunub. Ötən illər ərzində regionlarda əlillər və şəhid ailələri üçün 49 yaşayış binası, əlillər üçün 13 bərpa mərkəzi tikilib.
Dövlət Proqramı çərçivəsində yeni iş yerlərinin yaradılması da böyük miqyas alıb. 2009-cu ilin yanvarınadək respublikamızda 766 min 277 yeni iş yeri yaradılıb. Onların 547 min 573-ü daimidir. İş yerlərinin 80 faizi regionların payına düşür. Son 5 ildə 27 min 572 yeni müəssisə yaradılıb. Onların 88 faizindən çoxu xüsusi mülkiyyətə malikdir. Müəssisələrin 5.6 faizi Abşeron, 5.2 faizi Gəncə-Qazax, 3.1 faizi Şəki-Zaqatala, 3.9 faizi Lənkəran, 2.3 faizi Quba-Xaçmaz, 10.8 faizi Aran, 2.0 faizi Yuxarı Qarabağ, 0.5 faizi Kəlbəcr-Laçın, 1.2 faizi Dağlıq Şirvan, 4.4 faizi Naxçıvan iqtisadi rayonlarının payına düşür.

Digər xəbərlər