“Günəşli” yatağında yeni quyu istismara verilib
"28 May" NQÇİ-nin işlədiyi "Günəşli" yatağındakı 14 saylı platformada 76 saylı yüksək debitli quyu istismara verilib. Dövlət Neft Şirkətinin məlumatına əsasən, quyu 3400 m dərinlikdən sutkada 250 min kub m qaz və 40 t kondensat verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont mövcuddur. 1988-ci ildə istismara verilmiş 14 saylı platforma "Günəşli" yatağındakı ən böyük platformalardandır. İlkin olaraq 24 quyunun qazılması üçün nəzərdə tutulan platformaya 2003-cü ildə 12 quyuluq əlavə blok birləşdirilmişdir. Ötən 21 il ərzində "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən platformadan 35 quyu qazılmışdır. Hazırda buradan gündəlik olaraq 2200 ton neft və kondensat, 5 mln 500 min kub m qaz hasil edilir. Dənizdə neft-qaz hasilatının flaqmanı sayılan "28 may" NQÇİ-nin işlədiyi platformalardan 2008-ci ildə 5 milyon 282 min t neft (ARDNŞ-nin ümumi hasilatının 70%-ni təşkil edir) və 6,5 mlrd kub m qaz (şirkətin qaz hasilatının 80%-dən çoxu) hasil edilmişdir. Qaz hasilatı 2007-ci illə müqayisədə 143% artmışdır.