İsveçrə şirkəti Supsa l imanından neft ixrac edəcək
Dövlət Neft Şirkətinin məlumatına əsasən, "28 May" NQÇİ-yə məxsus "Günəşli" yatağındakı 13 nömrəli platformadan SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən 249 nömrəli yüksək debitli quyu istismara verilib.
Məlumatda deyilir ki, quyu 3900 metr dərinlikdən sutkada 200 min kubmetr qaz, 50 ton kondensat verir. 20 quyunun qazılması üçün nəzərdə tutulan 13 nömrəli platforma 24 may 2004-cü ildə istismara verilib. Ötən 4 il ərzində platformadan 12 quyu qazılaraq fəaliyyətdə olan fonda daxil edilib. Quyular ümumilikdə sutkada 2,5 milyon kubmetr qaz, 660 ton neft və 300 ton kondensat verir. 2009-cu il "28 May" NQÇİ üçün uğurlu başlayıb. Belə ki, ilin əvvəlindən bəri fəaliyyətdə olan fonda 3 yeni, yüksək debitli quyu daxil edilib ki, bunun sayəsində sutkalıq qaz hasilatı 0,5 milyon kubmetr artıb.
Həmçinin, məlum olduğu kimi, fevralın 5-də ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 6-7 mart 2009-cu il tarixlərində Supsa limanından 600 min barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan etmişdir. ARDNŞ-nin məlumatına görə, sorğunun nəticələrinə əsasən, İsveçrənin "Taurus Petroleum Limited" şirkəti qalib gəlib.
Bundan başqa, fevralın 10-da ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 8-10 mart tarixlərində Ceyhan limanından 1 milyon barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Fevralın 12-də, yəni bu gün yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.