Ötən il abonentlərin su xətləri üzərində 120531 sayğac quraşdırılıb
N.Məmmədov bildirdi ki, son illərdə ölkə iqtisadiyyatının yüksək sürətli inkişafı nəticəsində Azərbaycan dünya dövlətləri arasında önəmli yer tutaraq lider dövlətə çevrilib: "Bu dinamik inkişafın təməli ümummilli liderimiz Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində bu gün, bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli əsas prioritet kimi diqqət mərkəzindədir. Bu gün su təchizatı sektoruna dövlət qayğısını nəticəsidir ki, bir çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilməkdədir".
Cəmiyyətin sədri 2008-ci ildə görülən işlər barədə məlumat verərək bildirdi ki, "Azərsu" ASC maliyyə təsərrüfat fəaliyyətinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı", Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına uyğun olaraq yaşayış məntəqələrində suya olan tələbatın ödənilməsi və tullantı suların axıdılması xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən olunmuş proqram əsasında həyata keçirmişdir.
N.Rzayev 2008-ci ildə respublikanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün müxtəlif diametri 252,2 km uzunluğunda su xəttinin çəkildiyini dedi. Onun sözlərinə görə, ötən il 85,4 km uzunluğunda kanalizasiya kollektoru quraşdırılıb, 3 suqəbuledici qurğu, 2 kanalizasiya nasos stansiyası, 4 istehsalat binası tikilib, 7 subartezian quyusu qazılıbdır. Hesabat dövründə ümumi həcmi 15350 m olan 9 su anbarı tikili, gücü sutkada 16000 m olan 1 təmizləyici qurğu yenidən qurulub, ümumi gücü sutkada 206200 kubmetr olan 3 təmizləyici qurğular kompleksinin tikintisi üzrə işlər davam etdirilib. Həmçinin, regionlarda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və yeniləşdirilməsi məqsədilə müvafiq tədbirlər yerinə yetirilərək, hər bir rayon üzrə konkret iş proqramı müəyyən edilib, irimiqyaslı tikinti-quraşdırma işləri aparılmışdır. Görülən işlərin davamı olaraq 2008-ci ildə regionlarda 126,1 km uzunluğunda su xətti, 16,9 km uzunluğunda kanalizasiya xətti çəkilib, həcmi 50 m olan 1 ədəd su anbarı, 2 kanalizasiya nasos stansiyası, 3 suqəbuledici qurğu, 4 istehsalat binası tikilib, 7 subartezian quyusu qazılıb. Bundan başqa gücü sutkada 5000 m olan 1 ədəd təmizləyici qurğular kompleksi tikilir.
N.Rzayev bu işlərin respublikanın bütün rayonlarında həyata keçirildiyini də qeyd etdi: "Daşkəsən şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 1,9 km uzunluğunda su xətti və 4,0 km uzunluğunda kanalizasiya xətti çəkilmiş və şəhərin su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılmışdır. Qobustan rayonunun yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq məqsədilə 5,9 km uzunluğunda su xətləri çəkilərək, istehsalat binası tikilib. Dəvəçi şəhərinin kanalizasiya şəbəkəsinin tikintisinin təmin edilməsi məqsədilə müxtəlif diametrli, 4,1 km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Tovuz rayonunda içməli suya olan tələbatın yaxşılaşdırılması məqsədi ilə Tovuz-Zəyəmçay magistral su kəməri sistemində diametri 530 mm olan 20 km uzunluğunda su xətti çəkilmişdir. Layihə üzrə işlər davam etdirilir".
Cəmiyyətin sədri keçirilən proqramlar çərçivəsində Bakı şəhəri və ətraf qəsəbələr və Abşeron yarımadasında yerləşən digər yaşayış məntəqələrində 126,1 km uzunluğunda su xətti, 45.1 km uzunluğunda kanalizasiya xəttinin çəkildiyini dedi: "Ümumi həcmi 15,3 min m olan 8 su anbarı tikilmiş, gücü sutkada 16 min m olan 1 təmizləyici qurğular kompleksi yenidən qurulmuş, gücü sutkada 1200 m olan 1 təmizləyici qurğular kompleksinin tikintisi davam etdirilmişdir. O cümlədən, Bakı şəhərində məhəllədaxili su şəbəkələrinin genişləndirilməsi üçün müxtəlif diametrli 17,4 km uzunluğunda su xətləri çəkilmişdir. Buzovna qəsəbəsinin kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə diametri 400 mm, uzunluğu 6,9 km olan drenaj xətti quraşdırılmışdır. Bakı şəhərinin Şüvəlan qəsəbəsində məhsuldarlığı sutkada 16000 kubmetr olan təmizləyici qurğunun iki növbəsinin (8000 kubmetr sutka) tikintisi başa çatdınlmışdır. Keşlə qəsəbəsində uzunluğu 12,4 km olan müxtəlif diametrli su xətləri, uzunluğu 5,3 km olan müxtəlif diametrli kanalizasiya xətləri çəkilmişdir".
N.Rzayev "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Plan"ına müvafiq olaraq, Abşeron yarımadası və Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı işlənmiş müvafiq layihələr üzrə tikinti-quraşdırma işlərinin aparıldığını bildirdi: "Hesabat dövründə bu proqram üzrə 23,4 km uzunluğunda kanalizasiya xətləri çəkilib. Gücü sutkada 200000 kubmetr olan təmizləyici qurğular kompleksinin tikintisi davam etdirilib. O cümlədən, Bibiheybət zonasında yerləşən 32 saylı açıq kanalın qapalı kollektora çevrilməsi üçün diametri 1000 mm, uzunluğu 1,9 km olan kanalizasiya kollektoru tikilib. Bülbülə gölünə axan çirkab sularının qarşısnın alınması üçün diametri 830 mm, uzunluğu 12,1 m olan təzyiqli kanalizasiya kollektoru quraşdırılıb. Böyükşor gölünə axan çirkab suların qarşısının alınması üçün müxtəlif diametrli, uzunluğu 7,2 km olan kanalizasiya kollektorları tikilib və kanalizasiya şəbəkəsi yaradılıbdır. Hövsan açıq kanalın qapalı tipdə yenidən qurulması məqsədilə diametri 2000 mm, uzunluğu 4,6 km olan kanalizasiya kollektoru quraşdırılıb. Layihə üzrə işlər davam etdirilir. Ümumilikdə, son 5 ildə respublikanın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün müxtəlif diametrli borularla 736,7 km uzunluğunda su xətləri, 367,4 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, ümumi tutumu 39,6 min m olan 36 ədəd su anbarı tikilmiş və ümumi tutumu 117 min m olan su anbarları yenidən qurulmuş, 22 ədəd su nasos stansiyası, 28 ədəd suqəbuledici qurğu tikilmiş, 124 ədəd artezian və subartezian quyuları qazılmış, ümumi məhsuldarlığı sutkada 26 min m olan 2 ədəd kanalizasiya təmizləyici qurğusu tikilmiş, 13 ədəd kanalizasiya-nasos stansiyası tikilmiş, 12 ədəd kanalizasiya-nasos stansiyası yenidən qurulmuşdur. Bu dövrdə istismara yararsız olan 150,8 km uzunluğunda su xətti, 13,3 km uzunluğunda kanalizasiya xətti təmir olunmuş, 674 elektrik mühərriki və 439 su nasosu yenisi ilə əvəz olunmuş və yaxud təmir olunmuş, 32,0 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi həcmi 107,3 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmiş, 12 su təmizləyici qurğu, 754 artezian və subartezian quyuları, 61 kanalizasiyanasos stansiyası təmir olunmuş, su və kanalizasiya xətlərində baş verən qəza hadisələri operativ qaydada aradan qaldırılmış və digər tədbirlər həyata keçirilmişdir".
Ötən il ərzində abonentlərin su xətləri üzərində 120531 su sayğacı quraşdırıldığını deyən cəmiyyətin sədri onu da bildirdi ki, 118632 nəfər əhalinin evlərinə su sayqacları quraşdırılıb. Bunlardan 1899-u müəssisə və təşkilatlar üzrədir. O cümlədən, Bakı şəhərində hesabat dövründə 93429 sayğac quraşdırılıb ki, bunun da 92166-sı əhali, 1263-ü müəssisə və təşkilatlar üzrədir, Ümumiyyətlə, ötən il sayğac quraşdırılan əhalinin sayı 312185-ə çatmışdır.
Yığım səviyyəsiilə ötən il istehlakçılara göstərilən su və kanalizasiya xidmətləri haqqının yığım səviyyəsinin 67,6 faizə çatdırıldığını deyən N.Rzayev əhali üzrə 46,7 faiz olduğunu bildirib. Bakı şəhərinə yüksək keyfiyyətli içməli suyun verilməsi üçün təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan cəmiyyətin sədri ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşması cəmiyyətin fəaliyyət proqramında mühüm yer tutub: "Bakı şəhərinə içməli bulaq suyu gətirəcək bu layihəyə görə Oğuz-Qəbələ rayonları ərazisindən götürüləcək, məhsuldarlığı saniyədə 5 kubmetr olan yüksək keyfiyyətli içməli bulaq suyu şəhərə öz axını ilə nəql ediləcəkdir. Şüşə lifli poliester borulardan quraşdırılan bu su kəmərinin tikintisi "Turan Xəzinədaroğlu İnşaat və Ticarət", "Tekser İnşaat Sanaye və Ticarət" Anonim Şirkəti - "Gəncə Körpü Tikinti 2" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilir. Eyni zamanda, beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstəklənən, respublika regionların su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına yönəlmiş layihələr üzrə işlər davam etdirilir. Bundan başqa, Ağcabədi, Balakən və Beyləqan rayonların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyələşdirilməsi məqsədilə Asiya İnkişaf Bankı ilə danışıqlar aparılır. Kredit sazişinin 2009-cu ildə imzalanması nəzərdə tutulmuşdur".
N.Rzayev onu da bildirdi ki, Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və tullantı suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Fransa hökumətinin ayırdığı kredit hesabına Hövsan aerasiya stansiyasının genişləndirilməsi, 2 saylı Zığ nasos stansiyasının və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması planlaşdırılır. Layihə çərçivəsində 2 saylı Zığ kanalizasiya-nasos stansiyasının məhsuldarlığı sutkada 200 min kubmetrə çatdırılaraq yenidən qurulmuşdur. 2 saylı Zığ kanalizasiya- nasos stansiyasından Hövsan təmizləyici qurğusuna diametri 1000 mm olan 5100 metr uzunluğunda 3 ötürücü xəttin dəyişdirilməsi, Hövsan Aerasiya Stansiyasında gündəlik gücü 160 min kub metr olan yeni texnoloji xəttin tikintisi, bütün stansiya üçün hava diffuziya sisteminin yeniləşdirilməsi, yeni qumtutan qurğu, iki ədəd aerotank, 4 ədəd durulducu, lil durulducu binanın və iki ədəd aktiv lil xəttinin tikilməsi və nəticə etibarilə mövcud stansiyanın məhsuldarlığının sutkada 640 min kubmetrə çatdırılması, 700 min nəfərdən artıq əhalisinin su təchizatı və kanalizasiya xidmətləri ilə təmin edilməsi də nəzərdə tutulur.
Sonda cəmiyyətin sədri KİV nümayəndələrinin suallarını cavablandırdı.